Gələn ildən Azərbaycana idxal olunan və istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Vergi Məcəlləsinə əsasən, aksiz dərəcəsi minik avtomobillərinin mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə 0, 30 manat, mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 600 manat + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 5 manat, mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 18600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 35 manat, mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 53600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 70 manat olmaqla hesablanır.
Hazırda idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcəsi yuxarıda qeyd edilən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1,2, dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanır.
Layihəyə əsasən, 2026-cı il yanvarın 1-dən Azərbaycana idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcəsi hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1,5, dizel mühərrikli minik avtomobillərinə isə 2 yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq.












