“Bu gün onun qəbri yoxdur ki, gedib ziyarət edək” - Atası Şuşada əsir götürülən tanınmış jurnalist

  • By admin
  • 09 Noyabr 2020 19:47

Şuşanı 11 yaşında tərk edən və o vaxtdan bəri vətən-yurd nisgilinə ancaq yuxularında son qoyan “Kaspi” qəzetinin jurnalisti Bəxtiyar Məmmədli zəfər duyğularını bizimlə bölüşüb.

Gununsesi.info jurnalistlə müsahibəni təqdim edir:

– Bəxtiyar bəy, gəlin bir az keçmişə qayıdaq, sizin Şuşa xatirələrinizə…

– Şuşanı 11 yaşımda tərk etmişəm. Təəssüf ki, evimizin açarları bizdə deyil, elə bir dövrdə çıxmışdıq ki, götürə bilməmişdik… Amma bu gün Şuşada evimizin yerini gedib gözüyumulu tapa bilərəm. Xocalı hadisəsindən sonra uşaq olduğum üçün bacılarımla birlikdə Şuşadan tez çıxarılmışdıq. Şuşa mənim üçün bir yuxu idi, yuxularımda görməyəndə o yerlər üçün çox darıxırdım. Uşaqlığımın ən fərəhli illəri Şuşada keçib. Müharibə başlayana qədər o illər ərzində Şuşanın bir çox görməli yerlərini gəzmişəm, dolaşmışam. Bütün bunlar həmişə bir film lenti kimi gözümün önündə canlanırdı… Mənim üçün unudulmaz yerləri çoxdur. Bağçaya getdiyim dövrlər, qohumlarımızla toplaşıb İsa bulağına getməyimiz, Daşaltında moruq və böyürtkən yığmağa getməyimiz indiki kimi yadımdadır. SSRİ dönəmində uşaqlar Şuşada keçirilən may bayramını xüsusilə gözləyərdi, əllərimizdə bayraqlarla, şarlarla yürüşə çıxardıq. Bütün bunları xatırlayanda boğazımda həmişə bir qəhər düyünlənirdi, çətin idi yada salmaq. Müharibə uşaqlığımın üstündən xətt çəkdi, atam əsir düşdü, Şuşanın işğalından sonra isə məcburi köçkün həyatımız başladı.

– Atanızı necə xatırlayırsınız?

– Atam Məmmədov Feruz Heydər oğlu uzun illər Şuşada mühasib kimi çalışıb. Qarabağ müharibəsi başlayandan sonra 51 yaşında 816 saylı Şuşa özünümüdafiə batalyonuna hərbçi kimi yazılmışdı. 1992-ci ildə isə atam ermənilər tərəfindən əsir götürüldü. Əsir götürüləndən bir müddət sonra xəbərlər gəlirdi, Azərbaycana qaytarılan digər əsirlər atamı gördüklərini deyirdilər. Bir müddət keçdikdən sonra nə qədər çalışsaq da, atam barədə heç bir məlumat öyrənə bilmədik, bütün nəticələrimiz puç oldu. Nə ölüsündən, nə də dirisindən xəbər tuta bildik… Bu gün atamın qəbri yoxdur ki, gedib ziyarət edək. Sadəcə onu bilirik ki, atam əsirlikdə olarkən işgəncələrə məruz qalıb… Bu barədə danışmaq həqiqətən ağırdır. Bu vaxta qədər atamın başına gələnlərdən söz açmamışam. Qələbə gününü gözləyirdim ki, yaralarımı dilə gətirim… Atamın 51 yaşında orduya yazılması ilə həmişə qürur duymuşam, Şuşanın işğaldan azad olunmasına həm də ona görə sevinirəm ki, atam və digər şəhidlərimizin ruhu indi şaddır. Dayım Məmmədov İlham Allahyar oğlu Ağdamın Fərrux dağında gedən döyüşlərdə şəhid olub. Bu gün ailəmizlə birlikdə Şəhidlər xiyabanında onun qəbrini ziyarət etdik.

– Atanız yuxularınıza gəlirdimi?

– Bəlkə də uşaqlıq dövründə yaşadığım travmaların nəticəsidir ki, yuxularımda tez-tez müharibə epizodları görürdüm. Sərt adam olduğundan atam nizam-intizam, təlim-tərbiyə qaydalarına ciddi nəzarət edirdi. Hansısa səhvim olanda atam yuxuma girir və tapşırır ki, o səhvimi düzəldim… Hər Şuşa xəbərini oxuyanda yuxuma gəlirdi. Çox sevinirəm ki, yuxularımın reallığa çevrilməsinin şahidi ola bildim, bu tarixi yaşaya bildim. Şuşa həsrəti, yurd nisgili artıq yuxularda deyil, real həyatda bitəcək.

– Şuşanın və işğal altındakı digər şəhər və bölgələrimizin azad olunacağını gözləyirdiniz?

Lazolvan

– Anam Nailə xanım bizi böyütmək, boya-başa çatdırmaq, ali-təhsil vermək üçün nə qədər əziyyətlər çəksə də, Şuşanın nə vaxtsa qayıdacağı ümidi ilə yaşayıb. Anam səbirlə bu günü gözləyirdi. Jurnalist dostlarımıza da həmişə deyirdim ki, biz bir gün mütləq Şuşaya qayıdacağıq. Bizə qanad verən bu ümidlər olub, biz bu arzularla ayaqda qala bilmişik.

Şuşa xəbərini alanda ilk ağlımdan keçən o oldu ki, artıq şəhidlərimizin ruhu rahatlıq tapdı. Uçmağa qanadımız yox idi. Ali Baş Komandanımız və Azərbaycanın şanlı Ordusu sağ olsun ki, bizə bu sevinci yaşatdılar. Bu, onların sayəsində mümkün oldu. Canını vətən uğrunda qurban verən şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

– Şuşaya yenidən qovuşacağınız günlə bağlı planlar qurmağa başlamısınız?

– Arzularımızın həyata keçməsinə bəlkə də bir neçə ay qalıb. Hamımız bir nəfər kimi Şuşaya gedəcəyik, əvvəlkindən də gözəl bir şəhər yaradacağıq. Şuşa üçün hər kəs əlindən gəldiyini edəcək ki, dədə-baba yurdundan, tarixi torpaqlarımızdan bir daha didərgin düşməyək! Bu, bizim şəhidlərimizin ruhu qarşısında ödəməli olduğumuz borcumuzdur.

– Bu illər ərzində yaşadığınız travma və ağrıları silə bilməsək də, bu gün Şuşa hər bir azərbaycanlı üçün doğulub boya-başa çatdığı yer qədər doğmadır. Şuşanın Azərbaycan üçün tarixi əhəmiyyəti və önəmini nə ilə izah edirsiniz?

– Bu iki gün ərzində Şuşanın Azərbaycan üçün hansı məna və əhəmiyyət kəsb etdiyini hər kəs gördü. Bu gün hər kəs şuşalıdır. Şuşa bizə heç vaxt heç kəsin yaşamadığı duyğuları yaşatdı. Şuşa Azərbaycan üçün mənəvi paytaxt olduğunu bir daha təsdiqlədi. Şuşa Azərbaycanın göz bəbəyi, qeyrəti və namusu idi. Şuşa həm coğrafi, həm siyasi, həm də mənəvi dəyəri olan bir yer idi. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə həlak olan bütün şəhidlərimizin qarşısında baş əyirəm ki, müharibənin həlledici açarı olan Şuşanı bizə qaytardılar.

Gununsesi.info