Çavuşoğlu ermənilərə həddini bildirdi - İrəvan nəticə çıxaracaqmı?

  • By admin
  • 25 Avqust 2022 10:31

Ermənistanla münasibətləri normallaşdırmağa çalışan Türkiyə rəsmi İrəvana xəbərdarlıq edib. Qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, artıq Ermənistan Azərbaycanın tələblərinə əmək edərək, sülh danışıqlarında destruktiv mövqedən əl çəkməlidir. Erməni vandallarının Laçında yanğınlar törətdiyini deyən XİN başçısı İrəvanı son hadisələrdən dərs çıxarmağa çağırıb.

“Bizimlə əlaqələrin normallaşmasını istəyirlərsə, Azərbaycanın istədiklərini etməlidirlər. Azərbaycan deyir ki, vətəndaşlığımızı qəbul edən ermənilər Qarabağda yaşaya bilərlər. Bundan artıq Azərbaycan daha nə etsin?”, – Türkiyə XİN başçısı vurğulayıb.

Çavuşoğlunun çıxışı əslində nədən xəbər verir?

Bu barədə Modern.az-a danışan Türkiyə-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvü Elşad Mirbəşiroğlu bildirib ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun yanaşması obyektivdir. Onun fikrincə, Azərbaycanın haqlı mövqedən çıxış etməsi, bölgədə sülhü, əməkdaşlığı təmin etməyə çalışması onu göstərir ki, doğrudan da, Çavuşoğlunun yanaşmasına alternativ yoxdur.

Deputat hesab edir ki, Ermənistan Türkiyə və Azərbaycanın tələblərini yerinə yetirməyənədək sülh olmayacaq:

“Azərbaycan öz imkanı hesabına erməni işğalını aradan qaldırdı. İndi isə Azərbaycanın istəyi ondan ibarətdir ki, imzalanan sənədlərə uyğun addım atılsın. 2020-ci ilin noyabr ayında imzalanan üçtərəfli birgə bəyannamənin müddəaları Azərbaycan tərəfindən həyata keçirilir. Ancaq Ermənistan bu müddəaları yerinə yetirmir. Bundan əlavə, Azərbaycan Ermənistana sülh sazişi üçün öz şərtlərini irəli sürmüşdü. Ölkəmizin təqdim etdiyi şərtlər çox ədalətlidir. Orada ən vacib məqamlardan biri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsi ilə bağlı idi. Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsə, biz Ermənistanla sülh sazişi bağlaya bilərikmi, təbii ki, yox. Ermənistan yenə də təxribat törətmək istəyirsə, sərhədlərin delimitasiya və demarkasiyasını aparmaq istəmirsə, biz necə onunla sülh sazişi bağlaya bilərik? Digər yandan Ermənistan yenə də Azərbaycan ərazisində yaşayan ermənilərin statusu məsələsini gündəmə gətirirsə, bizim onunla danışıqlarımız baş tuta bilməz. Buna görə də, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu doğru deyir ki, Ermənistan Azərbaycanın dediklərinə uyğun davranmalıdır. Çünki Azərbaycanın dedikləri ədalətlidir, haqlıdır. Regionda sülhə və təhlükəsizliyə səsləyir. Eyni zamanda, gələcək əməkdaşlığın səmərəliliyini şərtləndirir. Bu siyasət regional əməkdaşlıq sisteminin qurulmasına imkan verəcək”.

Parlamentarinin sözlərinə görə, Ermənistanın Çavuşoğlunun dediyi kimi davranmaqdan başqa yolu yoxdur:

“Bu baxımdan mən düşünürəm ki, Ermənistan Azərbaycanın dediyi bütün tələblərə əməl etməlidir. Onsuz da Ermənistanın başqa manevr imkanı yoxdur. Bizi onlarla sadəcə dioloqa girmədiyimizi, yeri gələndə Azərbaycan ərazisində yaşayan ermənilərin təxribatlarının qarşısını sərt şəkildə aldığımızı göstərdik. “Qisas” əməliyyatı buna əyani sübutdur. Ermənistan da bundan nəticə çıxarmalı, bilməlidir ki, danışıqlar dövrü bitdi”.

Çavuşoğlunun xəbərdarlığının Ankara-İrəvan danışıqlarına necə təsir edəcəyinə gəlincə, deputat deyib:

“Türkiyə ilə münasibətlərin normallaşdırılması Emənistanın özünə lazımdır. Bu, Türkiyəyə gərək deyil. Pis vəziyyətdə qalmış Ermənistan qonşularla münasibətləri normallaşdırmalıdır. Onun başqa yolu yoxdur.  Bu saat Ermənistanın bir dövlət kimi mövcudluğu təhlükə altındadır. Ermənistanın nəyəsə etiraz etmək imkanı mövcud deyil. Ermənistan sağlam məntiqə söykənərək Azərbaycanın yaratmış olduğu reallıqları qəbul edib, ona uyğun davranmalıdır. Düşünmürəm ki, Çavuşoğlunun bu yanaşması Türkiyə ilə Ermənsitan arasında normallaşdırma prosesinə hansısa formada təsir göstərsin”.