Dost olmaq istəsən birisiylə sən,
Gərək söz dinləyən bir dost seçəsən.
İnsan ictimai bir varlıqdır. Həyatda yaşamaq üçün başqa insanlara və ünsiyyətə möhtacdır. Bu, ilahi qanundur. Tanrı
insanı bu cür fitrətlə yaratmışdır. Dolayısilə, hər bir bəşər övladı həyatın enişli-yoxuşlu yollarında qarşısına çıxan maddi-mənəvi əngəllərin öhdəsindən gəlmək üçün başqa insanların maddi-mənəvi yardımına ehtiyac duyur.
Elə insanlar vardır ki, özümüzü onlara daha yaxın hiss edirik.
Çünki onlar bizim dost və yoldaşlarımızdır. Nə vaxt çətinə düşsək, elə o an köməyimizə çatırlar.
Dost sözü fars mənşəli olub “sevilən adam, yoldaş, sevgili, yar” mənalarını verir. Dini ədəbiyyatda bu məfhum “sədaqət,üxuvvət, söhbət” kəlmələri ilə ifadə edilir.
Sədaqətli və səmimi insanlara “dost” deyilir. Dostluq insanlar arasında sevgi və səmimiyyətə söykənən qırılmaz münasibətlər məcmusudur.
Dostsuz, yoldaşsız yaşamaq çətindir. Həyat dostlar və səmimi insanlarla mənalı olur. Ülvi ideallara könül vermiş insanlar üçün isə dostun yeri bambaşqadır.
Bakı, 6 may BMT-nin Baş Məclisi Paraqvayın təşəbbüsü ilə iyulun 30-nu Beynəlxalq Dostluq Günü elan etmişdir. Baş
Məclis qurumun üzvü olan ölkələrə bu nəcib təşəbbüsü fəal təbliğ etməyi tövsiyə etmişdir.
Baş Məclis bu münasibətlə yekdilliklə qəbul edilmiş qətnamədə bütün dünya insanlarının ən nəcib və misilsiz hisslərinin təzahürü olan dostluğun aktuallığını və böyük əhəmiyyətini vurğulamışdır.
2011-ci ildə bu günün xalqlar, ölkələr, mədəniyyətlər və ayrı-ayrı şəxslər arasında dostluğun sülhün təmin olunması uğrunda səylər göstərməyə ruhlandıra biləcəyini nəzərə alan Baş Məclis iyulun 30-nu Beynəlxalq Dostluq
Günü elan etməyi qərara almışdır. Baş Məclis qurumun üzvü olan bütün ölkələrə Beynəlxalq Dostluq Gününü öz adət-ənənələrinə uyğun, o cümlədən maarifləndirmə və ictimaiyyətin məlumatlılığını artırmaq üzrə tədbirlər vasitəsilə lazımi qaydada qeyd etməyi məsləhət görmüşdür.
30 iyulda dostlar dostları xatırlayır, onların yardım və rəğbətini yüksək qiymətləndirərək, xüsusi təşəkkürlərini bildirirlər.
Sevgi və dostluq – bunlarsız insanların dünyada mövcudluğu mənasızdır. Öz dostunu qiymətləndirməyi hər kəs bacarmır.
Psixoloqların gəldiyi qənaətə görə, bu iki məfhum əsl incəsənətdi, hansı ki, onların üzərində daim işləmək tələb olunur. Leonardo da Vinci dediyi kimi: “Kim ki istəyir onun sadiq dostları olsun, o zaman dostlarının ehtiyac və istəklərinə qarşı mehriban, səbirli, tolerant davranmalıdır”. Bu tarix dünyada qeyri-rəsmi bayram kimi qeyd olunur. Bütün xalqlar hər zaman ən böyük mənəvi dəyərlərdən biri sayılan dostluğa önəm verir. Təsadüfi deyil ki, müxtəlif ölkələrdə dostluğa həsr olunmuş bayramlar mövcuddur.
Çoxcəhətli münasibətlər toplusu mənəviyyat, mənəvi təmizlik, paklıq adlanır. Bu münasibətlər öz növbəsində sizdən sədaqət, vətəni sevmək və onun müdafiəsinə hazır olmaq, ictimai-faydalı, məhsuldar əməkdə vicdanla iştirak etmək, insanlara, təbiətə, əşyalarara qayğı göstərmək, kollektivdə işləməyi bacarmaq, bir-birinə qayğı göstərmək, dostu-yoldaşı, insanları dar ayaqda qoymamaq tələb edir.
Məşhur yunan riyaziyyatçısı Pifaqor dostu “ikinci mən” adlandırırdı. Böyük Çin filosofu Syun Tszı isə deyirdi: “Kim mənim səhvlərimi düzgün göstərirsə, o mənim müəllimim, kim mənim düz hərəkətlərimə doğru qiymət verirsə, o mənim dostum, kim mənə yaltaqlanırsa, o mənim düşmənimdir”.
Dostluqda etibar etməyi, güvənməyi, güzəştə getməyi, tənqid etməyi bacarmaq lazımdır. Çünki dostluğun birinci şərti etibardır. İnamsızlıq başlanan yerdə dostluq qurtarır. Dost tənqidindən incimək olmaz. Aqillər deyiblər: “Düşmənin yaltaq səsi dostun danlağından qorxuludur”, “Tərif dostluğa ziyan vurur”.
Dünyada dostluqdan yaxşı heç bir şey yoxdur, onsuz yer üzü sanki günəşdən məhrum olardı. Ağac kökləri, insan dostları ilə yaşayır. Dost yoluna gedən yol uzun olmur. Qardaş da dost olsa yaxşıdır. Dostluq, yoldaşlıq anlayışları daha böyük məna ifadə edir.
Xalqların, dövlətlərin dostluğu sülhün qorunması deməkdir. Xalqlar və millətlər arasında dostluq və əməkdaşlıq hər bir vətəndaşa həyatı gözəllik qanunları əsasında qurmağa şərait yaradır.
Dostluq yoldaşlıq əsasında yaranır. İnsan öz təbiəti etibarilə ictimai varlıq olduğundan onun tam xoşbəxtliyi sədaqətli bdostlarının xoşbəxtliyi, həmkarlarının səadəti ilə bir yerdə olur.
İnsanın yoldaşı çox, dostu isə az olur. Çünki sədaqətli adamları seçmək olduqca çətindir. Onları böyük imtahanlardan, sınaqlardan keçirmək lazım gəlir. Ən çətin və ən ağır günlərdə insanın əlindən tutan, köməyinə gələn dostudur. Gözəl deyimdir: “Dünyada fəxr ediləsi bir şey varsa, o da sədaqətli dostdur”, “Dost dostunun kiçik nöqsanlarını ona irad tutmamalı, bütün insanlarda ola biləcək kiçik xətalara göz yummalıdır”. Dost iki cür olur: əsl dost, yalançı dost. Biz bunları fərqləndirməyi öyrənməliyik. Çünki insan həyatında əsl, həqiqi dostun əhəmiyyəti əvəzsizdir.
Dostluq – insanlar arasında qurulan təmənnasız və şəxsi münasibətdir. O, inama, qarşılıqlı hörmət və rəğbətə, səmimiyyətə, ümumi maraqlara əsaslanır. Dostluq münasibətlərin yaranması və gələcək inkişafı üçün əsas şərt hər hansı şəxslər arası rəqabətin olmaması və sosial nərdivanda eyni yerləşmədir. Əsl dostlar, sizi hansısa nailiyyətlərə və əlaqələrə görə yox, sadəcə siz var olduqunuza görə sevəcəklər.
Kömək üçün onlar məhz sizə müraciət edəcəklər. Və ya müxtəlif situasiyada sizə kömək edən və dayaq olanda məhz onlar olacaq. Yalnız əsl dost sizi heç vaxt tək qoymaz. Çünki əsl dostluq məhəbbətə oxşayır, bu ürəkləri birləşdirən böyük hissdir. Müasir dünyada belə dost tapmaq çox çətindir, çünki insanlar, öz potensial dostuna yaman çox tələb irəli sürürlər.
Dostluq ülvidir, onda bəşəriyyətin igidlik gücü parlayır. Dost! Bu sözün necə yaranmasına fikir verək. Daş, od, su, torpaq. Dost sözü bu sözlərin baş hərflərindən yaranmışdır.
Dost olan kəs daş kimi möhkəm, dözümlü, od kimi daimi və alovlu, su kimi saf və təmiz olmalı, torpaq kimi güclü və qüvvətli olmalıdır.
Hansı insanın qəlbində məhəbbət, səmimiyyət yuva salıbsa, o insanın dostu çox olar. Qəlbində nifrət, kin olan kəsin dostu olmaz. Hər münasibət qurduğun insana da dost demək olmaz.
Bu insanlar içərisində sənin qəlbinə yaxın olan, səni başa düşən, sənin səhvini üzünə deyən insanla dostluq etmək olar. Əsl dost dar gündə tanınar. Əgər o əsl dostdursa, səni darda qoymayacaq, sənin sözünü başqasına deməyəcək, sənin arxanca danışmayacaq. Əsl dost sənin pis günündə də, şad günündə də yanında olmalıdır. Əsl dost bir-birinə güzəştə getməyi, bir-birini bağışlamağı bacarmalıdır. Dostluq fədakarlıqdır. Yaşadığın hər anı bilən, sənə mənəvi dayaq olan, kədərli anında belə üzünü bir anlığa da olsa güldürə biləndir dost. Sənin dərdini dərdi, sevincini sevinci bilən, yaşadığın hər anı səninlə yaşayan etibarlı bir ürəkdir. Həyatda hamıya inam, etibar etmək olmaz dost elə bir şeydir ki, ona gözü bağlı güvənməlisən. Təbii ki, bunun üçün zaman da çox önəmlidir.
Dostluqda da müəyyən sərhədlər gözlənilməlidir. Bu münasibətlər həddini aşmamalıdır. Çünki su da artıq içiləndə
insana dərd verir. Atalarımız gözəl deyib: “Güc birlikdədir.”
Dostluq tək insanlar arasında deyil, millətlər, xalqlar, dövlətlər arasında da olmalıdır. Bu dostluq nə qədər qırılmaz tellərlə bir-birinə bağlanarsa, insanlar o qədər xoşbəxt və firavan yaşayarlar. Necə ki, bizim bədxah qonşularımız bu dostluqdan sui-istifadə etdilər. Üzümüzdə bizə dost deyib, ayağımızın altını qazdılar. Belə dostluq dostluq deyil, bu qərəzli dostluqdur. Dostluq qərəzsiz olmalıdır.
Dərdini bölüşdür qədir bilənnən,
Vəfalı dost olmaz üzə gülənnən.
Bir adam ki, “sən öl” desə yalannan,
Ya dost olma, ya zəhmətdən incimə,
Dost yolunda boran-qar olacaqdı.
Aynur Turan
Gununsesi.info