Ermənipərəst namizədlərin seçki aqibəti…tam fiasko - Cavanşir Feyziyev yazır

  • By admin
  • 12 Aprel 2022 13:26

Son 5 il Fransa üçün heç də uğurlu olmadı. Emanuel Makronun qalib gəldiyi seçkilərdən sonra artıq illərdən bəri ertələnən islahatlara başlanması qaçılmaz idi. İslahatlar isə xalqla qarşıdurmaya səbəb olacaqdı. Emanuel Makron bütün riskləri göz altına alaraq islahatlara yanacaq və kommunal xidmətlərin qiymətini qaldırmaqla başladı. Xalqın qəzəbi özünü çox gözlətmədi. “Sarı jiletlilər” bir anda Parislə bərabər Fransanın digər böyük şəhərlərinin də meydanlarını bürüdü. Bax elə o zaman Fransa höküməti digər ölkələrə sırımağa çalışdığı  “söz və ifadə azadlığı”nı, “insanların sərbəst toplaşma azadlığı”nı amansızlıqla boğmağa başladı. Onlarla sarı jiletlilər döyüldü, yaralandı və hətta öldürüldü. Avropasayağı “demokratiya” qalib gəldi. Əlbəttə başqa hər hansı ölkədə belə hadisələr baş versəydi, Avropa Parlamenti təcili dinləmələr keçirər və ölkə başçısını diktatorluqda ittiham edərdi. Amma bir sıra Avropa ölkələri ilə bərabər Fransaya da bu cür ittihamlar şamil oluna bilməz. Çünki Avropada siyasətin ən azı iki üzü var, onlar özgələrə rəva bildiyini özününkülərə rəva bilməzlər.

Makronun ilk prezidentlik müddətinin sonuna qədər Fransada daxili problemlər səngimədi, kütləvi narazılıq nümayişləri və bu nümayişlərin qəddarlıqla qarşısının alınması ənənə halını aldı. 2020-ci ildə Fransadan çox uzaqlarda – Cənubi Qafqazda baş verən hadisələr iqtidar siyasətçiləri üçün lap göydəndüşmə oldu. Daxili problemləri unutmaq və narazı xalqa da unutdurmaq üçün “məzlum  erməni bacıları” ilə həmrəylik nümayiş etdirən böyük bir ruh yüksəkliyi yarandı. Nə qədər təəccüblü görünsə də Ermənistanın işğal etdiyi torpaqlardan çıxarılması Fransa iqtidarını hamıdan çox narahat etdi və bu məsələ Fransa siyasətinin 1 nömrəli gündəliyinə çevrildi. Prezident Makron öz çıxışlarında və bəyanatlarında Ermənistanı öz haqsız iddialarında sonadək  müdafiə edəcəyini və meydanda tək qoymayacağını bildirdi. Azərbaycanın Vətən müharibəsi başa çatdıqdan sonra da Fransa rəsmiləri iqtidarlı-müxalifətli Ermənistana mənəvi dəstək səfərləri etdilər, beynəlxalq hüquq normalarına uyğun gəlməyən məsuliyyətsiz bəyanatlar səsləndirdilər. Artıq sarı jiletlilər də unudulmuşdu, belə təsəvvür yaranırdı ki, sanki Fransanın ən böyük problemi Azərbaycan torpaqlarının azad olunması imiş. Beləcə Fransa növbəti seçkilərə gəlib çatdı. Məhz prezident seçkiləri ərəfəsində son 5 il ərzində haqları tapdanan, dinc nümayişlər zamanı döyülən və işgəncələrə məruz qoyulan seçicilər yenidən prezidentliyə namizədlərin diqqət mərkəzinə gəldi. Amma bu dəfə də sürprizsiz ötüşmədi. Erik Zemmur, Valeri Pekres kimi namizədlərin fikirləri hələ də bir il yarım öncə ağlayan, sısqayan ermənilərin yanında qalmışdı. Seçki öncəsi görüşlərini Ermənistana səfərlə başlayan Zemmur və Pekres Fransanın prezidenti seçilmək üçün artıq Fransalı soydaşlarına deyil, Ermənistana səfər edərək oradakı “kiçik bacı”larına müraciət etdilər və bununla da Fransa siyasətinə yeni bir ənənə gətirmiş oldular. Məhz bu zaman Fransa siyasətçilərinin son bir il yarım ərzində ermənilər üçün göstərdikləri canfəşanlığın əsl səbəbi özünü açıq-aydın göstərdi.

Makronun rəqibləri belə hesab edirdilər ki, prezident 44 günlük müharibə zamanı Ermənistanı geninə-boluna dəstəkləməklə erməni əsilli fransızların səslərini artıq qazanıb və buna görə də həmin seçiciləri öz tərəfinə çəkmək üçün Makrondan daha irəli getmək və Ermənistana səfər etmək lazım idi. Beləliklə, gələcək seçkilər ərəfəsində hansısa namizədlərin öz seçki kampaniyasını Mozambikdən və ya Zimbabvedən başlaması heç kimi təəccübləndirməyəcək. Əlbəttə, bu bizim mövzumuz deyil. Bu barədə Fransa seçiciləri düşünməlidirlər. Amma bütün seçki kampaniyası ərzində özünün ən yüksək zirvəsinə çatmış “erməni məhəbbəti” seçkilər zamanı prezidentliyə namizədlərə nə verdi və ya seçki kampaniyasına Ermənistandan başlayan namizədlər ermənilərə nə verə bildi ? Bax, bu bizim üçün daha maraqlıdır.

Sönük və maraqsız keçən seçki qabağı kampaniya başa çatdı və aprelin 10-da Fransada prezident seçkilərinin birinci turu baş tutdu. 12 namizədin Yelisey sarayı uğrunda apardığı mübarizənin birinci turunda “İrəli, Respublika” Partiyasının namizədi, hazırkı prezident Emanuel Makron 28,1 faizlə, ultra sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen isə 23, 3 faizlə seçkilərin 2-ci turuna keçdilər. Son 5 ildə gəlirləri azalmış, hüquqları məhdudlaşdırılmış, həyat səviyyəsi ağırlaşmış və etiraz nümayişlərində alçaldılmış fransız seçiciləri unudub əvəzində “erməni bacı”larına müraciət edən və onların avantürist iddialarını dəstəkləyəcəklərinə söz verən namizədlər isə heç ikinci tura da keçə bilmədilər. Ağrı dağının fonunda ermənilərə heyranlığını və sədaqətini elan edən Erik Zemmur 7 faizlə, Ermənistana gələrək, gizli yolla Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni səfər etmiş Valeri Pekres isə 5 faizlə kifayətlənməli oldu. Prezident seçkilərində ermənipərəst namizədlər nə özləri, nə də ermənilər üçün heç nə əldə edə bilmədilər. Amma  Fransa kimi bir dövlətin qürur və ləyaqətini, fransız seçicilərinin isə təbii maraqlarını ermənilərin ayaqları altına atdılar. Buna baxmayaraq ermənipərəst namizədlərin seçki aqibəti erməni işğalçılarının aqibəti ilə eyni oldu. Tam fiasko!

Cavanşir Feyziyev, Millət vəkili

Gununsesi.info