Etibar Əliyev: “Yazıçıya yardım etmək əvəzinə onun kitablarını niyə almırıq?”

  • Müəllif: Firuzə
  • 21 Avqust 2026 10:49

Təhsil eksperti Etibar Əliyev Azərbaycanda yazıçı və şairlərin cəmiyyətdəki mövqeyi, kitab satışları və müəlliflərin maddi vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.

Gununsesi.info-nun xəbərinə görə, Etibar Əliyev hesab edir ki, dünyada formalaşmış tendensiyaya görə, yazıçı öz zəhməti hesabına yazdığı kitabların satışından yaşayışını təmin etdikdən sonra cəmiyyətə yardım göstərir və xeyriyyəçiliklə məşğul olur.

Onun sözlərinə görə, Azərbaycanda isə vəziyyət bunun əksinədir: yazıçı və şair dövlətdən və cəmiyyətdən yardım gözləyir.

Ekspert qeyd edib ki, 1990-cı ildən Nobel mükafatı laureatlarının yaradıcılığını və bioqrafiyalarını araşdırır və ədəbiyyat üzrə Nobel laureatlarının böyük hissəsinin qazandıqları vəsaiti şəxsi məqsədlərə sərf etmədiyini vurğulayıb.

“Vəsaiti gənc yazarların yaradıcılığına dəstək, qocalar evinə, məktəb və xəstəxana tikintisinə, infeksion xəstəliklərin müalicəsinə, yaxud yüksək istedadların təhsilinə yönəldiblər. Onların heç biri mükafat sevdasına düşməyib, dövlətin imtiyazlarından imtina edib. Onlar heç zaman mənsub olduqları milləti aşağılamayıb, təhqir etməyiblər”, – deyə Etibar Əliyev bildirib.

O, Azərbaycanda müəlliflərin kitablarının çoxsaylı tirajlarla çap olunması ilə bağlı səsləndirilən fikirlərə də sual edib:

“Deyirlər ki, filan yazıçının 50 cild kitabı çap olunub. Sual yaranır: onda niyə kasıbdır? Nə üçün onun kitabları alınmır?”

Etibar Əliyev dünya ədəbiyyatından nümunələr gətirərək kitabın müəllif üçün gəlir mənbəyinə çevrilə bildiyini vurğulayıb.

Onun sözlərinə görə, Harper Linin “Bülbülü öldürmək” romanı müxtəlif dillərdə 30 milyon tirajla çap olunub, Qabriel Qarsia Markesin “Yüz il tənhalıqda” romanı isə 25 milyon nüsxə satılıb.

“Bizdə isə yazıçı deyir ki, 90 cild kitabım çap olunub, ancaq kommunal xərcləri ödəyə bilmirəm. Maraqlıdır. Yazıçıya yardım etmək əvəzinə onun kitablarını niyə almırıq? Kitabı zorla satdırmaq olmaz. Kitab oxucunu özünə cəlb etməlidir, oxucu kitab mağazalarına düşüb kitabı axtarmalıdır”, – deyə ekspert qeyd edib.

Etibar Əliyev dünyanın ən çox qazanan yazıçıları ilə bağlı nümunələri də diqqətə çatdırıb.

Onun sözlərinə görə, 2020-ci ildə yazıçılar arasında ən çox gəlir əldə edən Coan Roulinq olub və həmin il 92 milyon dollar qazanıb. Roulinqin “Harri Potter və lənətlənmiş uşaq” əsəri əsasında hazırlanan pyesin həftəlik gəlirinin 2,5 milyon dollar olduğu bildirilib.

Ekspertin qeyd etdiyi digər nümunələr arasında Ceyms Patterson, Mişel Obama və Stiven Kinq də var.

Onun sözlərinə görə, Ceyms Pattersonun Bill Klintonla birgə yazdığı “The President Is Missing” kitabı 5,5 milyon tirajla çap olunub və 70 milyon dollar gəlir gətirib. Mişel Obamanın “Becoming” memuarı 10 milyon tirajla çap olunaraq 36 milyon dollar gəlir əldə edib. Stiven Kinq isə həmin il 17 milyon dollar qazanıb.

Elmar
Gununsesi.info