Təhsil eksperti Etibar Əliyev elm və təhsil naziri Emin Əmrullayevin Azərbaycanda bir tələbəyə düşən təhsil xərclərinin inkişaf etmiş ölkələrlə müqayisədə aşağı olması və bunun təhsilin keyfiyyətinə təsir göstərməsi ilə bağlı fikirlərini tənqid edib.
Gununsesi.info-nun xəbərinə görə, ekspert bildirib ki, Azərbaycanda ali təhsilin hazırkı vəziyyəti nəzərə alınarsa, mövcud təhsil haqları belə göstərilən xidmətin keyfiyyətinə uyğun deyil.
“Professor-müəllim heyətinin əhəmiyyətli hissəsi müasir dövrün tələblərinə cavab verən dərslər keçmir. Universitet kitabxanalarının əksəriyyəti yenilənmir, laboratoriyaların maddi-texniki bazası köhnəlib, magistr dissertasiyalarında mövzu təkrarçılığı və plagiat halları geniş yayılıb. Elmi dərəcə almaq üçün təqdim olunan işlərdə də ciddi problemlər mövcuddur”, – deyə Etibar Əliyev vurğulayıb.
Ekspert qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2025-ci il üzrə statistikası da elmi fəaliyyət sahəsində problemlərin davam etdiyini göstərir.
Onun sözlərinə görə, ötən il 284 nəfərə müxtəlif səbəblərlə elmi dərəcə verilməsindən imtina olunub, onlardan 37-si elmlər doktoru elmi dərəcəsi almaq üçün müraciət edən şəxslər olub.
Etibar Əliyev hesab edir ki, elmi mühitdə plagiatlıq, mövzu təkrarçılığı və keyfiyyət problemləri aradan qaldırılmadan yalnız maliyyələşmənin artırılması təhsilin nəticələrinə ciddi təsir göstərməyəcək.
Ekspert ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdəki mövqelərinə də diqqət çəkib.
O bildirib ki, Azərbaycan Tibb Universiteti “Times Higher Education Impact Rankings 2025” reytinqində 1001–1500-cü yerlər qrupunda qərarlaşıb. Onun fikrincə, bu göstəricilər universitetlərin beynəlxalq rəqabət qabiliyyətinin hələ də arzuolunan səviyyədə olmadığını göstərir.
Etibar Əliyev nazirliyin təhsil və elm sahəsində əsas diqqəti idarəetmənin təkmilləşdirilməsinə, akademik dürüstlüyün təmin olunmasına, elmi fəaliyyətin keyfiyyətinin artırılmasına və ali məktəblərin maddi-texniki bazasının yenilənməsinə yönəltməsinin vacib olduğunu bildirib.
Ekspert repetitorluğun geniş yayılmasının da təhsil sistemindəki problemlərin göstəricilərindən biri olduğunu vurğulayıb.
Onun sözlərinə görə, qəbul imtahanlarında abituriyentlərin bir sıra fənlər üzrə orta nəticələri narahatlıq doğurur.
Belə ki, orta statistik abituriyent test tapşırıqlarının riyaziyyatdan 29,81 faizini, fizikadan 34,39 faizini, kimyadan 31,83 faizini, biologiyadan 47,92 faizini, tarixdən 24,36 faizini, informatikadan 34,06 faizini, coğrafiyadan isə 23,01 faizini düzgün cavablandırıb.
“Təhsildə əsas məsələ təhsil haqqının artırılması deyil, keyfiyyətin yüksəldilməsi, elmi mühitin sağlamlaşdırılması və universitetlərin real inkişafının təmin edilməsidir”, – deyə Etibar Əliyev əlavə edib.
Elmar











