Dağlar qoynunda, yaşıllıqların əhatəsində tarixlə müasirliyin vəhdətini bənzərsiz gözəlliyində ehtiva edən qədim-qaim Basqal bu günlər çoxsaylı müsafirlərini özünəməxsus qonaqpərvərliklə qarşılayır.
Zirvəsinin qar tacından Niyaldağ dərələr boyu üzü cənuba əsən mehlə Dədəgünəşdən boylanıb Qurdtəpə yalından aşan günəşin son yay şəfəqlərinə həzin sərinlik çiləyir. Yamacların səf-səf düzülən ağacları güzlə yayın qovuşuğunun qızıl vədəsində Basqalın lacivərd simasını nağılla gerçəyin sərhədsiz məqamında nazlandırır.
Baxdıqca seyrindən doymaq olmayan, həmişə qonaqlı-qaralı Basqalın bugünkü qələbəliyinə elm adamları təşrif buyurublar — bu yerlərin dağ məğrurluğundan ruhuna əzəmət əxz edən Fazil Osmanovun xatirəsinin işığına.
Böyük alimin 90 illik yubileyinə həsr olunmuş, 4–5 sentyabr 2026-cı il tarixlərinə təyin edilən VI Beynəlxalq Sulut Simpoziumunun işində iştirak etmək üçün Milli Azərbaycan Tarixi Muzeyinin, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun və “Miras” Xeyriyyə Cəmiyyətinin birgə təşkilatçılığı ilə müxtəlif elm ocaqlarının alim və tədqiqatçıları Basqala toplaşıblar.
Simpoziumun təşkilat komitəsinin ən incə məqamlara qədər böyük həssaslıqla tərtib etdiyi proqram xüsusi diqqətə layiq idi.
Hər cür müasir şəraitə malik Basqal Oteldə baş tutan tədbirə müxtəlif elm ocaqlarının əməkdaşları, Ağsu və İsmayıllı rayon icra hakimiyyətlərinin nümayəndələri, müxtəlif təşkilatların rəsmi şəxsləri dəvət almışdılar.
Simpoziumun açılış iclasında müqəddimə ilə çıxış edən AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev görkəmli arxeoloq, doktor Fazil Osmanovun həyat və elmi yaradıcılığı barədə məlumat verərək iştirakçılara uğurlar arzuladı.
Simpoziumun işində iştirak edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli geniş və məzmunlu nitqlə iştirakçılarla ürək sözlərini bölüşdü. Natiq arxeoloq Fazil Osmanovun fundamental tədqiqatlarının tarixşünaslığımızda özünəməxsus yeri olduğunu vurğulayaraq əminliyini bildirdi ki, panel iclaslarında səsləndiriləcək məruzələr elmi sanbalına görə tarixşünaslığımıza mühüm töhfə olacaq.
Fazil Osmanovun yetirmələrindən biri olan tarix elmləri doktoru, professor Qafar Cəbiyev və təşkilat komitəsinin sədri, arxeoloq, doktor Fariz Xəlilli çıxışlarında Fazil Osmanovun işıqlı xatirəsini ehtiramla yad edərək qonaqlara səmimi arzularını bildirdilər.
Daha sonra tribunaya qalxan Fazil Osmanovun oğlu Lətif Osmanov ailəsi adından bütün iştirakçıları salamlayaraq qonaqlara öz sayğı və ehtiramını çatdırdı.
Sonra panellərdə işini davam etdirən simpoziumda çoxsaylı maraqlı məruzələr dinlənildi. Türkiyənin Mersin Arxeologiya Muzeyinin əməkdaşı doktor Funda Yüksel Özer, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı doktor Aida İsmayılova, filologiya elmləri doktoru, professor Minəxanım Nuriyeva, AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı professor doktor Hidayət Çəfərov elmi yeniliklərlə zəngin tezislərlə məruzələrini iştirakçıların diqqətinə çatdırdılar.
Ümumilikdə simpoziumda 40-a qədər müxtəlif mövzuda məruzə dinlənildi.
Öz elmi axtarışlarının, tədqiq etdikləri məsələlərin əsas müddəaları ilə çıxış edən alimlərin hər biri Fazil müəllim haqqında, onun yüksək insani məziyyətləri barədə təəssüratlarını bölüşərək görkəmli arxeoloqa Tanrıdan rəhmət dilədilər.
Fazil Lətif oğlu Osmanov ilk gənclik illərindən həyatını Azərbaycan tarixinin özünə qədərki sirlərinin açılmasına həsr etmiş dəyərli arxeoloq olmuşdur. Onun rəhbərlik etdiyi ekspedisiyalarda aşkar edilən qiymətli maddi-mədəniyyət nümunələri tariximizin neçə-neçə qaranlıq səhifəsinə işıq tutmuşdur.
Fazil Osmanovun Qafqaz Albaniyasının maddi-mədəniyyət nümunələri əsasında apardığı tədqiqatlar, əslində, bir məktəbdir. Onun elmi qənaətləri albanşünaslıqda əsaslandırılmış yeni istiqamət olmaqla bir sıra yanlış müddəaların üstündən xətt çəkilməsinə zəmin yaratmışdır.
Onun Qəbələdə, Ağcabədidə, Bərdədə, Ağsuda, İsmayıllıda, Şamaxıda apardığı qazıntılar zəngin mədəni təbəqələrin aşkar edilməsi ilə nəticələnmiş, əldə edilən qiymətli nümunələr bir çox mətləblərə aydınlıq gətirilməsinə yol açmışdır.
Fazil Lətif oğlu Osmanov 10 may 1936-cı ildə Ağsu rayonunun keçmiş Leninabad (indiki Sanqalan) kəndində anadan olmuşdur. Əslində, tarixi Sanqalan adı sonradan bərpa edilmişdir.
Fazil müəllimin altı yaşı olanda atası Lətif ordu sıralarına səfərbərliyə alınaraq II Dünya müharibəsi cəbhəsinə göndərilmiş, az sonra isə onun vəfatı xəbəri gəlmişdir. Atasızlığın acısını dadan Fazil Osmanovu anası Nazənin xanım təkbaşına böyütmüşdür.
İlk təhsilini Sulutda alan yeniyetmə Fazil Osmanov 1932-ci ildən fəaliyyət göstərən Şamaxı Pedaqoji Məktəbinə daxil olmuş və həmin təhsil müəssisəsini müvəffəqiyyətlə başa vuraraq ibtidai sinif müəllimi ixtisasına yiyələnmişdir.
Bu təhsil ocağı Fazil müəllimin həyatında mühüm rol oynamış, onun gələcək fəaliyyətinə müstəsna təsir göstərmişdir.
Şamaxı Pedaqoji Məktəbi 1876-cı (1879-cu) ildən fəaliyyət göstərən Qori Müəllimlər Seminariyasının ənənələri əsasında formalaşan təhsil ocaqlarındandır. 1918-ci ildə Qazaxa köçən seminariyanın ənənələrinə uyğun olaraq hələ Cümhuriyyət dövründə Gəncə, Bakı, Şuşa və Şəkidə seminariyalar təşkil olunmuş, Şamaxıda isə belə bir təhsil ocağının yaradılması nəzərdə tutulsa da, onun fəaliyyətə başlaması mümkün olmamışdır.
1918-ci ildə Şamaxının erməni talanları nəticəsində büsbütün dağıdılması, əhaliyə divan tutulması şəhəri bərbad vəziyyətə salmış, əhalinin sayının cəmi bir neçə yüz nəfərə qədər azalması səbəbindən burada məktəb fəaliyyətinin təşkili mümkün olmamışdı. Yalnız 1932-ci ildə reallaşan layihə Şamaxının mədəni həyatının bərpasına da mühüm dəstək oldu.
Fazil müəllimin fitri istedadı məhz bu təhsil ocağında cilalandı. O, burada hekayə yazmağı, rəsm çəkməyi, musiqi alətində ifa etməyi öyrəndi.
Texnikumu bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olan Fazil Osmanov bu təhsil məbədini 1959-cu ildə bitirdi. Həmin ildən də həyatını arxeologiyaya həsr etdi.
Hələ 60-cı illərdə onun tapıntıları ciddi elmi hadisə hesab olunmağa başlamışdı.
Həyatının 50 ilini arxeologiya elminin inkişafına həsr edən alim pedaqoji fəaliyyətlə də məşğul olurdu. Müxtəlif illərdə ADPU-da, BDU-da, Avrasiya Universitetində mühazirələr oxumuşdur.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi olan Fazil müəllim 2016-cı ildə dünyasını dəyişmişdir.
Çox yəqin ki, Fazil müəllimin tələbəsi olmaq kimi xoşbəxtliyin mənə nəsib olması həyatda bəxtimin gətirdiyi ən böyük məqamlardandır.
Xasiyyətcə mülayim, olduqca səmimi və saf, yüksək insani keyfiyyətlərə malik Fazil müəllimlə münasibətlərimiz müəllim-tələbə müstəvisini tələbəliyimin ilk aylarından aşaraq sarsılmaz dostluğa çevrildi.
Geniş dünyagörüşünə, inanılmaz intellektə malik Fazil müəllimlə mənəvi bağlarımız qısa zaman kəsiyində ən yüksək mərhələyə qədəm qoydu. O illərdə artıq mənə elə gəlirdi ki, bu dəyərli insanı çoxdan, lap uşaqlıq illərimdən tanıyıram.
Elmdə ilk addımlarımı da məhz Fazil müəllimin məsləhətləri və dəstəyi ilə atmağım təsadüfi deyildi. Artıq o, məni elmin sehrli cazibəsinə bənd etmiş, gələcək həyat yolumun müəyyənləşməsinə bir mayak kimi rəvac vermişdi.
Mən universitetin sonuncu, 5-ci kursunda oxuyanda o vaxtkı nüfuzlu dərgilərdə bir neçə elmi məqaləm Fazil müəllimin xeyir-duası ilə işıq üzü görmüş, müxtəlif konfranslarda məruzələr etmişdim. Ümumiyyətlə, mənim bir etnoqraf kimi yetişməyim üçün Fazil müəllim hər cür mənəvi dəstəyini əsirgəmirdi.
Zamanla dostluq əlaqələrimiz möhkəmlənir, çoxsaylı birgə səfərlərimiz artırdı. Onun inamını, etimadını doğrultmaq üçün var gücümlə çalışdığımı görüb bir gün mənə dedi:
“Harda olursan ol, həmişə özün kimi qal.”
Fazil müəllimlə ortaq dəyərlərimiz, üst-üstə düşən xarakterik xüsusiyyətlərimiz həddindən artıq çox idi. O, inanılmaz dərəcədə təbiət vurğunu, hətta çölün-çəmənin dilini bilən fenomen insan idi.
1954-cü ildə qəbul üçün sənədlərini universitetə verərkən imtahanlar öncəsi rayona, Suluta dönən Fazil müəllim gözləmədiyi halda nadir təbiət hadisəsi ilə üzləşir. Belə ki, iyun ayının 30-da Azərbaycan ərazisini də əhatə edən tam Günəş tutulması baş verir. Böyük Qafqazın cənub ətəklərində həmin gün saat 16:40-da təxminən 1 dəqiqə 45 saniyə davam edən tam Günəş tutulması insanları hədsiz heyrətləndirir.
Səhəri gün Bakıya yola düşəcək 18 yaşlı gənc Fazil Osmanovla anası Nazənin xanımın söhbəti olur. Oğlunu təkbaşına, min bir əziyyətlə böyüdən ana baş verən təbiət hadisəsini xoşagəlməz əlamət sayır və oğlunun uğuruna tuş gələn bu qeyri-adiliyə görə onun Bakıya qayıtmasına tərəddüd edir.
Atasızlığın sərt üzünü görən, artıq kifayət qədər həyat sınaqlarından keçən gənc anasının könlünü qırmadan belə deyir:
“Ana, əgər Günəş bir də tutularsa, özüm gün kimi işıq saçacağam, sənin bundan sonrakı həyatına çökə biləcək bütün qaranlıqlara meydan oxuyacağam.”
Fazil müəllim anasına dediyi sözü tutur. Bütün çətinliklərə rəğmən daim xoş sədası ilə anasına, öz elinə-obasına başucalığı gətirir.
Fazil müəllimin yazı dili də çox axıcıdır. Sanki təbiətin özüdür. Hətta onun elmi tədqiqatlarının sətirlərə çevrilən cümlələri ağır elmi üslub fonunda belə bədii ədəbiyyat təsiri bağışlayır.
Hər nə qədər obrazlı olsa da, doğrudan da, Fazil müəllim Azərbaycan arxeologiyasında Günəş parlaqlığı ilə sönməz iz qoya bilmişdir.
Fazil müəllim təbiətən kövrək adam idi.
Bir dəfə səfərlərimizin birində təsadüfən qaldığımız otaqda divardan asılmış tar gördük. O, tarı sinəsinə basıb ifa etməyə başladı. Köklənməmiş alətdə ifa bir o qədər də yaxşı alınmırdı. Səbirlə aləti barmaqlarına ram edib, məni məndən alan ifası ilə gecəni ovsunladı.
O çaldıqca gözlərində yaş gilələnirdi.
Mən ondan heç nə soruşmadım.
Sadəcə iki dost baş-başa verib ağladıq.
Bəzən insan elə hisslər yaşayır ki, onu yazıya çevirmək mümkün olmur. Həmin iliyəcən işləyən şaxtalı qış gecəsində biz ecazkar ifanın ağuşunda niyə ağladığımızı bilirdik, amma hər ikimiz o hissləri içimizdə yaşayaraq susurduq.
İfadan sonra da səhərəcən heç birimiz bir kəlmə belə danışmadıq.
Bir ovuc torpaq
Simpoziumda son tədqiqatlarımdan olan “Azərbaycan Xalq Təqviminin bəzi məhəlli xüsusiyyətlərinə dair” məruzəmi təqdim etmək fikrindən daşınmışdım.
Səbəb isə onun burada iştirak edən dostları, tələbələri, dəyərli alimlər və, sözsüz ki, ömür-gün yoldaşı Südabə xanım, övladları Lətif bəy və Rauf bəy qarşısında çıxış etmək üçün uzun müddətdən bəri üzərində araşdırma apardığım bir məsələni özümdən asılı olmayan səbəblərdən yekunlaşdıra bilməməyim idi.
Düz yeddi aydır çalışdığım layihəmdə Fazil Osmanovun atasının itkin taleyi haqqında ümidverici işartılar əldə etmişəmsə də, hələlik arzuladığım müfəssəl nəticəyə nail olmamışam.
Çox istəyirdim ki, Fazil müəllimin 90 illiyinə həsr olunmuş beynəlxalq simpoziumda onun mübarək ruhunu şad edəcək bir tapıntı ilə çıxış edim.
Fazil müəllimin atası Osmanov Lətif Əbdülhəmid oğlu 1902-ci ildə Şamaxı qəzasının Sanqalan kəndində doğulub. O, 1942-ci ilin mart ayında İsmayıllı rayon hərbi komissarlığından orduya çağırılıb. 66-cı ordunun tərkibində Şimali Qafqazın müdafiə döyüşlərində iştirak edib.
Maraqlı fakt isə sonradan onun 416-cı diviziyanın şəxsi heyətinə qatılmasıdır.
1943-cü ilin fevral ayında itkin düşməsi haqqında məlumat verilir.
Lətif Osmanovun son döyüş əməliyyatları, harada həlak olması haqqında hələlik səhih, sənədlərlə təsdiqlənən məlumat əldə edə bilməmişəm.
Bütün varlığımla cəhd etdiyim nəticəyə çatacağıma isə əminəm.
Onun məzarını tapmaq, heç olmasa, həlak olduğu ərazini dəqiqləşdirib bir ovuc torpaq əldə edəcəyimə inanıram.
Mütləq, ömür vəfa etsə, ata həsrəti ilə bütün uşaqlığını, gəncliyini olmazın məhrumiyyətlərlə keçirən Fazil müəllimin qəbrinin üstünə səpəcəyəm.
Mübarək ruhuna sərinlik kimi.
Dağ çiyələkləri
Simpozium yekunlaşdı.
Dostlarım — AMEA-nın Tarix İnstitutunun əməkdaşı doktor İlham Həsənov, görkəmli pedaqoq Qabil Zeynalovla bir vaxtlar Fazil müəllimin qarış-qarış gəzdiyi, indi isə ruhunun dolaşdığı dağları arxada qoyaraq geri dönürəm.
Susuruq.
Nə mən danışıram, nə də dostlarım.
Mən Fazil müəllimin ailəsi üçün arzuladığım sürprizi hələ gerçəkləşdirə bilmədiyimdən pəjmürdə də olduğum halda özüm sürprizlə qarşılaşdım.
Evə çatanda Rusiya arxivlərinə göndərdiyim müxtəlif sorğuların üzünü köçürdüyüm vərəqələrə bir də diqqət yetirmək üçün iş otağıma keçir, yazı masama baxıram.
Stolun üstündə yarısınacan su doldurulmuş stəkanda bir dəstə çiyələk var.
Saplaqlarından nazik sapla bağlanıb. Sanki gül dəstəsidir.
Qoxlayıram.
Dağ çiyələkləridir.
Marağıma rəğmən dərhal öyrənirəm: bu dağ çiyələyi dəstəsi qızım Ayselin mənə hədiyyəsidir.
O, bu günlər Hacıman kəndinə, ana babasının yurduna qonaq getmişdi. Çiyələklər Kalva yaylasının payız nübarıdır.
Bu, o yerlərdir ki, Fazil müəllimin uşaqlığı həmin əsrarəngiz təbiətin qoynunda keçib.
Xəyalım məni yenicə gəldiyim yerlərə çəkib apardı.
Yəqin illər öncə, ağır müharibə illərində bir tikə çörəyin qəhətə çəkildiyi zaman kəsiyində min əziyyətə qatlaşan uşaqlara dağ çiyələkləri yaşam enerjisi verən ruzi olub.
Gözlərimdə gilələnən yaşı masanın üstündəki yarımçıq qalmış sətirlərdən gizlətməyə çalışıram.
Bir vaxtlar Fazil müəllimin tar ifasından qəhərləndiyim kimi boğazım düyünlənir.
Çiyələk dəstəsini pəncərənin önünə qoyuram.
Sanki sərçələrə həmən xəbər verilibmiş kimi cikkiləşə-cikkiləşə pəncərəyə qonurlar.
Tələsə-tələsə, acgözlüklə dimdikləyib dağ çiyələyinin dadından sevinirlər.
Mən isə baxıram.
Və düşünürəm:
Bəlkə də bu, sadəcə bir dəstə dağ çiyələyi deyil.
Bəlkə, illər əvvəl həmin dağlarda atasını gözləyən bir uşağın payına düşən bir ovuc həyatdır.
Şəkillər
1. Fazil Osmanovun 90 illiyinə həsr edilmiş VI Beynəlxalq Sulut Simpoziumunun gündəliyi.
2. Akademik İsa Həbibbəyli simpoziumun açılışında nitq söyləyərkən.
3. Fazil Osmanovun nəşr olunmuş seçilmiş əsərləri toplusu.
4. Professor Minəxanım Nuriyeva simpoziumda təqdim etdiyi məruzəni oxuyarkən.
5. Doktor Aida İsmayılova məruzəsini iştirakçıların diqqətinə çatdırarkən.
6. Fazil Osmanovun oğlu Lətif bəy ailə adından iştrakçıları salamlamaqla, təşkilat komitəsinə minnətdarlığını bildirərkən.
7. Türkiyəli alim dr. Cəlaləddin Küçük çıxış edərkən.
8. Simpoziumun işində iştirak edən dostlar və Fazil müəllimin ailə üzvləri ilə.
9. 1996-cı ildə tarixləşmiş bir xatirə şəkli — Fazil müəllimlə birlikdə.
10. Fazil müəllimin 1982-ci ildə “Elm” nəşriyyatında çap olunmuş “Qafqaz Albaniyasının maddi mədəniyyəti” monoqrafiyasının mənə bağışladığı avtoqrafı. 1999-cü il.
11. Fazil müəllimin uşaqlığının keçdiyi ata yurdunun təbiətindən bir dəstə payız çiyələyi.
Pərviz Yəhyalı










