Milli Məclisin deputatı Fazil Mustafa cəmiyyətdə fərqli düşüncəyə və müzakirəyə münasibət barədə fikirlər səsləndirib.
Gununsesi.info-nun xəbərinə görə, deputat bildirib ki, düşüncəni və müzakirəni boğan bir cəmiyyətin gələcəyi də bunun təsirindən kənarda qala bilməz.
“Bu qaragüruhun müzakirəsinə bir yazar fərqli baxış içərən bir əsər çıxara bilərmi? Bu qaragüruhun müzakirəsinə bir filosof onların bəyənmədiyi bir düşüncə tezisi çıxara bilərmi? Bu qaragüruhun tüğyan etdiyi dövrdə, yəni 2026-cı ildə “Molla Nəsrəddin” jurnalı çıxa bilərmi? Bu qaragüruhun zövqünün önündə, yəni 2026-cı ildə “Qəm pəncərəsi” kimi şedevr film çəkilə bilərmi?” – deyə Fazil Mustafa suallar ünvanlayıb.
O bildirib ki, bu sualları cavablandırılması üçün vermir:
“Düşüncəni, müzakirəni öldürən, daş-qalaq edən bir cəmiyyətin gələnəkçisi gələcəkçisini hər zaman basdıracaq. Yaxşı ki, bir az demokratiya defisiti yaşayırıq. Arzuladıqları demokratiya bolluğu olsaydı, bu küyün içində səsmi eşidilərdi?”
Fazil Mustafa qeyd edib ki, bu il müqəddəs sayılan yerləri piyada ziyarət edənlərin sayı da ötən illə müqayisədə iki dəfə artıb.
“Əminliklə söyləyirəm ki, azərbaycanlı olaraq bu potensialımız gələn ilə daha ikiqat artacaqdır. Sevinirəm ki, bir neçə müzakirə epizodu ilə diplomlu millətçi, tarixçi, fəlsəfəçi, dinçi, ateist, jurnalist Məhəmmədhəsən əmilərin bolluğunu bu millətin gələcəkçilərinə göstərə bildik”, – deputat yazıb.
O, ziyarətə gedənlərə də müraciət edib:
“Bütün piyadaların ziyarətlərini Allah qəbul etsin! Gələcəkçilərin isə ziyarət yeri olmadığından başlarının çarəsini qılsınlar. Yəni gələcək üçün yazmağa davam etsinlər. Çünki düşüncə olaraq indimiz elə qaranlıq keçmişimizdir”.
Orxan
Gununsesi.info












