Azərbaycanın tarixi yaddaşı, dövlətçilik ənənəsi və milli kimliyi ilə bağlı müzakirələr cəmiyyətimizdə hər zaman ən həssas mövzulardan biri olub.
Xüsusilə Səfəvilər irsi, Cümhuriyyət ideyası və müasir Azərbaycan dövlətinin ideoloji dayaqları ətrafında fərqli baxışlar zaman-zaman kəskin polemikalara səbəb olur.
Millət vəkili Fazil Mustafanın aşağıdakı yazısı da məhz bu mübahisəli mövzuya münasibətini əks etdirir.
Müəllif Səfəvilik fenomeni, İran təsiri, Azərbaycan Cümhuriyyətinin tarixi missiyası və müstəqil dövlətçilik düşüncəsi barədə sərt və birmənalı mövqeyini oxucularla bölüşür.
Gununsesi.info sözügedən mətni təqdim edir:
Oxuduğumuz, bildiyimiz tarixi mənbələrə görə dövrün hakimiyyət davasında hansısa hökmdara taktiki və ideoloji addımlara görə kimsə haqq qazandıra bilər. Ancaq 21–ci əsrin hansısa diplomlu-diplomsuz azərbaycanlısı sağalmayan xəstəlik səviyyəsində öz dövlət mahiyyəti ilə tamamilə zidd olan bu fenomenə sitayiş edirsə, bax bu bizi ciddi düşündürməlidir.
Əgər Nuri Paşanın komutanlığında Qafqaz-İslam ordusu Bakını işğaldan azad etməsəydi və Məhəmməd Əmin bəy mübarizə qardaşları ilə birlikdə Azərbaycan Cümhuriyyətini qurmasaydı, bizim bu günkü müstəqillik idealımızın nəticəsinin nə olacağını düşünməyən bir topluma deyiləcək başqa bir söz tapmaq çətindir.
Yəni öz çağdaş müstəqil dövlətinin varlıq dəyərləri üzərindən geri adlayıb ortaçağın cəhalət idollarını yaradan akademikindən tutmuş savadsız bəndəsinə qədər səfəviliyin və dolayı yolla irançılığın təbliğatçısı olan hər kəs qanaraq və ya qanmayaraq müstəqil dünyəvi Azərbaycan dövlətinin tərəqqisi qarşısında sadəcə bir düşüncə əngəli deyil, həm də hər an işə salınacaq canlı bombadır.
Bunu unutmayın, sizlər rahat şəkildə öz nadanlığınızda dirənin, bizlər də narahat şəkildə 1828-ci ildə İran arealından, səfəvilikdən qopuş nəticəsində aman-zaman qurulmuş milli, dünyəvi dövlətimizin varlıq dəyərlərini yaşatmaq üçün mübarizəmizə davam edək. Diqqət edin, biz 1991-ci ildə rus müstəmləkəçiliyindən qurtula bildik, ancaq səfəvi-iran zehniyyətindən qurtulmamış minlərlə azərbaycanlını görəndə düşünürsən ki, hələ müstəqilliyimizin mənəvi təməlləri sağlam deyil.
Kaş ki, Böyük Rəsuzadədən bir-iki şüar əzbərləyib kənara çəkilməzdiniz, onun irsini diqqətlə oxusaydınız…
Məhəmməd Əmin bəyin Nuri Paşanın Bakını işğaldan azad etməsinin 1 illiyinə həsr olunan ziyafətdə söylədiyi sözlərə kaş ki, dəyər versəydiniz.
Deyirdi ki, bu Anadolu türkünün Azərbaycanı işğaldan azad etdiyi ikinci hadisədir. İlk dəfə bunu 350 il öncə türk paşası Özdəmir oğlu Osman etmişdi. Bakını Səfəvi işğalından azad etmişdi…
Hava limanında böyük qələbəlik gördüm. Məhəmmədhəsən əminin nəvələri öz ideallarını gerçəkləşdirmək üçün böyük bir sevgi ilə yola çıxırdılar. Mən isə Şəhidlər Xiyabanında müstəqilliyimiz üçün şəhid olmuş 1300 türk əsgərinin və Qarabağ savaşında şəhid olmuş minlərlə Vətən övladını ziyarət etməyə yollanıram. Sizləri Uca Yaradan feodal keçmişimizin qaranlığının, bizləri də çağdaş dövlətimizin və millətimizin xidmətçisinə çevirsin!
Uca Peyğəmbərimiz demişkən, sizin inandığınız sizə, mənim inandığım mənə yetər!
Orxan












