Fransa ABŞ-ın boşluğunu doldurmağa çalışır?

  • By admin
  • 29 Fevral 2024 09:01

İki gün əvvəl Fransa prezidenti Emmanuel Makronun təşkilatçılığı ilə Parisdə Ukraynaya hərbi yardımın artırılması mövzusunda konfrans keçirildi. Toplantıya Avropa ölkələrindən 20-yə yaxın dövlət və hökumət başçısı, eləcə də ABŞ və Kanada təmsilçiləri qatıldı.

Makron bəyan etdi ki, Rusiyanın qələbəsinə yol vermək olmaz və Avropada təhlükəsizlk, sabitlik üçün onun məğlub olması vacibdir. Əvvəla, qeyd edək ki, ifadə olunan bu mövqe radikal paradiqma dəyişikliyidir. Çox yaxın keçmişdə – Ukrayna müharibəsinə qədər istər Fransa, istərsə də Almaniya vaxtilə sadəlövhcəsinə irəli sürülən “Vankuverdən Vladivostoka qədər vahid təhlükəsizlik məkanı” düşüncəsinə uyğun olaraq Avropada təhlükəsizliyi Rusiyasız təsəvvür etmirdilər və bu məsələdə Moskva ilə tərəfdaşlığın zərurət olduğuna inanırdılar. Lakin müharibə başladıqdan sonra bu strategiyanın “Avropada təhlükəsizliyi Rusiya ilə birlikdə qorumaq”dan “Avropada təhlükəsizliyi Rusiyadan qorumağa” transformasiyası baş verdi.

Makronun ehtiyac olarsa, Ukraynaya Qərb ölkələrinin hərbi kontingentinin göndərilə biləcəyini də söyləməsi mübahisələrə səbəb olub. Şübhəsiz ki, bu ideya hazırda Qərbdə populyar deyil, amma ilk dəfədir ki, ali rəsmi səviyyədə gündəmə gətirilir. İdeyanın bu gün üçün ciddi dəstək tapmaması sabah da dəstəklənməyəcəyi anlamına gəlməz. Müharibənin ilk günlərində Ukraynaya ağır silahların verilməsi fikri də populyar deyildi.

Bu məsələdə Fransanın aktivləşməsinin cari və strateji səbəbləri var.

ABŞ-ın Ukraynaya yardımında fasilənin yaranması və ümumən onun liderliyi ilə bağlı sualların artması (o cümlədən Trampın hakimiyyətə qayıtma ehtimalı) Fransa və Avropa Birliyi üçün həm problemlər yaradır, həm də fürsətlər açır. Söhbət ilk növbədə ABŞ-ın birbaşa müdaxiləsi və aktiv iştirakı olmadan Avropanın problemlərinin Avropanın özü tərəfindən həlli zərurətinin dərk olunmasından gedir. Avropanın hərbi-təhlükəsizlik və texnoloji sahələrdə ABŞ-dan asılılığının azaldılması – Avropanın strateji avtonomiyasına (və ya strateji suverenliyinə) nail olunması qitənin siyasi dairələrində xeyli vaxtdır müzakirə olunan mövzudur. Bu anlayış hələ Ukraynadakı müharibədən əvvəl – 2016-cı ildə Avropa Birliyinin qəbul etdiyi Qlobal Strategiyada əksini tapıb. Makron ötən il bu məsələni bir daha gündəmə gətirərək bildirmişdi ki, Avropa güclü müdafiə və sənaye siyasəti sayəsində öz strateji muxtariyyətinə nail olmalıdır. Bu hədəf ölkə çərçivəsində milli suverenliyi, müstəqil xarici və təhlükəsizlik siyasətini, kənar güclərdən istənilən asılılığa yol verilməməsini ehtiva edən Qollizm doktrinasına da uyğundur. (Baxmayaraq ki, general de Qoll kollektiv-inteqrativ birliklərdə iştiraka isti baxmayıb.)

Yəni, Fransanın Ukrayna məsələsində aktivləşməsinin cari səbəbi ABŞ-ın bugünkü durumu ilə əlaqəlidir və Paris mümkün olan qədər yaranan boşluğu doldurmağa çalışaraq Almaniyanın da çəkingənliyi fonunda Qərb dünyasında liderliyə iddia edir. Strateji səviyyədə isə Ukrayna müharibəsi fürsət yaradır ki, Avropa müstəqil və qüdrətli bir güc mərkəzi olduğunu ortaya qoysun, bunu dünyaya göstərsin. Avropa Birliyi ABŞ və Çindən sonra üçüncü böyük iqtisadiyyatdır. O, iqtisadi gücünü hərbi güclə də tamamlamalıdır ki, digər iki “dev”lə eyni və ya çox yaxın səviyyədə qlobal çəkiyə malik olsun.

Avropanın gücünün hərbi komponenti bu gün üçün yetərli deyil və bu sahədə ABŞ-ın dəstəyinə, xüsusən onun nüvə çətirinə ehtiyacı davam edir. Amma artıq Avropa dərk edir ki, mövcud durum uzunmüddətli ola bilməz və o, öz təhlükəsizliyini özü təmin etməli, qitədəki problemləri də ABŞ-sız həll etməyi bacarmalıdır: həm ona görə ki, ABŞ istənilən vaxt öz köklərində olan izolyasionizmə (özünütəcrid siyasətinə) dönə bilər; həm də o baxımdan ki, Avropanın taleyi ABŞ-ın qərarlarından, onun hansı siyasəti yeridəcəyindən asılı olmamalıdır.

Şahin Cəfərli

 

Gununsesi.info