Həbsdə olan hüquq müdafiəçisi aclığa başlayıb

  • By admin
  • 07 May 2022 14:48

Hazırda 16 saylı cəzaçəkmə müəssisəsində saxlanılan jurnalist və hüquq müdafiəçisi Elçin Məmməd aclıq aksiyasına başlayıb.

Bu barədə Gununsesi.info-ya onun müdafiəçiləri bildirib.

Məlumatda görə, 2 ildir ki , həbsdə olan hüquq müdafiəçisi özünə qarşı ədalətsizliyə son qoyulmasını və dərhal azadlığa buraxılmasını tələb edir.

E.Məmməd sifarişlə həbs edildiyini və müəyyən dairələrin hədəfinə çevrildiyini bildirib.
O , hesab edir ki , maraqlı məmurların girovuna çevrilib və törətmədiyi cinayətə görə sanki əsirlikdə saxlanılır.

Qeyd edək ki , jurnalist 2020 – ci ilin mart ayında saxta şikayət əsasında həbs edilib , oğurluqda və qanunsuz silah saxlamada ittiham olunur. Həmin ilin oktyabrında məhkəmənin sifarişli hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya instansiyası və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.
Bu ilin oktyabrın 8 – də isə Suraxanı rayon Məhkəməsi E.Məmmədin cəzasının yüngül cəza növünə dəyişdirməkdən imtina edib.
Ona qarşı ayrı seçkiliyə də yol verilib və ittiham olunduğu maddələrin sanksiyasında həbslə əlaqəli olmayan cəzalar olsa da bu tətbiq edilməyib.

Hüquq müdafiəçisinin saxlanıldığı cəzaçəkmə müəssəsində 100 – dən çox son aylarda vaxtından əvvəl azadlığa buraxılıb və cəzaları yüngülləşdirilib. Ancaq E.Məmmədə qarşı anoloji addımlar atılmayıb. Proseslər göstərir ki , qondarma cinayət işini təşkil edənlər onun uzun müddət həbsdə qalmasında maraqlıdırlar. Bütün bunlar bir daha təsdiq edir ki , E.Məmməd qərəzli şəkildə həbs edilib və ondan sanki qisas alınır.

E.Məmməd mediada vətəndaşların pozulmuş hüquqları ilə bağlı məqalələr və korrupsiya faktları ilə əlaqədar araşdırma yazıları dərc edir , hesabatlar yayırdı. E.Məmməd həbsini peşə fəaliyyəti ilə əlaqələndirir və tənqidi fikirlərinə adekvat cavab sayır. Beynəlxalq insan hüquqlarını müdafiə təşkilatları ona qarşı ittihamları əsassız sayır və həbsdən azad olunmasını tələb edirlər.

E.Məmməd artıq hüququn verdiyi bütün imkanlardan istifadə edib və bu dövr ərzində hüquqi prosedurları gözləyib. Üzləşdiyi bütün qanunsuzluqlara görə aidiyyatı yerlərə müraciətlərə lazımsız cavablar verməklə kifayətləniblər. Ona qarşı qondarma ittihamlara haqq qazandırılıb və onu həbsdə saxlamağa çalışıblar.

Xatırladaq ki , E.Məmməd hepatit C xəstəsidir , bronxlarında problem var , nəfəs almaqda çətinlik çəkir , böyrəkləri normal funksiya yerinə yetirmir və prostatitdən əziyyət çəkir. O belə vəziyyətdə olsa da tələbləri yerinə yetirilməyənə qədər yalnız qəbul su etməklə bütün növ qidalardan imtina edib.

Günay
Gununsesi.info