Məhkəmə MTN generalı ilə bağlı yeni qərar verdi

  • By admin
  • 01 Fevral 2023 19:15

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinov və qurumun tərkibində idarə rəisləri işləmiş Elcan Abdullayev, Elman Tahirov və əməliyyat müvəkkili Nadir Nəzirovun cinayət işi üzrə apellyasiya məhkəməsi başa çatıb.

Gununsesi.info xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi Bakı Hərbi Məhkəməsinin hökmünü qismən dəyişdirib. Çıxarılan yeni qərara əsasən, N. Şirinovun həbs müddəti 8 ildən 6 ilə, E.Abdullayevin cəzası 6 ildən 5 ilə endirilib.

Nadir Nəzirov isə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün onun barəsində cinayət işinə xitam verilib. MTN əməkdaşı məhkəmə zalından azadlığa buraxılıb. O, daha öncə 4 illik həbs cəzası almışdı.

Qeyd edək ki, N.Şirinov E.Abdullayev, E.Tahirov və N.Nəzirovla mütəşəkkil dəstə tərkibində ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməkdə, külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə alıb, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırılmasında ittiham olunurdu.

Gununsesi.info