Masallıda aztəminatlı ailələrə pulsuz hüquqi yardım aksiyası təşkil edildi

  • By admin
  • 16 Aprel 2022 19:20

Ötən 4 il ərzində Vəkillər Kollegiyasının təşəbbüsü ilə respublika üzrə mütəmadi olaraq ödənişsiz hüquqi yardım aksiyaları təşkil olunur və çox sevindirici haldır ki, bu aksiyalara dövlət qurumları, icra aparatları, o cümlədən Milli Məclisin deputatları da qoşulur. Onların təşəbbüsləri əsasında Vəkillər Kollegiyasının dəstəyi ilə vəkillər
aztəminatlı vətəndaşlar üçün əlçatan olur, pozulmuş hüquqlarının bərpasına qanuni yolla nail olurlar. Son zamanlar Masallı rayonunda icra aparatı və millət vəkillərinin vətəndaşlarla mütəmadi keçirdiyi görüşlər demək olar ki, intensiv hal alıb.
Həyata keçirilən tədbirlərin davamı olaraq, 16 aprel tarixində Masallı Rayon İcra Aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərovun təşəbbüsləri, həmçinin Vəkillər Kollegiyasının dəstəyi ilə Masallı rayonunda aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərildi.
Masallı rayon Heydər Əliyev Mərkəzində baş tutan görüşdə 40 aztəminatlı rayon sakini ödənişsiz hüquqi yardımla təmin olundu. Onlardan əlavə 21 şəhid ailəsi millət vəkilləri ilə görüşdə iştirak etdi.
Azadmedia.az-ın Cənub bürosunun rəhbəri RəmziŞahverdiyevin verdiyi məlumata görə şəhid ailələrinin problemləri yerində araşdırıldı və tezliklə həll olunması üçün müvafiq tapşırıqlar verildi. Gələcəkdə də sakinlərin pulsuz hüquqi yardım alması üçün icra aparatı, millət vəkilləri və Vəkillər Kollegiyasının təmsilçiləri müntəzəm görüş keçirəcəklərini bildirdilər.
Rayon sakinləri onlar üçün yaradılmış bu şəraitə görə rayon rəhbərliyinə, millət vəkillərinə və Vəkillər Kollegiyasının üzvlərinə təşəkkür etdilər.