İnsan tarix boyu özünü müəyyən etmək üçün müxtəlif kimliklər yaradıb. Məsələn, qəbilə, tayfa, din, dil, dövlət, ideologiya və nəhayət, millət. Ümumi götürsək, millət anlayışı müasir dünyanın ən güclü sosial konstruksiyalarından biridir. Çünki insanlar bunun uğrunda ölüb, öldürüb, dövlətlər qurub, imperiyalar dağıdıb. Lakin hər ideya kimi milliyyətçilik də müəyyən həddi keçdikdə faydalı olmaqdan çıxır və dağıdıcı xarakter qazanır.
Birmənalı şəkildə bilmək gərək ki, millət təbii deyil, tarixi konstruksiyadır. Millət insanların düşündüyü qədər qədim və dəyişməz anlayış deyil. İnsan min illər boyu özünü azərbaycanlı, alman və ya fransız kimi yox, kəndinin, tayfasının, dininin və ya hökmdarının adamı kimi tanıyıb. Müasir millətlər isə əsasən son iki-üç əsrdə formalaşıb.
Bu, həm də o deməkdir ki, millət insanın seçmədiyi bir kimlikdir. İnsan hansı millətdə doğulacağını özü müəyyən etmir. Lakin milliyyətçilik təsadüfi doğuluşu mənəvi üstünlüyə çevirir. Başqa sözlə, insanın əxlaqi dəyəri doğulduğu yerə görə yox, etdiyi seçimlərə görə müəyyən olunmalıdır. Əgər bir insan yalnız azərbaycanlı olduğu üçün yaxşıdırsa, başqa biri yalnız erməni, rus və ya fars olduğu üçün pisdirsə, bu artıq əxlaq deyil, qəbilə düşüncəsidir.
Milliyyətçiliyin ən böyük təhlükələrindən biri insanı fərd olmaqdan çıxarmasıdır. Milliyyətçi düşüncə insanı bir şəxsiyyət kimi deyil, kollektivin nümayəndəsi kimi görür. Belə düşüncədə insanın fikirləri, istedadı, xarakteri ikinci plana keçir. Əsas məsələ onun hansı millətə mənsub olması olur. Nəticədə belə bir məntiq yaranır ki, bizim millətdəndirsə, yaxşıdır, başqa millətdəndirsə, şübhəlidir.
Milliyyətçilik, adətən, tarixi olduğu kimi qəbul etmir. Hər millət özünü qəhrəman, məzlum, seçilmiş və ya müstəsna göstərmək istəyir. Bu səbəbdən, milliyyətçi cəmiyyətlərdə tarix elm olmaqdan çıxıb təbliğata çevrilir. Daha dəqiq, tarixçi fakt axtarır, milliyyətçi isə təsdiq. Sosial baxımdan milliyyətçiliyin əsas problemlərindən biri onun çox zaman öz varlığını “başqaları” üzərində qurmasıdır. Yəni milliyyətçilik həmişə düşmənə ehtiyac duyur.
Milliyyətçi ideologiyalar tez-tez belə işləyir:
“Biz” anlayışı yaratmaq üçün “onlar” anlayışına ehtiyac yaranır.
Bu “onlar” bəzən başqa millət, bəzən miqrantlar, bəzən dini azlıqlar, bəzən də sadəcə fərqli düşünən insanlar olur. Nəticədə cəmiyyət daxilində qorxu və şübhə artır. İnsanlar bir-birini vətəndaş kimi yox, kimliklər toplusu kimi görməyə başlayırlar. Azərbaycanda bu məsələ isə daha çox türkçülüklə bütünləşir. Əlbəttə, kimlərsə bununla fəxr edə, öyünə bilər, buna hardasa haqqı da çatır. Fəqət bununla öyünməyin, özünü türk və ya başqa millətsən deyə hamıdan üstün görməyin çox da yaxşı bir iş olmadığını da bilmək lazımdır. Qatı miliyyətçi təfəkkür kosmopolit insandan tutmuş digər fərqli düşənən şüuraltı olaraq düşmən, təhlükə kimi baxır. Bu isə hər şeydən əvvəl qeyri-insanı faktdır.
Adətən, türk milliyyətçilərinin dilindən səslənən ifadələr də belə olur:
“Türkü həzm edə bilmirsiniz”, “Türkə düşmən kəsilmisiniz”, “Qanı xarab, qarışıq”, “Türk olmaq üstünlükdür” və s. və ilaxır.
Bu adamların heç birində bu sözlərin izahı yoxdur. Məgər dünyada elə bir proses var, türklər məhv edilirmi? Yoxsa, Turanı türk milliyyətçisi olmayanlar qurmağa imkan vermir? Nədən qaynaqlanır bu narahatlıq?
Bütün bunlardan əlavə, milliyyətçi düşüncə çox zaman mədəniyyəti inkişaf etdirmək əvəzinə onu dondurur. Çünki hər yenilik “milli dəyərlərə təhlükə” kimi təqdim oluna bilir. Tarix göstərir ki, elm, ədəbiyyat və incəsənət müxtəlif mədəniyyətlərin qarşılıqlı təsiri nəticəsində inkişaf edib. Qapalı milliyyətçi düşüncə isə xarici təsirləri təhlükə hesab edir. Nəticədə cəmiyyət özünü dünyadan təcrid edir.
Son olaraq, milliyətçilik hər şeydən əvvəl can alır.
Tarixdəki ən qanlı müharibələrin hamısı yalnız milliyyətçilikdən yaranmasa da, milliyyətçilik onların əsas yanacaqlarından biri olub. İnsan qarşısındakı adamı fərd kimi görəndə onu öldürmək çətindir. Amma onu sadəcə “başqa millət” kimi görəndə bu daha asanlaşır.
Milliyyətçilik insanı insan kimi yox, kollektiv etiket kimi görməyə meyllidir. Bu isə zorakılığı mənəvi baxımdan əsaslandırmağı asanlaşdırır.
Orxan Saffari












