Müğənni Şəhriyar Məhərrəmov toy məclislərində Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Gununsesi.info xəbər verir ki, sənətçinin sözlərinə görə, Dövlət Himni rəsmi və dövlət əhəmiyyətli tədbirlərdə, idman yarışlarında, konfranslarda və digər xüsusi mərasimlərdə səsləndirilməlidir.
O hesab edir ki, toy məclisinin açılışında himnin ifa olunması toyun ab-havasına və şadlıq evinin konsepsiyasına uyğun deyil.
Məhərrəmov bildirib ki, toyun başlanğıcında bütün qonaqların ayağa qaldırılaraq bir dəqiqəlik sükutla anım keçirilməsi də məclisin formatına uyğun gəlmir:
“İdarə etdiyim toylarda hər zaman məclis sahiblərini bu barədə məlumatlandırıram. Böyük əksəriyyəti mənim fikirlərimlə razı olur”.
Müğənni həmçinin bəy və gəlinin ziyafət zalına daxil olması zamanı rəqqaslar tərəfindən Azərbaycan və Türkiyə bayraqlarının dalğalandırılmasına da müsbət yanaşmadığını bildirib.
Onun sözlərinə görə, toy mərasimləri dövlət tədbiri və ya rəsmi mərasim deyil.
Şəhriyar Məhərrəmov qeyd edib ki, bu cür atributlardan istifadə edilməməsi dövlətə və xalqa sevgisizlik kimi qiymətləndirilməməlidir:
“Toyda himn səsləndirmiriksə, sükut etmiriksə, bu o demək deyil ki, biz dövlətimizi və xalqımızı sevmirik. Sadəcə, bu cür şouları şəxsən mən mənasız hesab edirəm”.
Müğənni əlavə edib ki, Azərbaycanda yüksək vəzifəli şəxslərin iştirak etdiyi məclisləri də idarə edib və onların bir çoxu da bu məsələdə onunla eyni fikirdə olduqlarını bildiriblər.
Elmar










