Azərbaycanda vergi borclarının həcmi ilin ilk yarısında 741,6 milyon manat artaraq 4 milyard 50,4 milyon manata çatıb.
Gununsesi.info-nun xəbərinə görə, iqtisadçı Natiq Cəfərli bu barədə fikirlərini bildirib.
O bildirib ki, rəsmi məlumata görə, 2026-cı il iyulun 1-nə Azərbaycanda vergi borclarının həcmi 4 milyard 50,4 milyon manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 741,6 milyon manat və ya 22,4 faiz çoxdur.
Cəfərli vergi borclarının artmasının səbəblərinin araşdırılmasının vacib olduğunu vurğulayıb:
“Yaxşı, niyə artıb, kimdir borclular?!”
İqtisadçının sözlərinə görə, dövlət şirkətləri arasında da böyük vergi borcu olan müəssisələr var.
O qeyd edib ki, bu istiqamətdə ayrıca təsnifat aparılmasa da, “Azərenerji” kimi şirkətlərin böyük vergi borcları həmişə olub və hazırda da var.
Cəfərlini narahat edən əsas məqam isə özəl şirkətlərin vergi borclarının artmasıdır.
Onun fikrincə, bu, özəl sektorun dövriyyə və gəlirlərinin azalmasına işarə edə bilər.
“Dövriyyə-gəlir azalıbsa, deməli yeni yatırımlar etmirlər. İnvestisiya yoxdursa və ya azdırsa, deməli yeni iş yerləri yaranmır, iqtisadi aktivlik yavaşlayır”, – deyə iqtisadçı yazıb.
Natiq Cəfərli hesab edir ki, bütün bu proseslərin kökündə iqtisadi artımın zəifləməsi və ölkədə daha az əlavə dəyərin yaradılması dayanır.
O, bunun səbəbləri sırasında vergi, rüsum və cərimə siyasətini, eləcə də iqtisadi aktivliyi təşviq edən stimulların zəif olmasını göstərib.
İqtisadçı paylaşımında iqtisadi vəziyyətlə yanaşı, ölkədəki ictimai-siyasi gündəmlə bağlı da müqayisə aparıb.
O yazıb ki, vaxtilə Ermənistan tarixini “marazm səviyyəsində” müzakirə etdiyi halda Azərbaycan iqtisadi aktivliyin pikini yaşayırdı.
Cəfərlinin fikrincə, hazırda Azərbaycan da tarixi diskursa həddindən artıq fokuslanarkən Ermənistan iqtisadi bum yaşayır.
Elmar











