Özəlləşdirmə çeki sahiblərindən Baş nazir və nazirlərə AÇIQ MÜRACİƏT

  • By admin
  • 16 Avqust 2022 14:22

Müraciət edən ailələr özəlləşdirmə çekləri ilə bağlı məsələnin həlli üçün dəstək istəyib

Özəlləşdirmə çekləri ilə bağlı minlərlə ailə adından Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova, iqtisadiyyat naziri Mikayıl Cabbarova, ədliyyə naziri Fikrət Məmmədova və Milli Məclisin deputatlarına açıq məktub ünvanlanıb.

Gununsesi.info-nun xəbərinə görə, məktubda deyilir:

“Özəlləşdirmə çeklərini ümidlə saxlayan yüz minlərlə ailə adından xahiş edirik ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanun lahiyəsində keçmişdə baş vermiş səhvlərin və Konstitusiyaya zidd maddələrin analiz edilərək aradan qaldırılmasına diqqət göstərəsiniz. Çünki o vaxtı qəbul olunan qanunla özəlləşdiriləcək bütün orta və böyük müəssisələrin əmlaklarının 65%-nin mülkiyyət payı kimi dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri ilə ölkə vətəndaşlarına verilməsi kapitalizmə dinc keçid üçün dövlətin və Ulu Öndər Heydər Əliyevin tarixi ədalət siyasəti prinsipinin əsasını təşkil edib.

Artıq hamıya məlumdur ki, mülkiyyət hüququ heç bir fərmanla ləğv edilə və ya pozula bilməz. Eyni zamanda Baş Nazirin Mərkəzi Banka göstərişindən belə məlum olur ki, artıq bizim ölkəmizdə də beynəlxalq hüquqa uyğun olaraq qiymətli kağızların alqı-satqısı, dövriyyəsi ancaq qanunla tənzimlənəcək. Deməli, özəlləşdirmə çeklərinin tədavülü barədə Cənab Prezidentin yeni fərmanına heç bir ehtiyac yoxdur. Yəni, özəlləşdirmə payına düşən əmlak mülkiyyət hüququ və dövlət qiymətli kağızı olan özəlləşdirmə çeklərinin yeni “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunda tənzimlənməsi Konstitusiya, qanunlara və beynəlxalq hüquq normalarına uyğun olacaq.

Özəlləşdirmə çekləri ilə bağlı prosesdə mövcud olan səhvlər və qanunsuzluqlar 5 il öncə bir neçə hüquqşünas, professor, deputatlar və ekspertlər tərəfindən araşdırılıb.

33 min ailə adından xahiş edirik ki, bu linkdəki bütün məmlumatlarla yaxından tanış olasınız.

https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133

Ümid edirik ki, cənab Prezident İlham Əliyevə düzgün məlumat çatdırılacaq.

Bu müraciəti oxuyandan sonra yəqin ki, hələ də çeklərini satmayan 1 milyon vətəndaşa Mülki Məcəllədəki qayda üzrə kompensasiyanı ödəmədən, dövlət əmlaklarının satılmasının Konstitusiyaya, qanunlara və beynəlxalq hüquqa zidd olduğunu biləcəksiniz.

Sonda bu sualımıza cavab verilməsini xahiş edirik:

Cənab Prezidentin 22 ilyul 2022-ci il sərəncamı ilə hazırlanan yeni özəlləşdirmə qanunda vətəndaşların özəlləşdirmə əmlak payı, özəlləşdirmə çeklərinin dövriyyəsi və nominal əmlak dəyəri barədə maddələr olacaqmı?”

Gununsesi.info