İran Prezidenti Məsud Pezeşkianın ölkənin əsas probleminin ABŞ-ın mümkün yeni hücumundan daha çox iqtisadi və sosial məsələlərlə bağlı olduğu barədə fikirləri müzakirə olunur.
Gununsesi.info xəbər verir ki, iqtisadçı Natiq Cəfərli Pezeşkianın bu yanaşmasını doğru hesab edir.
O bildirib ki, İranın son illərdəki iqtisadi göstəriciləri ölkənin ciddi problemlərlə üz-üzə olduğunu göstərir.
“2018-ci ildən üzü bəri İran milli valyutası 50 dəfə dəyərdən düşüb, ərzaq qiymətləri 34 dəfə bahalaşıb. Adambaşına düşən ÜDM 12 faiz azalıb, 16 milyon insan yoxsulluq səviyyəsində yaşayır. Son bir ildə təkcə zavod və fabriklərdə 630 min iş yeri bağlanıb, son illərdə isə işsizlik səviyyəsi 15 faizi keçib”, – deyə Natiq Cəfərli qeyd edib.
Onun sözlərinə görə, bütün bu problemlərə baxmayaraq, İran dünyanın ən böyük inkişaf potensialına malik ölkələrindən biridir.
“İranın resursları boldur. Ən böyük üstünlüyü isə gənc, savadlı, işgüzar, bacarıqlı, İQ səviyyəsi yüksək olan toplumudur. Normal idarəetmə sistemi qurulsa, İran dünyaya açılıb investisiyalar cəlb edə, texnoloji transformasiyaya gedə bilsə, yaxın 10-15 ildə dünyanın ən zəngin ölkələrindən birinə çevrilə bilər”, – iqtisadçı bildirib.
Natiq Cəfərlu İranın iqtisadi baxımdan güclü və inkişaf edən ölkəyə çevrilməsinin Azərbaycan və bütövlükdə region üçün də müsbət nəticələr doğuracağını vurğulayıb.
“Bizim də arzumuz budur. Cənub qonşumuz varlı, açıq, inkişaf edən ölkə olsun. Bu, Azərbaycan, elə bütün regionumuz üçün iqtisadi üstünlüklər gətirəcək”, – deyə o əlavə edib.
Elmar











