Paşinyanın bu açıqlaması Rusiyanı ifşa etmək məqsədi daşıyır

  • By admin
  • 17 Dekabr 2020 14:23
Ermənistan baş naziri Nikol Paşinyan “Azadlıq” radiosuna verdiyi müsahibədə “Hadrut böhranı” ilə bağlı maraqlı məqamlar açıqlayıb.
Belə ki, Paşinyan Hadrutda rus “sülhməramlı”ların da Azərbaycan ordusunun mühasirəsinə düşməsini bildirməklə, son hadisələrin arxasında Rusiyanın dayandığını göstərib. Düzdür, Rusiya Xarici İşlər Nazirliyi dərhal bu məlumatı təkzib etdi. Amma informasiya sahəsində peşəkar bir mütəxəssis olan Paşinyan qəsdən də bu məlumatı ortaya atmaqla Rusiyanı hədəf kimi göstərə bilər. Çünki Paşinyan belə açıqlamalarla böyük siyasətdə ara qarışdırmağın mümkün olmadığının da fərqindədir. Böyük ehtimalla Paşinyan demək istəyir ki, orada baş verənlərin Ermənistana dəxli yoxdur, rus “sülhməramlı”ların işidir.
Bu isə o deməkdir ki, terrorçularla birlikdə mühasirəyə də düşməyi bacaran “sülhməramlı”lar 10 noyabr bəyanatından irəli gələn məsələləri, yəni erməni silahlılarını indiyə qədər Azərbaycan ərazilərindən çıxartmaq istəmir.
Qeyd edək ki, “Hadrut böhranı”nın ilk günü keçirdiyi təhlükəsizlik şurasının iclasında da Paşinyanın bundan açıq şəkildə narazı olduğunu nümayiş etdirdi. Və həmin iclasda bildirdi ki, Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmalıyıq. Bu isə onu göstərir ki, Paşinyan yenidən müharibənin qızışmasını istəmir və Kremlə də mesaj verir ki, bizi təzədən müharibəyə çəkmək istəsəniz, Türkiyə ilə sizin vasitəçiliyiniz olmadan danışıqlara gedəcəyik.

Gununsesi.org