“Peyğəmbərliyini” elan edən şarlatan uşaqlara qarşı zorakılıq ittihamı ilə həbs edildi

  • By admin
  • 15 Mart 2024 11:50

Zimbabvedə özünü “peyğəmbər” elan edən şarlatanın qalmaqallı ferması üzə çıxıb.

Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, 56 yaşlı Ishmael Çokurongerva uşaqlara qarşı zorakılıqda ittiham olunub.

Polisin Çokurongervanın şəxsi mülkiyyətində keçirdiyi əməliyyat zamanı orada saxlanılan 251 uşaq xilas edilib. Uşaqlardan 246-nın doğum haqqında şəhadətnaməsinin olmadığı bildirilib. Uşaqların ucuz işçi qüvvəsi kimi istifadə edildiyi iddia edilərkən, şəxsi mülklərdə həyatını itirən uşaqlara aid olduğu güman edilən nişansız qəbirlər də tapılıb.

Məhkəməyə dünən yeddi tərəfdarı ilə birlikdə gələn Çokurongerva həbs edilib. Təqsirləndirilən səkkiz nəfər uşaq hüquqlarını pozmaqla yanaşı, dəfn qanunlarını pozmaqda da ittiham olunub. Əməliyyatın keçirildiyi Çokurongervanın ferması paytaxt Hararedən 34 kilometr şimal-qərbdə yerləşir. Səlahiyyətlilər təsərrüfatdan xilas edilən uşaqların formal təhsil almadıqlarını və “kült rəhbərliyinin xeyrinə işlədildiklərini” bildiriblər.

Çokurongerva 2015-ci ildə onu araşdıran polis əməkdaşlarına hücum etməkdə ittiham edilərək həbs edilib. O, ölkədəki Apostol (Həvari) kilsələrinin bir hissəsidir. Bu kilsələr qeyri-qanuni təcrübələri müdafiə edirlər. Bura uşaq evliliyi də daxildir. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Zimbabvedə bu kilsələrə təxminən iki milyon insan gedir. Bu, əhalinin 6 faizinə bərabərdir. Müasir təbabəti rədd edən bu kilsələr ibadətlərini açıq havada keçirməyə üstünlük verirlər.

Yerli radiostansiyaya danışan keçmiş təriqət üzvü Çokurongervanın fermasında yüzlərlə ailə saxladığını və onların xarici dünya ilə əlaqə saxlamasına mane olduğunu bildirib.

Gununsesi.info