Qənirə Ataşovdan keçmiş həmkarına sərt ittiham - DİPLOMU BELƏ YOXDUR

  • Müəllif: Firuzə
  • 29 Oktyabr 2026 12:42

Səhiyyə Nazirliyinin keçmiş mətbuat katibi Pərviz Abubəkirovun ali təhsilinin olmadığı iddia edilir. Onun vaxtilə ANS televiziyasında çalışdığı dövrü xatırladan jurnalist Qənirə Ataşova bu məsələni yenidən gündəmə gətirib.

Gununesi.info xəbər verir ki, ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova sosial media hesabında Pərviz Abubəkirovun vəzifədən ayrılması ilə bağlı paylaşım edib. O, Abubəkirovun nazirliyin mətbuat katibi olduğu dövrdə media ilə qurum arasında ciddi kommunikasiya problemlərinin yarandığını iddia edib.

Ataşovanın sözlərinə görə, jurnalistlər rəsmi suallarına cavab ala bilmədikləri üçün bir çox hallarda məlumatları birbaşa xəstəxanalardan və həkimlərdən əldə etməyə çalışıblar. Bu isə həm media nümayəndələrinin, həm də tibb işçilərinin işini çətinləşdirib.

Jurnalist hesab edir ki, nazirliyin mətbuat xidmətinin əsas vəzifəsi səhiyyə siyasəti, sistemdəki problemlər və ictimai əhəmiyyətli məsələlərlə bağlı media ilə operativ əlaqə qurmaqdır. Onun fikrincə, bu funksiyanın yerinə yetirilməməsi qurumla jurnalistlər arasında münasibətlərə mənfi təsir göstərib.

Qənirə Ataşova, həmçinin Pərviz Abubəkirovun ali təhsilinin olmadığını iddia edib. O, keçmiş mətbuat katibinin vaxtilə ANS televiziyasında montajçı kimi çalışdığını bildirib və onun belə məsuliyyətli dövlət vəzifəsinə hansı meyarlarla təyin olunduğunu sual edib.

Qeyd edək ki, Pərviz Abubəkirov 2018-ci ildə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunmuşdu. O, bu yaxınlarda vəzifəsindən ayrılıb.

Gununesi.info