Müasir poeziyada əsas yeri, rolu olmayan janr məhz qəzəldir.
Ümumiyyətlə, qəzəlin artıq klassika olduğunu qəbul etmək, onu modernləşdirməyə cəhd etməmək gərəkdir.
Hər şeydən əvvəl, qəzəl müasir poeziya üçün artıq yaradıcı enerji mənbəyi deyil. O, daha çox keçmişin estetik qalıqlarını qoruyan bir formadır.
Qəzəl nə müasir poeziyaya, nə də müasir poeziyanın işıq saldığı mətləblərə toxuna bilir.
Obrazlı desək, müasir şeir həyatdan doğulur, qəzəl isə çox vaxt başqa qəzəllərdən.
Qəzəl qəlibdir, qəzəl təkrardır, qəzəl meyxanadır.
Bu janr əsrlər boyu o qədər təkrarlanıb ki, onun obraz sistemi artıq avtomatlaşıb.
Gül, bülbül, meyxana, saqi, məşuq, hicran, vüsal, zülf, cam və digər simvollar yüz illərdir eyni semantik yükü daşıyır. Qəzəl heç vaxt bunlara yenilik, can verə bilməyib, fərqlilik yaratmayıb.
Qəzəldə forma məzmunu idarə edir. Şair əvvəlcə qafiyə və rədifi tapır, sonra fikri ona uyğunlaşdırır. Bu isə, ilk növbədə, yaradıcılığın təbii axarını pozur. Müasir poeziyada isə fikir formanı yaratmalıdır.
Qəzəl ilə yeni heç nə demək olmaz.
Qəzəlin başqa bir zəif tərəfi onun emosional təkrarçılığıdır. Əsrlər boyu yazılan minlərlə qəzəlin əsas mövzuları eşq, ayrılıq, həsrət və ilahi məhəbbət olub. Bu mövzular, əlbəttə ki, tükənməzdir. Lakin qəzəlin təqdim etdiyi emosional modellər artıq oxucu üçün gözləniləndir.
Müasir ədəbiyyat isə gözlənilməzlik tələb edir.
Qəzəl tərəfdarları tez-tez böyük klassikləri misal göstərirlər. Ancaq bir formanın böyük ustalarının olması həmin formanın gələcək üçün zəruri olması demək deyil.
Başqa sözlə, orta əsrlərdə möhtəşəm qalalar tikilib. Bu, hazırda müasir şəhərlərin də qala formasında tikilməli olduğunu göstərmir.
Qəzəlin ən böyük problemi budur ki, o, yaşamaq üçün deyil, yaşadılmaq üçün mövcuddur.
Çünki yaşayan ədəbiyyat süni nəfəs aparatına ehtiyac duymur.
Qəzəlin müdafiəçiləri çox vaxt onun “ənənə” olduğunu deyirlər. Ancaq ənənə özü-özlüyündə estetik dəyər deyil. Əks halda, bəşəriyyət hələ də mağaralarda yaşamalı, at arabası ilə hərəkət etməli, dünyanın Günəş ətrafında fırlandığını inkar etməli idi.
Ənənə yalnız yeni yaradıcılıq imkanları doğurduğu müddətdə əhəmiyyətlidir. Əgər bir ənənə artıq yalnız özünün təkrarına çevrilibsə, o zaman o, yaradıcılıq hadisəsi yox, mədəni eksponatdır.
Konkret desək, qəzəl bu gün yaşayan poeziya deyil, muzey poeziyasıdır.
Daha dəqiq, onun yeri ədəbiyyat tarixindədir, ədəbiyyatın gələcəyində yox.
Qəzəldə həmişə bir hicran başqa bir hicranın təkrarıdır.
Qəzəl qəfəsdir. Ancaq ən mükəmməl şəkildə hörülmüş qəfəs elə yenə də qəfəsdir.
Qəzəlxanların “müasir qəzəl” dediyi anlayış isə birmənalı olaraq “müasir feodalizm”dir.

Orxan Saffari












