Qazaxstanda yarımgizli çalışan siyasi qruplar var - ANAR MƏMMƏDLİNİN ŞƏRHİ

  • By admin
  • 05 Yanvar 2022 17:24

İnsan hüquqları fəalı Anar Məmmədli Qazaxıstanda baş verənlərlə bağlı fikirlərini açıqlayıb.
Gununsesi.info-nun xəbərinə görə, Anar Məmmədli bildirib ki, bu ölkədə repressiyalar heç vaxt səngiməyib:
“Nazarbayevin 32 illik hakimiyyəti ölkədə bütün demokratik qüvvələrin sıradan çıxarılması, pulla alınması, həbsi və ya ölkəni tərk etməsi ilə nəticələnib. Uzun illər ərzində iqtidar özünə oyuncaq parlament, GONGO-lar, media, peyk partiyalar düzəldib – bzidə olduğu kimi. Amma həmkarlar ittifaqları, kiçik vətəndaş birlikləri, yarımgizli çalışan siyasi qruplar və dini icmalar arasında müstəqilliyini qoruyanlar var.

Yeri gəlmişkən, son illər artan dini icmaların üzvləri vaxtaşırı təqib və təzyqilərə məruz qalırlar. Maraqlıdır ki, müsəlman adət-ənənələrinə bağlılıq bu illərdə qazaxlar arasında milli kimliyin tərkib hissəsinə çevrilməyə başlayıb. Hazırda həbsdə olan siyasi məhbuslar arasında dini qrupların təmsilçiləri də çoxdur.

Post-Nazarbayev dövrü ilə bağlı iddiası və narahatlığı olan maliyyə-oliqarx qrupları öz mövqelərini itirmək istəmirlər. Bəziləri hətta gələcəkdə üstün siyasi mövqelər ələ keçirmək istəyir. Amma Tokayevin gəlişi post-Nazarbayev dövrünün başlanğıcı deyildi. Nazarbayev ailəsi siyasi hakimyyətə nəzarətini saxlayıb. İndiki situasiya bu ailənin tamamilə və ya böyük ölçüdə hakimiyyətdən çəkilməsi ilə nəticələnsə belə sistemin tamamilə çökməsi etirazçı qüvvənin siyasi təşkilatlanmasından asılı olacaq.

Etirazlara gəldikdə, bunun adı xalq etirazdır. Gecə boyu siyasi şüarlar səslənsə də, prosesə rəhbərlik edən siyasi qüvvə görünmür. Əslində Qazaxıstan kimi ölkə üçün spesifik cəhətdir. Amma bu proses ölkədə ciddi repressiya dalğası ilə müşayiət olunsa da siyasi canlanma yarada bilər. Etirazlar özünün yeni təşkilatlarını formalaşdıra bilər. Bunu da vurğulayaq ki, rejim küçəyə hərbi hissələri çıxarsa da, hələlik Azərbaycan, Rusiya və Belarusda olduğu kimi etirazçılarla qəddar davranmır”.

Bununla belə Anar Məmmədli deyir ki, Qazaxıstanda iqtisadi mühit və neft gəlirlərinin bölüşdürülməsi yaxşı vəziyyətdə olub:“Amma bu ölkədə də kasıb və yoxsul vəziyyətdə yaşayan xeyli insan var. Pandemiya dövründə orta sinifin təmsilçiləri də xeyli ziyan çəkib. Ölkədə addımbaşı rüşvət vermək deyə bir şey olmasa da, tanışlıq və tapşırıqla vəzifəyə götürülmə, tender ələ keçirmə, digər korrupsiya halları yayğındı. Məsələn, yerli icra hakimiyyəti – akimatda çalışan xeyli gənc var ki, Qərb ölkələrində təhsil alıb. Amma bu vəzifədə çalışan keçmiş tələbə yoldaşlarım deyirdi ki, təhsildən öncə bu strukturlara işə düzəlməlisən.

Qazaxstanda yaşayan ruslar arasında da tanışlarım var. Onlarda heç vaxt seperatist meyl görməmişəm. Əksinə həm siyasi həyatda, həm vətəndaş cəmiyyəti, həm də mediada fəal şəkildə demokratik dəyişiklikləri müdafiə ediblər. Əgər 20 il əvvəl cənubdan olan qazax rus dilini bilmədiyinə görə ələ salınırdısa, indi Astanada qazaxca bilməyənə rast gəlmək çətindi. Bürokratik aparatda çalışan rusdilli kəsim də bu gerçəkliyi anlayır.

Təbii ki, Qazaxstanda demokratik dəyişiklilər başlasa, bu Putinin ürəyincə olmayacaq. Amma Putinin də gücü bir yerə qədərdi. Birdəki Qazaxstanda geopolitik trayektoriyanı dəyişmək istəyən siyasi qüvvə olmadığından mümkün hakimiyyət dəyişməsində Kremlin maraqları ciddi zədə almayacaq.

Nəhayət, bu etirazlar mövcud siyasi sitemi ciddi şəkildə silkələyəcək. Amma sovet mirasina söykənən rejimin açıq siyasi sistemə çevrilməsi üçün indi hakim elitada təmsil olunan qrupların ortaq siyasi iradəsi lazımdı. Əfsus ki, bunu proqnozlaşdırmaq çətindir. Ən pis halda elita daxilində parçalanma və siyasi yumşalma üçün dəyişikliyə ümid edək”.

Günay
Gununsesi.info