Hazırda həbsdə olan siyasi fəal Ruslan İzzətlinin xanımı Günel Manaflı sensasion açıqlama yayıb.
Gununsesi.info bildirir ki, siyasətçinin xanımı həyat yoldaşı həbs olunan zaman onun avtomobili də polis tərəfindən duracağa aparılıb:
“Amma kimliyi bilinməyən şəxslər həmin maşını şəhərdə idarə edir və cərimə bildirişləri də onun mobil telefonuna gəlib.
Ruslan İzzətli həbs edildiyi gündən, yəni ə, 8.03.2024-cü ildən maşını da “həbs” adı altında Xətai rayon polis bölməsinin həyətində saxlanılır. Həbs haqda qərar 7 aydır istənilsə də verilmir. SMSradar proqramını telefonuma yüklədiyim üçün maşınla bağlı hər şey mənə gəlir
Kim bizə aid olan maşını 02.10.2024 cü il saat 00:40 da sürür ki sürət həddini keçdiyi üçün də cərimə gəlir?! Bununla bağlı şəkil və video var!
Bu nə özbaşınalıqdır?! Dərhal cavab istəyirik və artıq maşının həbs qərarının verilməməsi, maşının özbaşına icazəsiz hansısa polisin götürüb gecələr avtoşluq etməsi barədə də hüquqi addım atılacaq.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi maşın haqda müstəntiq Əlibala Hacıyevin dediyi kimi həbs qərarı varsa, texniki baxışdan keçmədiyi üçün 50 manat cəriməni necə yaza bilirsiz? Axı sistemdə maşın üzərində həbs qərarı olduğunu görməli idiniz? Görməmisinizsə deməli yalan danışılır, maşın haqda həbs qərarı yoxdur və tam qanunsuz şəkildə 7 aydır saxlanılır və istəyən şəxs də bizə aid maşınla gecələr şəhər turuna çıxır”.
Gununsesi.info-nun xəbərinə görə, DİN Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bu fakta reaksiya verib.
DİN sözçüsü bildirib:
“Digər sürücü avtomobilin dövlət qeydiyyat nişanına süni müdaxilə etməsi aşkar edilib. Sizə məxsus olan avtomobil mühafizə olunan duracaqdadır, hər hansı şəxs tərəfindən idarə olunmayıb. Dövlət qeydiyyat nişanına müdaxilə edən şəxs müəyyən olunub. Həmin şəxs barəsində tədbirlər görülməklə, elektron protokol ləğv olunacaqdır:
Afət Abbasova
Gununsesi.info