Sehrli quş: - Orxan Saffaridən uşaqlar üçün nağıl

Biri var idi, biri yox idi. Uzaq diyarlarda Nuray adında mələk kimi, ağıllı, mehriban bir qız var idi. O, o qədər xəyalpərəst bir qız idi ki, bəzən bu xəyalları kiməsə danışanda ona gülürdülər. Amma o, heç vaxt xəyallarından imtina etmirdi. Elə hey istəyirdi ki, arzularının, xəyallarının arxasınca getsin.

Bəs Nurayın ən böyük arzusu nə idi?

Bu şirin, dəcəl Nurayın ən böyük arzusu uçmaq idi. O, bir gün qanadlanıb uçacağını gözləyə-gözləyə hər gün xəyal edirdi. Göydə uçan quş görəndə də özünə yer tapa bilmirdi. Yerində tullanır düşür, hündür yerə çıxıb əl edib, quşlara “məni də götürün” deyib, qışqırırdı. Hətta bir dəfə evlərində divanın başından uçmaq üçün tullananda qolunu da əzmişdi. Hamıya da deyirdi, qanadlarım əzilib…

Günlərin bir günü dərsdən evə qayıdan Nuray, qəfildən yerdə “mələk qanadları” tapmışdı.

O, əvvəlcə təəccüblənib qorxsa da, sonradan onlara yaxınlaşır və qanadları yerdən götürür. O tərəf bu tərəfinə baxıb, məyus olur. Düşünür ki, bunlarla uça bilməyəcək və onları oynada-oynada yoluna davam edirdi. Amma birdən qanadlar tərpənməyə başlamışdı. Nuray həmin vaxt yenə qorxdu.

Hətta o qədər qorxmuşdu ki, “uyyy” deyib, qanadları yerə atmışdı.

Bu lələyə oxşayan, ağappaq qanadlardan necə çəkinmişdisə, az qala qanadlara onlara tərəf baxmaq da istəmirdi. Amma qəfildən qanadların arasından çıxan “Sehrli quş” onu sakitləşdirmişdi.

-Mən “Sehrli quşam”, sənin arzunu həyata keçirəcəm-Quş demişdi.

Nuray gördüklərinə və eşitdiklərinə heyrət edirdi. Hər gün qurduğu xəyallar indi düz onun qarşısında idi. O, çox qorxsa da, xəyallarını da gerçəkləşdirməyə çalışırdı.

-Nuray, sən də uçmaq istəyirsən?-Sehrli quş soruşdu.

-Hə…-Nuray ürkək səslə dedi.

Ardınca da soruşdu:

-Başqa kim istəyir kiiiii?!

Sehrli quş gülümsəyib, cavab verdi:

-Sənin bütün dostların…

Qorxusu çəkiləndən sonra artıq Nuray Sehrli quşla danışmağa başlamışdı.

-Bəs sən onları da uçurtmusan?- Nuray dedi

-Yox.

-Bəs niyə məni uçurtmaq istəyirsən?-Nuray təəccüblə soruşdu.

-Çünki uçmağı ən çox sən istəmisən…- “Sehrli quş” dedi.

“Sehrli quş”la Nuray o qədər şirin söhbət edirdilər ki, az qala uçmaq da yadlarına düşmürdü.

“Sehrli quş” söhbəti bitirib, səsləndi:

-Mən sənin arzunu həyata keçirəcəm. Gözlərini yum və qollarını aç.

Nuray onun dediyi kimi etmişdi. Çox keçmədi ki, onun ayaqları quş kimi yerdən üzüldü. Gözünü də qorxa-qorxa açan Nuray özünü bir anda buludların üstündə gördü.

O, çox sevinirdi. Hər gün yerdən baxdığı quşlar indi onun yanında idi və o, onlara əl edirdi. Gah başqa quşların qanadına toxunur, gah da buludları ovcuna yığmağa çalışırdı.

Birdən isə yadına dostları düşdü. Nuray onlara da əl eləmək istədi, amma dostlarını heç cür tapa bilmirdi. O istəyirdi ki, dostları da onun uçmağını görsün. Hələ “Sehrli quş” da ona dostlarının da uçmaq istədiyi demişdi.

-Bəs mənim dostlarım niyə görünmür?-Nuray “Sehrli quş”dan soruşdu.

Sehrli quş isə dedi:

Axı onlar uçmağı sənin qədər istəməyiblər. Ona görə səni görə də bilməyəcəklər…

Nuray çox pis olmuşdu. Çünki o, dostlarını çox istəyirdi. Hətta fikirləşdi ki, kaş dostları da yanında olaydı, birlikdə uçardılar.

Nuray buludların arası, quşların yanı ilə uçub nə qədər baxsa da, xeyri olmadı. Dostlarını heç cür tapa bilmirdi.

O, artıq darıxmağa da başlamışdı. Gerçəkləşən arzusu bir andaca içindən quş kimi uçub getdi.

Çox keçmədi ki, “Sehrli quş”dan onu aşağı endirməyi də xahiş etdi.

Bir neçə dəqiqədən sonra onlar yerə endilər və “Sehrli quş” üzünü Nuraya tutub dedi:

Bax, Nuray, uçmaq sənin arzun idi və sən onun ardınca getmişdin. Amma bu dünyada hər kəsin öz yeri var. Sənin yerin də dostlarının, ailənin yanıdır, onları həmişə çox istə və yanlarında ol.

Nuray “Sehrli quş”u diqqətlə dinləyib razılaşdı.

Sonra isə tez dostlarının yanına qaçaraq onları qucaqladı.

Başını göyə qaldırıb quşlara, “Sehrli quş”a əl sallayıb və dostlarına dedi:

“Onlar da, siz də mənim dostlarımsınız. Bir-birimizi heç vaxt tərk etməyək”

Gununsesi.info