Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə kommunist düşüncəsinin təbliğinə dair paylaşımlar yaymaqda və SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə təqsirləndirilən Abdulla İbrahimli, İbrahim Əsədli, Elçin Bayramlı və Mehman Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, İbrahim Əsədli və Abdulla İbrahimli hər biri 2 il, Elçin Bayramlı və Mehman Zeynalov isə hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, həbs olunanlardan biri “Səs” qəzetinin əməkdaşı, jurnalist Elçin Bayramlıdır.
Məsələ ilə bağlı Elçin Bayramlının həyat yoldaşı, jurnalist Lalə Mehralı ilə əlaqə saxladıq. O, mövzu ilə bağlı danışmaq istəmədiyini bildirdi.
Onu da qeyd edək ki, Elçin Bayramlı son dövrlərdə sosioloq kimi müxtəlif ictimai-siyasi mövzularla bağlı açıqlamaları ilə gündəmdə olub. O, bir sıra çıxışlarında və müsahibələrində SSRİ dövrünün müsbət xüsusiyyətlərinə dair təşviqedici fikirlər səsləndirib. 
Elmar Elnuroğlu












