Yeni ildən avtomobil bazarında vəziyyət necə olacaq?

  • Müəllif: Ayshan
  • 30 Dekabr 2025 19:54

Gələn ildən etibarən Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün daha sərt qaydalar tətbiq olunacaq. İstehsal tarixi 7 ildən çox olan avtomobillərə aksiz vergisi artırılır. Dəyişiklik  Vergi Məcəlləsinə edilən əlavələrdə öz əksini tapıb.

Yeni qərarın avtomobil bazarında müəyyən dəyişikliklərə səbəb olacağı bildirilir. Məqsəd isə köhnə avtomobillərin idxalını məhdudlaşdırmaqdır.

Vergi Məcəlləsinə əsasən, aksiz dərəcəsi minik avtomobillərinin mühərrik həcminə görə hesablanır. Mühərrik həcmi artdıqca, aksiz məbləği də yüksəlir. Xüsusilə istehsal tarixi köhnə və mühərrik həcmi böyük olan avtomobillər üçün tətbiq edilən vergi daha yüksək olacaq.

Bəs, bu qərar ikinci əl avtomobil bazarında qiymət artımına səbəb ola bilər?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, köhnə avtomobillər həm ekologiuyaya zərərdir, həm onların texniki təchizatı, həm texniki məsələləri ciddi şəkildə problem yaradır.

“Ona görə də belə əngəllərin tətbiq edilməsi vacibdir. Ola bilər ki, bu, avtomobillərin qiymətində müəyyən qədər artıma səbəb olar”.

O hesab edir ki, bu dəyişikliklər təkcə qiymətlərə deyil, ümumilikdə nəqliyyat sisteminə də təsir göstərəcək.

“Bizim əsas məqsədimiz o deyil ki, avtomobilləri ucuzlaşdıraq. Ucuz avtomobillər ölkəyə gətirilsin. Və həm də avtomobil parkları köhnəlsin. Hazırda böyük əziyyət çəkdiyimiz tıxacın, sıxlığın kəskin şəkildə artması. Ölkədəki avtomobil parkının yenilənməsi vacibdir. Eyni zamanda da tıxacın, sıxlığın aradan qaldırılmasıdan ötürü ölkəyə gətirilən avtomobillərin sayının az olması məqsədəuyğundur”.

Qeyd edək ki, hazırda istehsal tarixi 7 ildən artıq olan avtomobillər üçün aksiz dərəcəsinə benzin mühərrikli nəqliyyat vasitələrində 1,2, dizel mühərrikli avtomobillərdə isə 1,5 yüksəldici əmsal tətbiq olunur.

2026-cı il yanvarın 1-dən isə bu əmsallar benzin mühərrikli avtomobillər üçün 1,5, dizel mühərrikli avtomobillər üçün isə 2 olacaq. Ekspertlər bildirir ki, bu addım ölkədə daha yeni, ekoloji cəhətdən təmiz avtomobillərin sayının artmasına xidmət edir.

Ayşən

Gununsesi.info