Yeni vəzifəyə təyin olunan məmurlar kimdir?

  • By admin
  • 24 Dekabr 2021 17:09

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Rövşən Nəcəf iqtisadiyyat nazirinin birinci müavini, Sahib Məmmədov isə müavin təyin edilib.

Gununsesi.info yeni müavinlərin dosyesini təqdim edir.

Rövşən Nəcəf 1982-ci ildə Bakıda anadan olub.

1997-2003-cü illərdə İqtisad Universitetində bakalavr və magistratura proqramını fərqlənmə ilə bitirib. Daha sonra ABŞ-ın Kolumbiya Universitetində təhsil alıb.

Əmək fəaliyyətinə 2001-ci ildə İqtisad Universitetində laborant kimi başlayıb. 2003-2007-ci illərdə İnkişaf Nazirliyində məsləhətçi və baş məsləhətçi vəzifəsində çalışıb. 2008-2009-cu illərdə Dövlət Neft Şirkətində şöbə rəisi olub. 2009-2010-cu illərdə isə İqtisadi İnkişaf Nazirliyində şöbə müdiri və İqtisadi İnkişaf Nazirinin köməkçisi işləyib. 2010-2018-ci illərdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru vəzifələrində çalışıb.

Müxtəlif illərdə bu vəzifələrə təyinat alıb: Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri (2018-ci il), Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri (2019-cu il), iqtisadiyyat nazirinin müavini (2020-ci il).

İqtisadiyyat üzrə fəlsəfə doktoru, 3-cü dərəcəli dövlət müşaviridir.

Evlidir, 2 övladı var.

Sahib Məmmədov 1978-ci ildə anadan olub.

2000-ci ildə Kiyev Dövlət Universitetinin “Beynəlxalq hüquq” fakültəsinin bakalavr, 2001-ci ildə isə magistr pilləsini bitirib. 2008-ci ildə İqtisad Universitetindən Maliyyə və kredit ixtisası üzrə məzun olub. Müxtəlif beynəlxalq kurslarda iştirak edib. 2003-2004-cü illərdə Avropa Komissiyasının Azərbaycandakı Ofisində, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycan nümayəndəliyində, 2004-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və Davamlı inkişaf və regional siyasət şöbəsinin müdiri vəzifələrində çalışıb.

2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsində işləyib. 2014-cü ildən iqtisadiyyat və sənaye nazirinin müavini, 2016-cı ildən iqtisadiyyat nazirinin müavini olub. 2020-ci ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı, 23 dekabr 2021-ci ildə isə iqtisadiyyat nazirinin müavini təyin edilib.

Prezidentin müvafiq sərəncamları ilə 2012-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə”, 2018-ci ildə “Tərəqqi” medalları ilə təltif olunub.

Ailəlidir, 2 övladı var.

Gununsesi.info