“Bugünkü din xadimlərinin bir qismi dini ədavət yayır. Ümumiyyətlə fəaliyyətlərinin hədəfi digər təriqəti hədəf almaqdır”.
Gununsesi.info bildirir ki, bu fikirləri ilahiyyatçı Tural İrfan deyib:
“Tarixi şəxsiyyətlərin obrazı ətrafında, tarixi hadisələri ümumi İslam kontekstdən çıxararaq qatı, subyektiv məzhəbçilik prizmasından nəql edərək cəmiyyətdə çoxtirəlik yaradırlar. Digər məzhəblərin hörmət etdiyi tarixi simaları təhqir edir, birbaşa ya da dolayı yollarla hədəfə çevirirlər ki, bu da digərlərində qarşılıqlı cavab ehtiyacı doğurur. Nəticədə dini camiəni çalxalayırlar. Ümumi İslam prinsiplərinə əsaslanmayan, dinin əsas elementi sayılmayan, lakin digərlərinin hüquqlarını pozan əməlləri xüsusilə qabardırlar. Bu kimi əməllərin məqsədli şəkildə törədildiyi açıq görünməkdədir. Milli həmrəyliyi hədəf alan bu propaqandanın qarşısı alınmalıdır. Vahid, həmrəy Azərbaycan vətəndaşlarının vəhdətini pozmağa yönəlik fəaliyyət göstərən bir sıra din xadimlərinin əsasən sosial şəbəkələrdə, mediada yayılmış çağırışları, müraciətləri, moizələri əksər hallarda etik normalardan kənar, qanunazidd, ədavət və təxribat xarakteri daşıyır”.
Tural İrfan əlavə edib ki, dini və məzhəbi ayinlər adı altında əsas məqsəd və məramlarını pərdələmək istəyən bəzi şəxslər fürsət tapdıqca cəmiyyət arasında kin-küdurət, ayrıseçkilik, ədavət salmaqla məşğul olurlar:
“Vəzifəsi çərçivəsində, məsuliyyət daşıdığı hərəkət və hərəkətsizliklərində xarici təsirlərin açıq göründüyü bu şəxslər əsasən sosial şəbəkələrdəki söyüş maşınına yanacaq tökməkdədirlər. Mənəvi dəyərləri aşılamalı olan bəzi din xadimləri dindarlar tərəfindən sosial şəbəkələrin söyüş, nifrin məkanına çevrilməsinə susqun qalmaqla, bəzi hallarda da açıq yaxud gizli dəstək verməklə dini dəyərlərə xəyanət edir, qanunları da pozurlar.
Təfriqə, nifaq, ayrıseçkilik, ədavət salmaq qanunla məsuliyyət yaradır. Ancaq bu elementlər əksər din xadimlərinin çıxışlarında özünü açıq şəkildə göstərir. Bəzi hallarda da məscid minbərlərindən ölkənin ictimai xadimlərini, xaricə təqlid etməyən, milli təfəkkürdə olan ilahiyyatçıları hədəfə gətirir, təhqir etdirirlər. Belə din xadimlərinin dərhal vəzifəsindən azad edilərək cinayət məsuliyyətinə cəlb edilməsi vacibdir. Dinin dövlətdən ayrı olması o demək deyil ki, dindar qiyafəsi geyinən hər kəs özbaşınalıq edə, təxribat yarada, istədiyi kimi danışa, istədiyini hədəfə gətirə bilər. O imtiyaz, maddi yardım din xadiminə ona görə verilmir ki, xalqın, əhalinin bir hissəsinin inancını, ictimai xadimləri hədəfə alsın, məscid minbərini siyasi çıxışlar üçün tribunaya çevirsin.
Bir çox faktlar var. Reallıqlar var. Verilmiş etiqad, inanc azadlığı özbaşınalıq kimi qəbul edilməməlidir. Əksəriyyəti mənəvi dəyərləri yox, məzhəbi “dəyərləri” təbliğ edir. Əxlaqı yox, əxlaqsızlığı təbliğ edir. Azərbaycan xalqının öz milli, mədəni dəyərləri var. Hansısa xarici ölkənin, teokratik rejimin din modelini Azərbaycan xalqına zorla sırımağa heç kəs cəsarət edə bilməz. Heç ümumiyyətlə kimsə bu fikrə belə düşməməlidir. Başına müəyyən qədər kütlə toplayandan sonra məscid minbərindən nərə çəkib vətəndaşları təhdid etmək, hədəfə gətirmək, təqlid etdiyi xarici ölkəyə subliminal mesaj ötürmək birbaşa hüquqi məsuliyyət yaradır. Ümid edirəm ki, bu və ya bu kimi məsələlər ilə əlaqədar aidiyyəti orqanlar ciddi məşğul olacaqlar”.
Şəbnəm
Gununsesi.info











