“Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlarını demək olar ki, yeni mərhələyə keçirib”.
Bunu Gununsesi.info-ya açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:

“Artıq Kreml sözçüsü Dmitri Peskov da bunun hərbi əməliyyatlardan daha çox müharibə xarakteri daşıdığını vurğulayıb.
Göründüyü kimi, Rusiya Kiyevdə mülki obyektləri də hədəfə alır. Yanacaq anbarları, yaşayış binaları və ərzaq anbarlarına endirilən zərbələr müharibənin dağıdıcılıq səviyyəsinin artdığını göstərir. Mülki obyektlərin qəsdən hədəfə alınması ilə bağlı ittihamlar beynəlxalq humanitar hüquq çərçivəsində müharibə cinayətləri kontekstində qiymətləndirilə bilər və bu cür halların hüquqi qiymətləndirilməsi beynəlxalq araşdırması labüddür.
Rusiya bununla Ukraynanı öz ərazisinə qarşı hücumlardan çəkindirməyə çalışır. Eyni zamanda, məqsəd Ukrayna cəmiyyətində narazılığı artırmaq, Prezident Volodimir Zelenskiyə ictimai təzyiq formalaşdırmaq, Qərbdə isə müharibə ilə bağlı narahatlığı gücləndirməkdir.
Lakin hesab edirəm ki, bu taktika Moskvanın gözlədiyi nəticəni verməyəcək. Əksinə, Rusiyanın daha aqressiv və dağıdıcı üsullara əl atması Qərbin, xüsusilə ABŞ-ın Ukraynaya hərbi dəstəyini daha da artırmasına səbəb ola bilər. Bu isə müharibənin daha da genişlənməsi və qarşılıqlı zərbələrin intensivləşməsi riskini artırır”.
O qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi daha dağıdıcı mərhələyə daxil olur:
“Qeyd edim ki, prezident Vladimir Putinin bu müharibə fonunda daxili siyasi mövqeyi də zəifləyir. Rusiya siyasi elitasında müharibənin uzanması ilə bağlı narazılıqların artdığı və fikir ayrılıqlarının dərinləşib.
Avqust ayından etibarən Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların yenidən başlanması ehtimalı var. Hazırda isə münaqişənin həlli istiqamətində diplomatik proses faktiki olaraq dalana dirənib.
Rusiya Belarusu müharibəyə daha fəal şəkildə cəlb etməyə çalışsa da, hesab edirəm ki, Minsk buna qoşulmayacaq. V. Putinin seçdiyi dağıdıcı müharibə taktikası uzunmüddətli perspektivdə Rusiyanın öz maraqlarına qarşı işləyə bilər”.
Şəbnəm











