Ekspertdən xəbərdarlıq: Demoqrafik dəyişikliklər təhsil sisteminə təsir edir

“Azərbaycanın mövcud demoqrafik vəziyyəti təhsil sisteminə də birbaşa təsir göstərir. Əhalinin yaş tərkibində baş verən dəyişikliklər, doğum səviyyəsinin azalması və bəzi bölgələrdə şagird sayının aşağı düşməsi gələcəkdə bəzi məktəblərin bağlanmasını və müəllimlərin bir hissəsinin işsiz qalmasını qaçılmaz edə bilər”.

Gununsesi.info bildirir ki, bu fikirləri antinarkotik üzrə təlimçi ekspert  Emil Maqalov deyib.

Onun sözlərinə görə, demoqrafik vəziyyət dedikdə hər hansı ölkənin, şəhərin və ya bölgənin əhalisinin sayı, tərkibi və zamanla baş verən dəyişikliklər nəzərdə tutulur. Bu göstərici doğum və ölüm səviyyəsi, əhalinin ümumi sayı, yaş tərkibi, qadın və kişi nisbəti, əhalinin köçü, eləcə də artım və ya azalma tempi əsasında qiymətləndirilir.

Emil Maqalov bildirib ki, doğum səviyyəsinin yüksək, ölüm səviyyəsinin aşağı olması əhalinin artımına şərait yaradır və demoqrafik baxımdan əlverişli vəziyyət hesab edilir. Əksinə, doğumun azalması, yaşlı əhalinin sayının artması və gənclərin ölkədən köç etməsi demoqrafik vəziyyətlə bağlı narahatlıq yaradan əsas amillərdir.

O vurğulayıb ki, bu göstəricilər təhsil sisteminin gələcək planlaşdırılmasında mühüm əhəmiyyət daşıyır. Şagird sayının azalması bəzi yaşayış məntəqələrində məktəb şəbəkəsinin yenidən təşkilini zəruri edə, nəticədə bəzi məktəblərin fəaliyyətinin dayandırılmasına və müəllimlərə olan tələbatın azalmasına səbəb ola bilər.

 

 

Şəbnəm

Gununsesi.info