Bəzən insanın nə dediyindən çox, nəyi niyə və necə dediyi diqqət çəkir. Elə mövzular var ki, onları araşdırmaq başqa şeydir, obsesiv şəkildə hər fürsətdə eyni ittihamı təkrarlamaq isə tamam başqa.
Psixoanaliz də məhz bu nöqtədə maraqlı suallar verir: insan niyə müəyyən mövzulara dönə-dönə qayıdır?
Bu, sadəcə intellektual maraqdır, ideoloji mübarizədir, yoxsa bəzən şüurun dərinliklərində gizlənən, fərdin özünün də qəbul etmək istəmədiyi daxili gərginliklərin dolayı ifadəsi?
Gununsesi.info məsələyə dair Arzu Əsədin yazısını təqdim edir:
“Bir insan niyə, məsələn, daim durub-durub pedofillikdən danışsın ki? Psixoanaliz deyir ki, hər hansı bir xüsusiyyətdən tez-tez danışan insan onu təsdiq və ya inkar etməsindən asılı olmayaraq həmin xüsusiyyətin daşıyıcısıdır. O uzun illər ərzində onu narahat edən, içində basdırıb saxladığı istəkləri, emosiyaları hansı vasitə iləsə üzə çıxarmalıdır. Lakin necə? Axı bu, cəmiyyətdə tabudur, qəbuledilməzdir, qanunla cəzalandırılır. Amma adam partlayar axı. Psixoanaliz yolunu göstərir: sublimasiya: psixikandakı arzuolunmaz istəkləri, impulsları pərdələməklə müəyyən istiqamətə yönəlt. Məsələn, təbiətində sadizm olan, qan tökmək, kəsib-doğramaq istəyi olan biri qəssablıq və ya cərrahlıq fəaliyyəti ilə öz sadizmini təmin edə bilər və həm də onun gizli mənfi istəkləri cəmiyyət üçün faydalı bir işə çevrilər. İçində basdırılmış pedofillik istəkləri olanlar da son zamanlar belə bir sublimativ yol tapıblar: Qurandakı bəzi ayələri təhrif edərək, guya onlarda pedofillik hökmü tapırlar. Sosial şəbəkələrdə bu ayələri özünəməxsus şəkildə təfsir edərək müzakirə açırlar. İki milyard insanın 1400 illik dininin tarixən yaratdığı böyük sivilizasiyanı, mədəniyyətləri, ezoterik təsəvvüf məktəblərini, sosial ədalət çağırışlarını, nəfsin tərbiyəsi üçün yaradılmış möhtəşəm bir sistemi və sairəni deyil, olmayan pedofilliyi görürlər. Əlbəttə, müəyyən qrupun xarici dairələr tərəfindən öyrədilib, təşkilatlandırılıb “ateizm” pərdəsi altında millətin dini ənənələrini gözdən salmağa çalışmaq üçün hər cür alçaqlığa getdikləri artıq heç kimə sirr deyil. Cəmiyyət daxilindəki cəhalətə, xurafata, din adına istimara, cui-istifadələrə, radikallığa qarşı çıxan səmimi intellektualları da xalq yaxşı tanıyır. Amma bu gecə-gündüz guya dini tənqid edərək
pedofillikdən, uşaqbazlıqdan danışanların, həqiqətən də bu xəstəliyin daşıyıcıları olmaları şübhəsizdir. Bunu onların iyrənc yazı üslublarından, mənfur, çığırqan səslərindən, böyük şövqlə, üsyankarcasına “inkar”larından aydın görmək, hiss etmək mümkündür. Azərbaycanda ayda-ildə bir dəfə 16-17 yaşlı qız uşağı gizlin şəkildə ərə verilə ya verilməyə. Azərbaycanda heç bir din xadimi erkən yaşda ərə getmək haqqında moizə oxumur. Əksinə, əksər din xadimləri qızlarımızın oxuyub təhsil almalarını, karyera qurmalarını, sonra da yaxşı ailə qurucusu olmalarını tövsiyə edirlər. Bəs bu yaramaz təhrifçilər niyə qaşınmayan yerdən qan çıxarırlar? Çünki özləri xəstədirlər, öz mənfur istəklərini nə iləsə özlərindən kənarlaşdırmalıdırlar. Burada Quranın həqiqətən mözüzəli bir kitab, bir meyar olduğu yenidən üzə çıxır. Bu pedofillər Quranı təhrif etməklə, əslində özlərini, öz təbiətlərindəki naqislikləri üzə çıxarırlar. Quran öz ayələrində özünün belə xüsusiyyətə malik olduğu barədə bəhs edir. Onlar hesab edirlər ki, guya o axmaq kəllələri ilə bu kitabın gizlinlərini ortaya qoyurlar, amma əslində öz gizlinləri ortaya çıxır. Bunu anlamaq üçün isə onlar son dərəcə rasional axmaqlardır”.
Elmar
Gununsesi.info











