Ombudsman il ərzində ona ünvanlanmış müraciətlərin araşdırılması, milli preventiv və müstəqil monitorinq mexanizmi fəaliyyətləri çərçivəsində həyata keçirilən başçəkmələr və monitorinqlər, aparılan müşahidələr, qanunvericiliyin, habelə mediada və sosial şəbəkələrdə dərc edilən məlumatların təhlili nəticəsində, habelə sosial dövlət prinsiplərindən irəli gələrək insan hüquq və azadlıqlarının daha effektiv təmini və müdafiəsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi, müsbət təcrübələrin tətbiqi, institusional koordinasiyanın gücləndirilməsi və dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması məqsədilə bir sıra məsələlər təklif edilib.
Gununsesi.info xəbər verir ki, həmin təkliflərə dövlət qulluğunda azı 35 il iş stajı olan şəxslərin güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər siyahısına daxil edilməsi və bununla əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq dəyişikliklərin edilməsi də daxildir.
Bundan başqa, pensiya yaşına az qalmış işsiz şəxslərin məşğulluğunun təmin edilməsi sahəsində səmərəliliyin artırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”nın 1.2-ci bəndində həmin şəxslərə münasibətdə nəzərdə tutulmuş iki il müddətin beş il müddətlə əvəz edilməsi, habelə çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həmin bənddə himayəsində üç və ya daha çox uşağı olan şəxslərin də nəzərə alınması ilə bağlı dəyişikliklərin edilməsi də təklif olunub.
Orxan












