5 bənddən ibarət sülh təklifi Ermənistan üçün son şansdır - QÜDRƏT HƏSƏNQULİYEV

  • By admin
  • 23 Aprel 2022 13:33
Gununsesi.info Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:
– Qüdrət bəy, Paşinyan Moskva səfərindən sonra bəyan etdi ki, Qarabağ ermənilərinin razılığı olmadan heç bir sülh sazişinə imza atmayacaq. Bürüssel razılaşmasından sonra onun mövqeyində baş verən dəyişikliyə münasibətiniz necədir?
– Bürüsseldə Paşinyanla İlham Əliyevin görüşündən öncə mətbuata söyləmişdim ki, bu səfər yalnız Ermənistanın ifşası baxımından əhəmiyyətlidir. Ermənistan forpost ölkə olduğundan onunla hər hansı razılığın əldə olunmasının əhəmiyyəti yoxdur. Sonda Kremlə çağırıb qulaqlarını buracaqlar və bununla da hər şey bitəcək. Ermənistan Avropa İttifaqı ilə assosiativ üzvlük sazişi imzalamağa hazırlaşanda o zamankı prezident Serj Sarkisyan Kremlə çağrıldı və bu gün Paşinyanın qulağını burduqları kimi onun da qulağını burdular, assosiativ saziş də getdi cəhənnəmə. Bürüssel səfərindən sonra Paşinyanın “Ermənistan bundan sonra qurbanlıq qoyun olmayacaq” kimi başından böyük bəyanatı yalnız özü kimi pirimitiv insanlar tərəfindən ciddi qəbul oluna bilərdi. Bunu Avropa İttifaqında da bilirlər, amma erməni diasporuna yarınmaq üçün mənasız vasitiçəlik missiyalarından əl çəkmək istəmirlər. Biz Qarabağ üzərində suveren hüquqlarımızı bərpa etmək istəyiriksə Rusiya ilə danışıqları davam etdirməliyik. Ermənistan arxasında Rusiya barmağı olan kukladır. Paşinyanın Moskvaya son səfəri bir daha təsdiq etdi ki, Rusiya Ermənistanın Türkiyə və Azərbaycanla sülh sazişi imzalamasında və münaqişəyə son qoyulmasında maraqlı deyil. 44 günlük savaşdan sonra atəşkəs barədə üçtərəfli 10 noyabr sazişində bəzi vacib məsələlərin öz əksini tapmaması və Putinin bu barədə “Qarabağ ermənilərinin statusu məsələsini gələcək rəhbərlər həll edəcək” tipli ilk açıqlaması da münaqişənin dondurulacağının anonsu idi. Biz Rusiyanı etnik seperatizmi dəstəkləməməyə, müttəfiqlik münasibətlərinə sadiq qalmağa, bu yalnış mövqedən imtina etməyə çağırmalıyıq. Ermənistan Azərbaycanın Qarabağ üzərində suveren hüquqlarını tanıyıb sülh sazişi imzalamayacağı təqdirdə Rusiya sülhməramlılarının ölkəmizdə qalma müddətini uzatmayacağımızı indidən bəyan etməliyik. Rusiyanı əmin etməliyik ki, münaqişəni uzatmaqla bölgədə hərbi mövcudluğunu qoruyub saxlayacağını düşünürsə, bunun ağır siyasi nəticələri olacaq, dövlətlərarası münanisətlər bundan cidii zərər görəcək.
– Belə bir vəziyyətdə Ermənistana qarşı hansı addımları ata bilərik?
– Paşinyanın son açıqlaması vaxtilə Şuşada sərxoş vəziyyətdə səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə” bəyanatına oxşayır. Ona görə də Ermənistanla bütün digər məsələlər barədə, xüsusilə təhlükəsizlik, delimitasiya və kommunikasiyaların açılması istiqamətində danışıqlar dayandırılmalı, yalnız sülh danışıqları apara biləcəyimizi bəyan etməliyik. Sülh sazişinin imzalanması üçün son müddət müəyyən olunmalıdır. Əks halda Ermənistan regionda geosiyasi vəziyyətin nə vaxtsa onların xeyrinə dəyişəcəyinə ümid edərək, havadarlarının vədlərinə inanaraq danışıqları sonsuzluğa qədər uzatmağa çalışacaq, Paşinyanın dili ilə desək “qurbanlıq qoyun” statusundan imtina etməyəcək.
Ermənistan birinci Qarabağ savaşı zamanı Sədərək istiqamətində 1.5-2 km bizim torpaqlara soxulub. Həmin torpaqları işğaldan azad etməyə dair çağırışlarımıza Ermənistan bu günə qədər əhəmiyyət vermir. İlk növbədə həmin əraziləri işğaldan azad etməliyik. Azərbaycan Rusiya ilə yanaşı, təbii müttəfiqimiz olan Türkiyə ilə də ciddi müzakirələr aparmalı, Ermənistana təzyiqləri artırmalıdir. Biz diplomatik müstəvidə də fəaliyyətimizi gücləndirməli, Ermənistanın baş tutmamış kukla “dövlət”, kimlərinsə əlində bölgəni qana bulayacaq alət olduğunu beynəlxalq birliyə çatdırmalıyıq. İlham Əliyev Şuşadakı son çıxışında bəyan etdi ki, bizim təqdim etdiyimiz, beynəlxalq hüquq normalarına əsaslanan 5 bənddən ibarət sülh təklifi Ermənistan üçün son şansdır. Ermənistan növbəti səhvə yol verməməli, Azərbaycan Respublikası Prezidentinın çıxışını ciddi qəbul etməlidir.
– Ukraynadakı son vəziyəti necə qiymətləndirirsiniz?
– ABŞ Prezidenti Baydenin və digər Qərb liderlərinin açıqlamaları göstərir ki, onlar hazırda Ukraynanın tam işğalını qəbul etməsələr də bu ölkənin qismən işğalı ilə de-fakto barışıblar. Sonda Qərb ölkələri Ukraynanı güzəştə getməyə məcbur edəcək. Kiyevə hücumun dayandırılmasını, qarşılığında Ukraynaya güclü silahların verilməməsini də bu istiqamətdə aparılan gizli danışıqların nəticəsi hesab edirəm. ABŞ-ın ikinci dünya müharibəsi zamanı SSRİ-yə verdiyi 160 milyard dollarlıq yardımla (bura 12 min zirehli texnika və bir o qədər də döyüş təyyarəsi daxildir) hazırda Ukraynaya etdiyi köməyi müqayisə etməklə hər kəs buna əmin ola bilər. Rusiyaya güzəştlərə etiraz edə biləcək “Azov” batalyonun Mariopolda mühasirədən çıxarılmasına cəhd edilməməsini də daha çox bununla əlaqələndirirəm. Möcüzə baş verməsə Ukrayna Qərbin dəstəyindən asılı olduğu üçün onların dediklərini yerinə yetirib Rusiyaya güzəştə getməli olacaq.
– Möcüzə nə ola bilər?
– Misal üçün Bayden hakimiyyətdən gedir və yerinə Rusiyadan çəkinməyən güclü bir lider gəlir. Yaxud Rusiyada hakimiyyət dəyişikliyi baş verir və yeni lider Ukraynanın ərazi bütövlüyünü tanıyır və Ukrayndan qoşunları çıxarır.
Gununsesi.info