“Yeniyetmələrin cinayətə meyillənməsində ailə, dost çevrəsi və məktəb mühiti əsas rol oynayır” -Psixoloqdan

“Şagirdlərin cinayətə meyillənməsinin əsas səbəbi sosial və psixoloji mühitdəki problemlərlə bağlıdır. Bir çox hallarda uşaqlar ailə daxilində zorakılıq, sevgisizlik və nəzarətsizliklə üzləşdikdə aqressiv davranışlara meyil göstərirlər”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında ailə psixoloqu Sevinc Həbibova deyib:

“Yaşadıqları emosional boşluq onları riskli və neqativ davranışlara aparır. Eyni zamanda məktəb mühitində zorakılıq, təhqir və təcrid olunma hissi şagirdlərin aqressiyasını daha da artırır. Sosial şəbəkələr və internetdə zorakılıq ilə bağlı gördükləri materiallar yeniyetmələrdə cinayət davranışını artıra bilir”.

Psixoloq qeyd edib ki, yeniyetmələrin cinayətə meyillənməsinin əsas səbəblərindən biri də onların seçdikləri dost çevrəsidir.

“Xüsusilə də neqativ qruplara qoşulmaq istəyi, şagirdləri cinayətkar davranışa sürükləyə bilər. Maddi çətinliklər, ailə münaqişələri və valideyn etinasızlığı uşağın psixoloji tarazlığını pozur. Özünü dəyərsiz hiss edən yeniyetmə diqqət çəkmək üçün belə addımlara yönələ bilər. Problemin qarşısını almaq üçün məktəb, ailə və psixoloqlar arasında koordinasiyalı iş zəruridir. Xüsusən yuxarı siniflərdə oxuyan şagirdlərə xüsusi diqqət ayırılmalıdır”.

 

 

Firuzə

Gununsesi.info