Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən aparılan audit nəticəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən qurumlarda dövlət satınalmaları sahəsində ciddi pozuntular müəyyən edilib.
Gununsesi.info-nun xəbərinə görə, yoxlama 2023-cü ilin əvvəlindən 2025-ci ilin sentyabrına qədər olan dövrü əhatə edib. Bu müddətdə ümumilikdə 387 satınalma keçirilib, təxminən 100 milyon manata yaxın müqavilə bağlanıb, lakin vəsaitlərin yalnız 64,8%-i icra olunub.
Audit göstərib ki, satınalma proseslərində planlaşdırma, nəzarət və hesabatlılıq zəif təşkil edilib. Bəzi hallarda müqavilələr tədbirlərin keçirilmə vaxtından gec bağlanıb, hətta satınalma prosedurları tamamlanmadan vəsaitlərin xərcləndiyi hallar qeydə alınıb.
Araşdırma zamanı qiymətlərin süni şəkildə yüksək müəyyənləşdirilməsi, bazar araşdırmasının aparılmaması və daha sərfəli təkliflərin nəzərə alınmaması nəticəsində dövlət vəsaitlərinin səmərəsiz istifadəsi aşkarlanıb. Eyni zamanda, bəzi tenderlərdə çox aşağı qiymət təklif edən şirkətlər əlavə yoxlanış aparılmadan qalib elan olunub ki, bu da müqavilələrin tam icra olunmaması ilə nəticələnib.
Audit həmçinin göstərib ki, bəzi satınalmalar daha baha qiymətə başa gəlib, təlim xidmətləri üzrə xərclər normadan artıq olub, təlimçilərin əksəriyyəti müəyyən edilmiş tələblərə cavab verməyib.
Müqavilələrin icrasında gecikmələrə baxmayaraq, cərimələr tətbiq edilməyib və 100 min manatdan çox vəsait dövlət büdcəsinə qaytarılmayıb. Bundan əlavə, sərgilər zamanı əldə olunan 200 min manatdan artıq gəlir rəsmi uçotdan kənarda saxlanılıb.
Beynəlxalq və yerli tədbirlərin təşkili zamanı da artıq xərclərə yol verildiyi, ümumilikdə 650 min manata yaxın vəsaitin səmərəsiz istifadə edildiyi müəyyən olunub.
Auditin yekununda 1,13 milyon manat vəsaitin bərpası ilə bağlı qərar qəbul edilib və qalan məbləğin geri qaytarılması üçün tədbirlərin görülməsi tapşırılıb.
Maqsud











