Yazıçı Kəramət Böyükçöl Azərbaycandakı bahaçılıq, mənəvi aşınma və pulun cəmiyyətdə əsas dəyərə çevrilməsi ilə bağlı tənqidi fikirlər səsləndirib.
Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, rayonlarda bəzi satıcılar şəhərdə cəmi 40 qəpiyə satılan oyuncaqları yol kənarında dəfələrlə baha qiymətə təklif edir.
Yazıçının sözlərinə görə, bu, xüsusilə uşaqlı ailələrin psixologiyasından istifadə etməyə hesablanmış yanaşmadır.
Kəramət Böyükçöl qeyd edib ki, onu narahat edən məqamlardan biri də həmin oyuncaqları satanların çox vaxt azyaşlı uşaqlar olmasıdır.
O hesab edir ki, yoxsulluq və erkən yaşdan alver mühiti uşaqların xarakterinə mənfi təsir göstərir.
Yazıçı daha sonra səhiyyə sahəsində də problemlərə toxunaraq bəzi həkimlərin kommersiya maraqları naminə müəyyən dərmanları tövsiyə etdiyini, bəzi apteklərdə isə saxta dərmanların satıldığına dair iddialar səsləndirib.
Paylaşımında cəmiyyətdə pulun əsas məqsədə çevrildiyini vurğulayan Kəramət Böyükçöl, ölkədə bir çox problemlərin kökündə maddi maraqların dayandığını bildirib.
O, bu vəziyyətin insanlar arasında etimadı və həmrəyliyi zəiflətdiyini iddia edib.
Elmar
Gununsesi.info











