DİM yoxsa ETN, hansının fəaliyyəti daha keyfiyyətlidir?

Məlum olduğu kimi, 4000-ə yaxın magistratura yeri  boş qalıb. Bu çox  ciddi siqnaldır. Belə hal bəlkə də bizim təcrübədə heç vaxt olmayıb. 

Bu məktəb məzunlarının proqramı 40 % mənimsəməsi qədər faciəvi bir haldır. Bu vəziyyət  aydın şəkildə ölkənin ali təhsil sisteminin çökməsini  göstərir. 

Bu həm də ETN-nin tamamən səmərəsiz bir qurum olmasını göstərir. Rəqəmsal inkişafdan, innovativ iqtisadiyyatdan danışan hökumətin belə keyfiyyətsiz təhsil sistemi olmamalıdır. 

Əgər abituriyenlər məktəb proqramının 40 % mənimsəyirdilərsə, bakalavrlar ali təhsil proqranının artıq  20%  mənimsəyirlər. Bunu MİQ imtahanları da aydın göstərir.

Bu problemlərə görə ETN dövlət və cəmiyyət qarşısında ciddi bir  hesabat verməlidir. 

İllərlə heç bir inkişaf strategiyası olmayan, inkişaf proqramları reallaşdırmayan, inkişafı normal maliyyələşməyən, keyfiyyətli kurikulum və dərslikləri olmayan, standartlara uyğun rəqəmsallaşmayan, 25 il ərzində distant təhsilə qadağalar qoyan, insan kapitalı çox zəif olan, uzun müddət səriştəsiz menecerlərin əlində çabalayan və səmərəsiz idarə edilən, diplomları hətta qardaş  Türkiyədə belə tanınmayan ali təhsil sisteminin fəaliyyətinin finalı təbii ki, belə olmalıydı.

Bu vəziyyət ETN yarıtmaz fəaliyyəti ilə paralel, həm də  DİM-in qəbul siyasətinin uğurlu və obyektiv olduğunu sübut edir. Əgər DİM də ETN kimi səriştəsiz bir qurum olsaydı, onda bu milli fəlakət olardı.

Magistraturaya qəbulun bu göstərici ali təhsil sisteminin bütün zəncirinin – bakalavr hazırlığından başlayaraq magistr proqramlarının planlaşdırılmasına, əmək bazarı ilə əlaqələrə və dövlət sifarişinin formalaşdırılmasına qədər – kompleks şəkildə təhlil edilməsini tələb edir. 

Bu ali təhsil sahəsində illərlə davamlı olaraq  çoxsaylı səhvlərin, sistemsizliyin, elmə əsaslanmayan təsadüfi qərarlar qəbulunun acı nəticəsidir.

Təhsil siyasətində ən təhlükəli yanaşmalardan biri mürəkkəb problemlərə sadə (primitiv) həll axtarmaqdır. Əgər məqsəd həqiqətən bakalavr və magistratura təhsilinin keyfiyyətini yüksəltməkdirsə,  obyektiv statistika, müqayisəli beynəlxalq təcrübə və elmi təhlil əsasında, ən əsası isə  peşəkar  səviyyədə, naşılıqdan və primitivlikdən  uzaq  müzakirələrin aparılmasıdır.

Əks halda, bu sahədəki problemlər heç vaxt  həll edilməyəcək, əksinə daha da ağırlaşacaq.

Rəqəmsal inkişaf,  innovativ iqtisadiyyat dövründə ölkənin  ali təhsil sisteminin bu durumu çox pis haldır. Çünki, müasir dünyada universitetlər milli təhlükəsizliyin əsas məsələsidir.

İlham Əhmədov

Dosent

Gununsesi.info