Sahibsiz it normal olmamalıdır

  • Müəllif: Orxan
  • 31 Avqust 2026 10:40

Şəkidə Niderlanddan olan bir qadının sahibsiz itlərin hücumuna məruz qalaraq ağır yaralanması cəmiyyət olaraq bir daha düşünməli olduğumuz bir məsələni gündəmə gətirdi.

Maraqlı olan isə hadisənin başqa bir tərəfidir. Həmin qadın öz ölkəsində alpaka fermasında baytar köməkçisi kimi çalışır. Yəni heyvanlarla davranmağı, onların davranışlarını və yarada biləcəkləri riskləri bilməyən, heyvanlardan qorxduğu üçün onlara kobud yanaşan biri deyil. Əksinə, heyvanlarla gündəlik işləyən, onların psixologiyasını və davranışlarını anlayan bir insandır.

Ona görə də məsələni sadəcə “insan heyvana necə yanaşdı?” sualına gətirib çıxarmaq doğru deyil.

Bəzən heyvansevərlərin reaksiyalarında belə bir yanaşma görünür: guya it hücum edibsə, deməli, insan hansısa səhvə yol verib. İtə yaxınlaşıb, onu qorxudub, yeməyib, qaçıb və sair. Bütün bunlar müəyyən hallarda davranış baxımından əhəmiyyətli ola bilər. Amma əsas sualı kölgədə qoymamalıdır: Niyə insan yaşayış məntəqəsində özünü sahibsiz it sürüsündən qorumağa məcbur olmalıdır?

Sahibsiz it küçənin, parkın, kənd yolunun və ya şəhər məhəlləsinin adi elementi olmamalıdır.

Biz isə buna tədricən öyrəşmişik.

Küçədə bir neçə it görürük – adi haldır.
Bir məhəllədə it sürüsü yaranır – adi haldır.
Uşaq məktəbdən gələndə itlərdən qorxur – “qaçma, sənə heç nə etməz” deyirik.
Kimsə dişlənir – bir neçə gün danışırıq, sonra unuduruq.

Beləcə təhlükəli bir vəziyyət yavaş-yavaş “normal” kimi qəbul edilir.

Əslində isə, “sahibsiz it” normal sosial vəziyyət deyil. Bu, idarə olunmalı problemdir.

Burada çox mühüm bir fərq var: sahibsiz itlərin sayının və yaratdığı təhlükənin azaldılmasını tələb etmək heyvanlara qarşı olmaq deyil.

Əksinə.

Heyvansevərlik yalnız küçədəki heyvanı qorumaqdan ibarət deyil. Heyvanların sağlam, nəzarətli və təhlükəsiz şəraitdə yaşamasını təmin etmək də heyvan rifahıdır.

Sahibsiz itlər nə insan üçün təhlükəsizdir, nə də çox vaxt özləri üçün.

Aclıq, xəstəlik, nəzarətsiz çoxalma, avtomobil qəzası, başqa heyvanlarla mübarizə, insanlarla konflikt küçə həyatı heyvan üçün də ideal həyat deyil.

Üstəlik, məsələ yalnız it və insan arasında qalmır.

Sahibsiz it sürüləri kənd təsərrüfatı heyvanlarına hücum edə, təsərrüfatlara zərər vura bilər. Quduzluq kimi insan və heyvan sağlamlığı üçün ciddi təhlükə yaradan xəstəliklər baxımından risk yaradır. Daha az danışılan başqa bir problem isə təbiətə təsiridir.

Nəzarətsiz itlər vəhşi heyvanları təqib edə, balalarını öldürə, onların qidalanma və çoxalma imkanlarına təsir göstərə bilirlər. Xüsusilə təbii ərazilərə yaxın yaşayış məntəqələrində bu məsələ yalnız “küçə iti” problemi deyil, ekosistem məsələsidir.

Bütün bunlara baxmayaraq, hər dəfə bu mövzu açılanda müzakirə qəribə şəkildə iki cəbhəyə bölünür:

“Heyvanları öldürmək istəyənlər” və “heyvanları qoruyanlar”.

Halbuki məsələ bu qədər sadə deyil.

İnsanların təhlükəsizliyini tələb etmək heyvanlara nifrət etmək deyil.

Heyvanların qorunmasını tələb etmək də insanların təhlükəsizliyini görməzdən gəlmək demək deyil.

Əslində normal dövlət və cəmiyyət hər ikisini eyni vaxtda düşünməlidir.

Sahibsiz it probleminin həlli onları küçələrdən sadəcə toplamaqdan, başqa yerə buraxmaqdan və ya təsadüfi şəkildə məhv etməkdən ibarət olmamalıdır. Sistemli yanaşma lazımdır: sterilizasiya, identifikasiya, vaksinasiya, sahibləndirmə, heyvan sığınacaqlarının normal fəaliyyəti, məsuliyyətsiz heyvan sahibliyinə nəzarət və ən əsası insanların təhlükəsizliyini təmin edən effektiv idarəetmə.

Heyvansevərlərin də burada mühüm rolu var.

Etiraz etmək asandır.

Amma hər etirazın qarşısında bir həll təklifi də olmalıdır.

Əgər küçədəki itin öldürülməsinə qarşı çıxırıqsa, yaxşı. Bəs həmin itin gələcəkdə yeni sürü yaratmaması üçün nə etməliyik? İnsanlara hücum edən itin taleyi necə həll olunmalıdır? Quduzluq riski necə idarə edilməlidir? Küçə itlərinin sayının artmasının qarşısı necə alınmalıdır? Kəndlərdə mal-qaraya hücum edən sürülərlə necə davranılmalıdır?

Bu suallara cavab vermədən yalnız “onlar da canlıdır” demək problemin həlli deyil.

Bəli, onlar canlıdır.

Məhz buna görə məsuliyyətli sistem lazımdır.

Bir tərəfdə insan həyatı və təhlükəsizliyi, digər tərəfdə heyvanların rifahı dayanırsa, seçim etmək məcburiyyətində qalmamalıyıq. Çünki düzgün idarəetmənin məqsədi birini qoruyub digərini qurban vermək deyil.

Məqsəd odur ki, nə insan küçədə it sürüsündən qorxsun, nə də heyvan küçədə yaşamağa məhkum olsun.

Bəlkə də, beynimizə həkk etməli olduğumuz ən sadə cümlə budur:

“Sahibsiz it” normal anlayış olmamalıdır.

Bu cümlə heyvanlara qarşı deyil.

Bu cümlə həm insanın, həm də heyvanın təhlükəsiz və ləyaqətli yaşadığı bir mühit tələbi kimi başa düşülməlidir.

Elmar

Gununsesi.info