Görünən odur ki, bu gün repressiya illəri xatırlananda yada daha çox yazıçılar, şairlər, yəni məsələn, Əhməd Cavadlar, Mikayıl Müşfiqlər, Hüseyn Cavidlər, bir sözlə, ümumən ziyalı kəsim düşür.
Əlbəttə, məlum, o qanlı repressiya illərində minlərlə ziyalımız amansızcasına öldürüldü, özlərinə, ailələrinə divan tutuldu.
Bütün bunlar sistemin tələbi olmaqla yanaşı, artıq bir yerdən sonra bu prosesin içində olanların da sevimli məşğulliyyətinə çevrilmişdi.
Bəs yaxşı, bu proseslərdə həm də rolu, qolu, ruhu olan Həsən Rəhmanovu, o “sənəd cəlladı”nı tanıyırıqmı?
O Həsən Rəhmanov ki, sovet repressiyaları tarixində adı Azərbaycan ziyalılarına qarşı həyata keçirilən amansız təqiblərlə bağlı çəkilən şəxslərdən biridir.
Əlbəttə, kimlərsə deyə bilər ki, bütün qərarlar yuxarıdan gəlirdi. Doğrudan da, belə idi.
Ancaq bu qərarları icra edənlər bəzən yuxarılardan da yuxarı çıxmağa, onlardan daha amansız, Allahsız olmağa çalışırdı və olurdular da.
Elə Həsən Rəhmanov kimi.
Vəzifə olaraq Xalq Daxili İşlər Komissarının müavini, mahiyyət olaraq isə Mircəfər Bağırovun ən sadiq və sərt icraçılarından biri idi Həsən Rəhmanov.
Əlbəttə, repressiya mexanizminin işləməsində təhlükəsizlik və istintaq orqanlarının yüksək vəzifəli əməkdaşları mühüm rol oynayırdı. Daha dəqiq, əsas rollardan biri, ölüm hökmünə gedən yol onlardan keçirdi.
Həsən Rəhmanov da həmin yolun yolçusu idi.
Bəs nədən ibarət idi onun konkret fəaliyyətləri?
Ondan ibarət idi ki, ona aid edilən fəaliyyətlər arasında ziyalıların həbsi üçün saxta ittihamların hazırlanması, lori dildə desək, birin üstünə beş qoyulması, bundan başqa, istintaq proseslərinin də saxtalaşdırılması və ölüm hökmlərinə aparan sənədlərin rəsmiləşdirilməsi xüsusi yer tutur.
Həsən Rəhmanov isə bu əməlləri sevərək, sevinərək, əzab və fikir çəkmədən qol çəkən, icra edən, yol açan adam idi.
Bəli, elə məhz onun fəaliyyətinə baxanda məlum olur ki, repressiya yalnız yuxarıdan verilən siyasi qərarlardan ibarət deyildi, həmin qərarları kağız üzərində “qanuni” göstərən, insan talelərini sənədlərlə məhv edən konkret icraçılar da vardı – Həsən Rəhmanov kimi adamlar.
Əslində, Həsən Rəhmanov kimi şəxslərin fəaliyyəti bu faciənin yalnız siyasi deyil, həm də insani və mənəvi miqyasını göstərir.
Çünki burada söhbət təkcə ayrı-ayrı insanların məhv edilməsindən getmirdi, bir cəmiyyətin yaddaşının, elmi potensialının və mədəni inkişafının qarşısına zorla sədd çəkilirdi.
Həsən Rəhmanov bu məsələdə ziyalıların sənədlərinə heç özünün də inanmadığı məsələləri yazır, adamın ürəyini yerindən çıxardan faktlar əlavə edirdi.
Bu səbəbdən, Həsən Rəhmanovun adı repressiya tarixində sadəcə yüksək vəzifəli bir məmurun adı kimi deyil, sovet terror sisteminin Azərbaycandakı icra mexanizmini təmsil edən simalardan biri kimi araşdırılmalıdır.
Ancaq o da sevindirici haldır ki, onun başqalarına tədbiq edilən mexanizmin bir parçası olmasına baxmayaraq, özü də həmin mexanizmin qurbanı oldu.
Necə deyərlər, yaşatdığını yaşamadan ölmədi.
Proses belə başlamışdı ki, hələ 1937-ci ilin mayında partiya konfranslarından birində Hadi Əzizov Həsən Rəhmanovu kəskin tənqid etmişdi. O zaman artıq Həsən Rəhmanov Naxçıvan Vilayət Komitəsinin birinci katibi idi.
Bu məqamda isə Mircəfər Bağırov Rəhmanovu müdafiə etmiş və onu “ən sədaqətli kommunistlərdən biri” kimi xarakterizə etmişdi. Onu tənqid edən Əzizov da konfransdan uzaqlaşdırıldı, sonradan partiyadan çıxarıldı və həbs edildi.
Lakin bir müddət sonra Rəhmanovun özü də həbs olundu.
Başqalarına yazdığı faktlar bu dəfə ona yazıldı. Obrazlı desək, bu dəfə Rəhmanovun öz kitabı bağlandı.
Həsən Rəhmanov 1930-cu illərin ortalarında Xəzər Gəmiçiliyinin siyasi şöbəsinin rəisi idi.
1936-cı ilin sonunda Naxçıvana göndərildi və Naxçıvan Vilayət Komitəsinin birinci katibi oldu.
1937-ci ildə isə artıq onun özü “xalq düşməni” elan edildi.
Bəs proses necə oldu?
O oldu ki, 1937-ci ilin əvvəlində Xəzər Gəmiçiliyində böyük repressiya kampaniyası başladı. Gəmiçilikdə baş verən qəza və texniki problemlər “diversiya”, “zərərvericilik” və “əksinqilabi fəaliyyət” kimi təqdim edilirdi.
Əslində, gəmilərin böyük hissəsinin köhnə və istismar baxımından yararsız vəziyyətdə olduğu sonrakı araşdırmalarda müəyyən edilmişdi.
Buna baxmayaraq, qəzaların arxasında “diversantlar” axtarılırdı.
Rəhmanovun adının ortaya çıxmağı da maraqlıdır.
Əvvəlcə, gəmiçiliyin rəhbəri İvan Menyailov həbs olunaraq istintaqa cəlb edildi. Ona ölüm hökmü verildi və istintaq zamanı ondan 138 “şərik”in adı alındı.
Həmin siyahıya Xəzər Gəmiçiliyinin keçmiş siyasi şöbə rəisi Həsən Rəhmanovun da adı salındı.
Bu məqamdan sonra Rəhmanov artıq istintaqın hədəfinə çevrildi.
Stalinin 26 sentyabr 1937-ci il tarixli şifrəli teleqramı isə məsələni daha da açıq göstərir.
Stalin Bağırova yazırdı ki, Hüseyn Rəhmanov və Həsən Rəhmanovun həbsinə icazə verilir və Naxçıvanın Rəhmanovun rəhbərliyindən “təmizlənməsi” tələb olunur.
Yəni Rəhmanovun həbsində Bağırovun Stalinlə razılaşdırılmış siyasi qərarı açıq sənədlə də görünür.
Rəhmanov astmadan əziyyət çəkirdi. Buna baxmayaraq, onu ağır şəkildə döyürdülər. Məqsəd ondan əvvəlcədən hazırlanmış protokolları imzalatdırmaq və başqa şəxslərin əleyhinə “ifşaedici” ifadələr almaq idi.
Rəhmanovu son dəfə görən NKVD əməkdaşı Buliçev onu gördüyü zaman vəziyyətini son dərəcə ağır təsvir edib. O deyirdi: fiziki cəhətdən tamamilə dağılmış, yarı kor, həyata laqeyd vəziyyətdə idi. Dindirmələrdə ona deyilən hər şeyi mexaniki şəkildə imzalayırdı.
Rəhmanovdan işgəncə ilə alınmış ifadələr əsasında bir xeyli şəxslər də həbs edildi.
Məsələn, Xəzər Gəmiçiliyinin siyasi şöbə rəisinin keçmiş müavini Cəbrayıl Əliyev, “Paris Kommunası” zavodunun keçmiş şöbə rəisi Məmməd Qasımov, Bakı limanının keçmiş rəhbəri Ağa-Bala Hüseynov, Çernyakov, Ovçarenko, Xitrov, Lukin və daha kimlər, kimlər.
Nəhayət, ümumilikdə Rəhmanov ailəsindən 17 nəfər repressiya qurbanı oldu.
Ölümündən sonra bəraət alsa da, tarix onun etdiklərini unutmadı.
Orxan Saffari










