Cəmiyyətdə əsasən sosial şəbəkələrdəki aqressiya, təhqir, tarixi şəxsiyyətlərə və tarixi-mədəni abidələrə, məsələn, Şuşadakı qayalara qarşı vandalizm kimi halların yaşanması mədəniyyət, təhsil və sosial psixologiya sahəsindəki köklü çatışmazlıqların göstəricisidir. Məscid var – din yoxdur, mədəniyyət evi var – mədəniyyət yoxdur, məktəb var – təhsil yoxdur, baş var – ağıl yoxdur. Adam var – insan yoxdur. Son nəticədə, hər şey var, heç nə yoxdur…
Bu cür geriliyin və mədəniyyətsizliyin yaranmasının əsas bir neçə mühüm səbəbi var. Hər şeydən öncə təhsil və tərbiyə sistemindəki boşluqlar burada böyük rol oynayır. Mənəvi və humanist təhsilin zəifliyi bu cür neqativ nəticələrə gətirib çıxarır. Təhsil sisteminin çox vaxt yalnız akademik biliklərə, imtahan qiymətlərinə köklənməsi, lakin fərdə empatiya, etika, din və mənəvi dəyərlər, əxlaq, digər insanlara hörmət və tənqidi təfəkkür kimi fundamental dəyərləri aşılaya bilməməsi nəticədə bu cür davranışlarla sünilik və özünüaldatmanın mövcudluğunu ifşa edir.
Səliqəli geyinib, qalstuk taxıb, üzünü qırxıb ətir vurub ortaya çıxmaq mədəniyyət deyil. Puşkin deyirdi ki, saxta mədənilik ən böyük mədəniyyətsizlikdir. Son proseslər sübut etdi ki, cəmiyyətimiz xanlıqlar dövrünün qəbilə, tayfa nostalgiyasında qalıb. Bununla da kifayətlənməyərək mağara, daş dövrünə istiqamət alıb. Zahiri görünüşündən mədəni təəssürat yaradan adamların çoxunun içindəki qabalıq, vəhşət, geriçilik sosial şəbəkələrdə ifşa olur. Hər kəs dilinin altındakı çərdəyi çıxarmaqla əslində bilərəkdən ya bilməyərəkdən niyyətini, məqsədini, hədəflərini, hansı intellektual səviyyədə olduğunu ortaya qoymuş olur ki, bu da aydın analiz edib nəticəyə varmaq üçün ekspertlərə münbit imkanlar yaradır. Adamın öncə daxili mədəni olmalıdır ki, zahirə də təzahür etsin. Daxili mədəniyyətin formalaşması üçün də mühüm proseslər getməlidir.
Belə olduğu halda, cəmiyyətin islah olunmağa ehtiyacı var, deməkdir. Eyni zamanda sosial şəbəkələrdə saxta profillərin arxasında gizlənmək insanlarda cəzasızlıq və rahatlıq hissi yaradır. Real həyatda deyilə bilməyəcək sözlər virtualda asanlıqla ifadə olunur. Sanki toplanmış aqressiya və stress, dillərin altındakı zəhər sosial şəbəkələrə qusulur və nəticədə sağlam gənclər, qadınlar, uşaqlar da istəmədən zəhərlənmiş olurlar. İqtisadi, sosial və ya şəxsi problemlərdən doğan daxili gərginliyin insanlar tərəfindən sosial şəbəkələrdə və ya ictimai yerlərdə aqressiya şəklində üzə çıxması çox pis, zərərli, əcaib, iyrənc bir mənzərə yaradır.
Cəmiyyətin vətən anlayışı da qüsurludur. Şuşada qayalara yazı yazmaq və ya abidələri korlamaq “şou-vətənpərvərlik” və ya sadəcə özünü təsdiq etmək cəhdidir. Amma nə cür təsdiq etmək? Vətəni sevmək onun daşına ad yazmaqdır? Bəli, daş dövründə insanlar ova getdikləri yerləri yadda saxlamaq üçün qayalara nişangahlar cızırdılar. Bədəvi ərəblər yolu azmamaq üçün səhralardakı qayalara işarələr qoyurdular. Şuşadakı vətəndaş vandalizmi göstərdi ki, insanlarda ortaq mülkiyyətə, tarixə və təbiətə qarşı fərdi məsuliyyət hissi formalaşmayıb. Hələ daş dövrünün, mağara çağının zehniyyəti beyinlərə hakimdir.
Tarixi yerləri qorunmalı olan bir miras deyil, sadəcə şəkil çəkdirib ad yazılacaq bir məkan kimi görmək mənəvi kasıblıqdan, intellektual aclıqdan, mədəni nakamlıqdan xəbər verir.
Sosial şəbəkələrdə sərhədsiz təhqirlərə şərait yaradılması, vandalizm aktlarına və ya virtual təhqirlərə, təhdidlərə görə tətbiq edilən cəzaların hər kəsə nümunə olacaq dərəcədə itələyici, təsirli olmaması bu acı mənzərəni daha da ağır sonluğa aparmaqdadır. Təəssüf ki, doğru ictimai qınağın olmaması da əlavə bir bədbəxtlikdir. Cəmiyyətin sivil, ziyalı təbəqəsinin, din, mədəniyyət, mənəviyyat xadimlərinin bu növ hallara çox zaman laqeyd yanaşması və ya sosial şəbəkələrdəki təhqir dolu mübahisələri bir “əyləncə” kimi izləməsi isə dərin təəssüf doğurur.

Tural İrfan
Dinşunas











