Hikmət Hacıyev Kəlbəcər faciəsi ilə bağlı uşaqlıq xatirələrini danışıb

  • Müəllif: Firuzə
  • 12 Sentyabr 2026 23:39

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ölkəmizdə akkreditə olunmuş səfirlərlə birlikdə Qarabağ və Kəlbəcərə səfər edib.

Gununsesi.info xəbər verir ki, Hikmət Hacıyev Kəlbəcərdə təşkil olunan “Bal Festivalı”nda rayon sakinləri qarşısında çıxış edib.

O, çıxışı zamanı Kəlbəcərin işğalı ilə bağlı acı xatirələrini bölüşüb.

“1993-cü ilin o qadalı günlərini yaşım az olsa da, çox yaxşı xatırlayıram. Onda 13-14 yaşım var idi. Kəlbəcərdən olan sakinlərin ayaqyalın, başıaçıq, paltarsız, qidasız vəziyyətdə sığındıqları ilk yerlərdən biri Gəncə şəhəri idi”, – deyə Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi həmin dövrdə Kəlbəcərdən məcburi köçkün düşən insanların yerləşdirildiyi ilk məntəqələrdən birinin Gəncə şəhərindəki Texnologiya Universitetinin yataqxanası olduğunu qeyd edib.

“Həmin günləri mən bu gün də böyük faciə hissi ilə xatırlayıram. Yaşımın az olmasına baxmayaraq, həmin insanların ağır məşəqqətlərdən keçərək özlərini Gəncəyə çatdırmaları yaddaşımdadır.

Bu gün isə cənab Prezidentin siyasətinin nəticəsində biz Kəlbəcərdəyik. Kəlbəcər qurulur, canlanır və ölkəmizin, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Bundan sonra da Prezidentin siyasətinin nəticəsində burada daha böyük işlər görüləcək.

Bu münasibətlə bütün kəlbəcərliləri təbrik edirəm. Sizi, həmçinin dünyanın müxtəlif ölkələrindən gələn diplomatları həmişə kəlbəcərlilərə layiq qonaqpərvərliklə qarşıladığınıza görə bir daha təbrik və sizə dərin təşəkkürümü bildirirəm.

Bundan sonra biz yenə də Kəlbəcərə gələcəyik. Amma artıq yalnız xoş günlərə, xeyir işlərə gələcəyik”, – deyə Hikmət Hacıyev vurğulayıb.

Gununsesi.info