Dövlət Miqrasiya Xidmətində 15 vakant vəzifə üzrə müsabiqə elan edildi

  • Müəllif: Şəbnəm
  • 25 Sentyabr 2026 13:22

Dövlət Miqrasiya Xidməti miqrasiya orqanlarında qulluğa qəbul olmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün müsabiqə elan edib.

Gununsesi.info xəbər verir ki, müsabiqə test imtahanı və söhbət olmaqla iki mərhələdən ibarətdir.

Vakant vəzifələrin tələblərinə cavab verən, ali təhsilə malik və test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı 28 sentyabr–28 oktyabr 2026-cı il tarixlərində aparılacaq.

Müsabiqənin test imtahanı mərhələsi 4 dekabr 2026-cı ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək.

Müsabiqə üzrə ümumilikdə 15 inspektor vəzifəsi vakantdır.

Vakansiyalar belədir:

Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi – 2 yer;

Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi – 1 yer;

Lənkəran regional miqrasiya idarəsi – 3 yer;

Şəki regional miqrasiya idarəsi – 3 yer;

Xaçmaz regional miqrasiya idarəsi – 1 yer;

Ağsu regional miqrasiya idarəsi – 2 yer;

Şirvan regional miqrasiya idarəsi – 1 yer;

Yevlax şəhər Müvəqqəti yerləşdirmə mərkəzi – 1 yer.

Vakant vəzifələr üzrə əsas üstünlük Bakı şəhərində hüquqşünaslıq və informasiya texnologiyaları (IT) yönümlü ixtisasları bitirən namizədlərə, regionlarda isə hüquqşünaslıq, informasiya texnologiyaları və beynəlxalq münasibətlər ixtisasları üzrə ali təhsil alan şəxslərə veriləcək.

Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin Miqrasiya siyasəti və emiqrasiya idarəsindəki inspektor vəzifəsi üzrə hüquq, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, politologiya və regionşünaslıq ixtisasları üzrə ali təhsil tələb olunur. Namizədin dövlət orqanında azı 2 il iş stajı, Microsoft Windows və Microsoft Office proqramları üzrə orta-yüksək səviyyədə bilikləri, rus və ingilis dilləri üzrə orta-yüksək səviyyədə dil biliyi olmalıdır.

Hüquqi təminat idarəsində inspektor vəzifəsinə isə hüquq və beynəlxalq hüquq ixtisasları üzrə ali təhsili olan şəxslər müraciət edə bilərlər. Bu vəzifə üzrə dövlət orqanında hüquq sahəsində azı 2 il iş stajı tələb olunur.

Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsindəki inspektor vəzifəsi üzrə informasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahədə ali təhsil, informasiya təhlükəsizliyi üzrə ən azı 3 il iş stajı tələb edilir. İnformasiya təhlükəsizliyi ixtisasına üstünlük veriləcək.

Lənkəran, Şəki, Xaçmaz, Ağsu və Şirvan regional miqrasiya idarələrində inspektor vəzifələri üzrə hüquq, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, dövlət və bələdiyyə idarəetməsi, politologiya, regionşünaslıq, sosiologiya, iqtisadiyyat və maliyyə ixtisasları üzrə ali təhsil qəbul edilir.

Yevlax şəhər Müvəqqəti yerləşdirmə mərkəzindəki inspektor vəzifəsi üzrə isə ali təhsil tələb olunur.

Regional inspektorların əsas vəzifələrinə miqrasiya proseslərinin izlənilməsi və təhlili, vətəndaş müraciətlərinin araşdırılması, məlumatların vahid miqrasiya məlumat sisteminə daxil edilməsi, müraciətlərin cavablandırılması və müvafiq təkliflərin hazırlanması daxildir.

Test imtahanında namizədlərə 100 test tapşırığı təqdim olunacaq. Onlardan 50-si qanunvericilik, 15-i Azərbaycan dili, 15-i dünyagörüşü, 20-si isə məntiqi təfəkkür üzrə olacaq.

Hər test tapşırığı 1 balla qiymətləndiriləcək və səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərməyəcək.

Test imtahanında 70 və daha artıq bal toplayan namizədlər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.

Bəzi kateqoriyalara aid şəxslər isə test imtahanından azad edilərək yalnız söhbət mərhələsində iştirak edəcəklər. Bunlara prokurorluqda və digər dövlət orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə çalışan şəxslər, digər dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan şəxslər, həmçinin texnika və informasiya texnologiyaları sahələri üzrə yüksək biliyə və təcrübəyə malik mütəxəssislər daxildir.

Test imtahanından azad edilən şəxslər tələb olunan sənədləri 28 sentyabr–28 oktyabr 2026-cı il tarixlərində, şənbə və bazar günləri istisna olmaqla, saat 10:00-dan 17:00-dək Dövlət Miqrasiya Xidmətinin Aparatına şəxsən təqdim etməlidirlər.

Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202.

Qeyd edək ki, namizədlərin miqrasiya sahəsinə aid normativ hüquqi aktları, vəzifə funksiyalarının icrası üçün zəruri peşə-ixtisas biliklərini bilmələri, həmçinin problem həlletmə və qərarvermə, təşkilatçılıq, şifahi və yazılı ünsiyyət, yaradıcılıq və təşəbbüskarlıq bacarıqlarına malik olmaları tələb olunur.

 

 

Gununsesi.info