“Dünyanın ən gözəl ölüsü” hekayəsini oxumayan varsa, oxusun. Yox, heç kim oxumayacaqsa, elə Əvəz Zeynallının ölümünə baxsın.
Əvəz Zeynallı öldü.
Bu cümləni yazmaq qəribədir. Çünki bəzi adamların ölümünü xəbər kimi yazmaq olmur. Onların yoxluğu bir xəbərdən daha böyük olur. Bir adam gedir, amma ardınca qəribə bir sükut, çoxlu söz və ən əsası, çoxlu rəhmət qalır.
Əvəz Zeynallının ölümündən sonra yazılanlara baxdım. Hamı onun haqqında gözəl sözlər yazdı. Kimi jurnalistliyini xatırladı, kimi cəsarətini, kimi dostluğunu, kimi insanlığını. Biri bir xatirə danışdı, o biri bir cümlə ilə onu yad etdi. Hərə öz Əvəzini yazdı.
Burda nə var ki? Ölüyə rəhmət oxuyarlar da- deyib keçmək olmur. Asandırmı insan öləndə bu qədər rəhmət qazanmaq? Deyil.
Çünki ölüm adamı dəyişmir. Ölüm adam haqqında bizim yaddaşımızı açır. İnsan sağlığında nə veribsə, öldükdən sonra onun qarşılığına çevrilir. Kiminsə arxasınca bir neçə formal cümlə yazılır, kiminsə arxasınca isə ürəkdən gələn onlarca xatirə.
Əvəz Zeynallının ölümü mənə bir şeyi düşündürdü ki, insan bəzən ömrü boyu öz qəbrinin yazısını yazır.
Həm də daşın üstünə yox, insanların yaddaşına.
O yazı mürəkkəblə yazılmır. Etdiyin yaxşılıqlarla yazılır. Bir adama verdiyin ümidlə, bir dostun dar günündə yanında olmağınla, haqsızlıq qarşısında susmamağınla, bir insanın səsini eşitdirməyinlə, kiminsə həyatına toxunmağınla. Sonra bir gün ölüm gəlir və sənin haqqında danışanlar başlayır.
İnsan öldükdən sonra artıq özünü müdafiə edə bilmir. Özünü izah edə bilmir. Öz adına danışa bilmir. Onun yerinə başqaları danışır. Və həmin an insanın bütün həyatı bir neçə cümləyə sığmağa başlayır. Yaxşı adam idi. Cəsarətli idi. Dost idi. Ədalətli idi. Bizə çox kömək edib və s.
Bəzən bir insan haqqında deyilən ən böyük kitab elə bu qısa cümlələr olur.
Əvəz Zeynallının ölümü də belə bir mənzərə yaratdı. İnsanların onun haqqında yazdıqları, əslində, bir adamın bioqrafiyasından daha çox şey danışdı. Onlar öz yaddaşlarındakı Əvəzi danışdılar.
Qəribədir ki, ölüm bəzən insanı yox, ətrafındakı insanları danışdırır.
Kim nə xatırlayırsa, onu yazır. Kim hansı yaxşılığı görübsə, onu yada salır. Kim hansı sözü eşidibsə, onu paylaşır. Beləcə, bir insanın ömrü yüzlərlə başqa insanın yaddaşında parçalanıb yenidən bütöv bir hekayəyə çevrilir.
Bəlkə də, ölümün ən gözəl tərəfi elə budur.
Ölümün özü gözəl deyil. Ölüm həmişə ağırdır. Amma insanın ömrünün ölümündən sonra gözəl görünməsi mümkündür.
Əvəz Zeynallı sanki ölümü ilə ölümü gözəlləşdirdi.
Çünki onun ölümündən sonra ölüm haqqında yox, daha çox onun yaşadığı həyat haqqında danışdılar. Bu, hər adama qismət olmur.
Bəzilərinin ölümü sükut gətirir. Bəzilərinin ölümü isə söz.
Bir gün hamımız gedəcəyik.
Bütün mübahisələr bitəcək. Bütün iddialar əhəmiyyətini itirəcək. Kim haqlı idi, kim haqsız idi – çox şey unudulacaq.
Amma bir şey qalacaq: Sənin yoxluğunda səni necə xatırlayacaqlar?
Arxanca neçə nəfər “rəhmət” deyəcək?
Neçə nəfərin ürəyindən “kaş bir dəfə də danışaydıq” keçəcək?
Neçə insan sənin adını çəkəndə üzündə təbəssüm yaranacaq?
Neçə adam sənin haqqında yazmaq üçün söz axtaracaq?
Əvəz Zeynallının ölümündən sonra ən çox düşündüyüm budur.
İnsan ömrünü, bəlkə də, məhz bunun üçün yaşamalıdır.
Əvəz Zeynallı bunu qazandı.
Ölümü ilə ölümü gözəlləşdirdi.
Allah rəhmət eləsin.
Orxan
Gununsesi.info












