Cəmi 10 dəqiqəlik yüngül qaçışın əhval-ruhiyyə və beyin fəaliyyətinə müsbət təsir göstərə biləcəyi müəyyənləşib.
Gununsesi.info xəbər verir ki, Yaponiyanın Tsukuba Universitetinin alimləri 24 sağlam insanın iştirakı ilə araşdırma aparıblar.
İştirakçıların 10 dəqiqə yüngül tempdə qaçmasından sonra onların əhval-ruhiyyəsində yaxşılaşma, həmçinin diqqət və qərarvermə kimi icraedici funksiyalarla əlaqəli beyin fəaliyyətində artım müşahidə olunub.
Araşdırmaya görə, hətta qısa müddətli və yüngül qaçış belə beynin prefrontal korteksində aktivliyi artıra bilər. Bu nahiyə diqqət, yaddaş və qərarvermə kimi proseslərdə mühüm rol oynayır.
Alimlər nəticələrin ümidverici olduğunu bildirsələr də, araşdırmanın yalnız 24 nəfərlə aparıldığını və daha geniş tədqiqatlara ehtiyac olduğunu vurğulayıblar.










