“İsrail İrana qarşı taktiki nüvə silahından istifadə edə bilər”

“İran-ABŞ və ABŞ-İsrail-İran müharibəsi ilə bağlı çox pessimist düşünürəm. Hesab edirəm ki, demokratların yenidən hakimiyyətə gəlməsi bizi daha böyük eskalasiyaya sürükləyə bilər”.

Gununsesi.info bildirir ki, bu fikirləri deputat Tural Gəncəliyev deyib:

“Digər tərəfdən, Trampın mövqeyini, xüsusilə də İsraildə seçkilərdə qalib gələ bilməmiş Netanyahu hökumətinin vəziyyətini nəzərə almaq lazımdır. Tramp artıq İsrailə hər il ayrılan 4 milyard dollarlıq yardımı dayandıracağını bəyan edib. Cey Devens də ayrıca bəyanatla çıxış edib. İsrailə qarşı narazılığın artması və bir çox ölkə və qüvvələrin İsraillə eyni mövqedə görünmək istəməməsi bu ölkəni getdikcə daha çətin vəziyyətə salır.

Belə olan halda, nə baş verə bilər? Hesab edirəm ki, İsrail İrana qarşı taktiki nüvə silahından istifadə edə bilər. Çünki çıxılmaz vəziyyətə düşmüş, əsas müttəfiqinin dəstəyindən məhrum olmaq təhlükəsi ilə üzləşmiş bir dövlətin belə addım atması istisna deyil.

İsrailin “Samson variantı” adlandırılan yanaşması var. Bu yanaşmaya görə, İsrail dövləti mövcudluğuna qarşı ciddi təhlükə ilə üzləşərsə, nüvə silahından istifadə edə bilər. Məşhur amerikalı jurnalist Seymur Herş də kitabında İsrail kəşfiyyatına istinadən bu məsələ barədə yazıb. Bu, dünya ictimaiyyətinə məlum olan və İsrailin mümkün addımları sırasında müzakirə edilən yanaşmalardan biridir.

Eyni zamanda, Rusiya Prezidenti də dəfələrlə bəyan edib ki, Rusiya dövlətinin mövcudluğu təhlükə altına düşərsə, nüvə silahından istifadə istisna edilmir. Bu mövqe Rusiyanın nüvə doktrinası və “Ölü əl” sistemi ilə də əlaqələndirilir”.

 

Gununsesi.info