“Azərbaycan Türkiyə ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaş kimi qəbul edilməlidir”

“Prezident Rəcəb Tayyib Ərdoğanın noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfəri adi protokol tədbiri kimi qiymətləndirilə bilməz. Səfər iki ölkə arasında son iki ayda müşahidə olunan və ictimai müstəviyə çıxan fikir ayrılıqlarının fonunda baş tutdu. Füzuli hava limanında təntənəli qarşılanma, Şuşada keçirilən danışıqlar və birgə mətbuat konfransı ilk növbədə onu göstərdi ki, rəsmi Ankara və Bakı münasibətlərdəki gərginliyin dərinləşməsində maraqlı deyil və tərəflər qardaşlıq  çərçivəsini qorumaq niyyətindədir”.

Gununsesi.info  bildirir ki, bu fikirləri politoloq Qulamhüseyn Əlibəyli deyib:

“Gərginliyin zahiri səbəbi sentyabrın ilk növbədə sentyabrın 21-dən Azərbaycanda tətbiq olunan vahid məktəb formasına dair yeni qaydalar, sentyabrın 24-də BMT-də ümumi müzakirələrdə İsrail Baş nazirinin çıxışı zamanı Azərbaycanın bir nümayəndəsinin zalda qalması oldu. Türkiyə mətbuatında və sosial şəbəkələrdə bunlar Türkiyəyə qarşı “qardaşlıq xəyanəti” kimi qələmə verildi. Azərbaycan mətbuatı və mediasının cavabından sonra qarşılıqlı ittihamlar bütün sərhədləri aşdı.

Türkiyə prezidenti Ərdoğanın sentyabrın 23-də BMT tribunasından ölkə adı çəkmədən hicab qadağalarını tənqid etməsi, oktyabrın 12-də isə prezident müşaviri Oktay Saralın sosial şəbəkədə Bakını qərarı ləğv etməyə çağırması Azərbaycanda suveren hüquqlara və  daxili işlərə müdaxilə kimi qəbul edildi. Prezident İlham Əliyev hələ oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının konfransında ölkənin işlərinə qarışmağa yol verilməyəcəyini və Azərbaycanın “himayədara ehtiyacı olmadığını” bəyan etmişdi.

İki qardaş dövlət arasında gərginliyin dərinləşməsində Türkiyənin daxili sosial strukturunun rolu da diqqətdən kənarda qalmamalıdır. Türkiyə çoxetnoslu və çoxqatlı cəmiyyətdir. “Bir millət, iki dövlət” formulu adətən türkçü və milliyyətçi dairələrdə daha güclü emosional rezonans doğurur. Lakin kimlik prioriteti etnik deyil, dini həmrəylik – ümmət anlayışı üzərində qurulan təbəqələr üçün Azərbaycan ilk növbədə “qardaş türk dövləti” deyil, müsəlman ölkəsi kimi qəbul olunur. Bu baxış bucağından hicab məsələsi və ya İsraillə əməkdaşlıq Bakının suveren seçimi kimi deyil, dini həmrəylikdən uzaqlaşma kimi dəyərləndirilir. Bu, hər hansı etnik qrupa qarşı ittiham deyil, sadəcə Türkiyə cəmiyyətində Azərbaycanın fərqli prizmalardan qavranıldığının etirafıdır. Rəsmi Bakı da münasibətləri qurarkən yalnız türkçü dairələrin rəğbətini deyil, bu müxtəlifliyi də nəzərə almalıdır.

Bu kontekstdə dini cəmaatların rolu xüsusi qeyd edilməlidir. Türkiyədə uzun illər ərzində formalaşmış təriqət və cəmaat strukturları, onlara yaxın vəqflər, dərnəklər, media qurumları və sosial şəbəkə hesabları ictimai rəyə ciddi təsir göstərir.

Hakim partiyanın elektoratında bu dairələrin çəkisi nəzərə alınarsa, bəzi siyasətçilərin açıqlamalarını yalnız şəxsi mövqe kimi deyil, daxili siyasi auditoriyaya ünvanlanmış mesaj kimi də qiymətləndirmək olar. Problem ondadır ki, Türkiyənin daxili ideoloji müzakirələri Azərbaycanın daxili qərarları üzərindən aparıldıqda, bu, avtomatik olaraq dövlətlərarası müstəviyə keçir və cəmaat təfəkkürü dövlət maraqlarından önə çıxır.

Bununla belə, obyektivlik naminə qeyd etmək lazımdır ki, gərginliyin artmasında məsuliyyət yalnız Türkiyə tərəfinin üzərində deyil. Bir neçə ay əvvəl Türkiyə sosial şəbəkələrində Azərbaycan neftinin Ceyhan üzərindən İsrailə daşınması ilə əlaqədar  Azərbaycanı hədəf alan təxribat xarakterli paylaşımlar yayılarkən Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi buna qarşı rəsmi açıqlama vermişdi. Son aylarda isə Azərbaycan sosial şəbəkələrində də bəzi istifadəçilərin Türkiyəni, türk cəmiyyətini, onun dini dəyərlərini və dövlət rəhbərliyini hədəf alan kəskin, bəzən təhqiramiz ifadələrinə rast gəlindi. Bəzi media resurslarında Ankaranın hicab mövzusundan daxili problemlərdən diqqəti yayındırmaq üçün istifadə etdiyi barədə iddiaların səsləndirilməsi də münasibətlərin sakitləşməsinə xidmət etmədi. Bir neçə şəxsin və ya rəsminin mövqeyinə görə bütöv bir xalq barədə ümumiləşdirmə aparmaq, konyunktura naminə tarixi hadisələri və faktları təhrif etmək (məsələn, 1918-ci ildə Türk İslam ordusu guya Bakını erməni daşnak quldurlarından azad etmək üçün deyil, talan etmək üçün tutub və s.), Türkiyənin Qarabağ müharibəsində göstərdiyi dəstəyi kiçiltmək və ya inanclı insanları ələ salmaq yolverilməzdir. Bu cür ifadələr nə Azərbaycanın dövlət mövqeyini, nə də cəmiyyətin əksəriyyətinin düşüncəsini əks etdirir, lakin qarşı tərəfdə məhz belə qavranılır və Türkiyədə Azərbaycana qarşı radikal dairələrin əlinə əlavə arqument verir. Suverenliyin müdafiəsi kəskin ritorika deyil, təmkinli və əsaslandırılmış mövqe tələb edir: haqlı mövqe kobud ifadələrlə deyil, ölçülü dillə daha inandırıcı olur.

Türkiyənin radikal dini və siyasi dairələrində, o cümlədən bəzi hakimiyyət rəsmilərinin açıqlamalarında Azərbaycana ünvanlanan sərt ittihamlar, səfirlik qarşısındakı etirazlar və Azərbaycanın sosial mediasında Türkiyəyə qarşı ittihamlarla müşayiət olunan cavablar,  Azərbaycan Baş Prokurorluğunun Türkiyədən 7 nəfər barəsində hakimiyyətin zorla ələ keçirilməsinə çağırış və dini nifrətin qızışdırılması ittihamları ilə beynəlxalq axtarış elan etməsi, Azərbaycan XİN-nin Türkiyənin 31 vətəndaşına giriş qadağası qoyması iki qardaş dövlət arasında qarşılıqlı gərginliyin artmasının göstəricisi oldu. Prezident Əliyevin oktyabrın 30-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının sammitində iştirak etməməsi gərginliyin sadəcə emosional reaksiya olmadığını deməyə kifayət qədər əsas verir.

Bu kontekstdə Ərdoğanın Bakıya, daha dəqiq desək, Qarabağa səfəri Türkiyə tərəfinin təşəbbüsü ilə ortaya qoyulan “gərginliyi azaltma” cəhdlərinin məntiqi davamı kimi qiymətləndirilməlidir: əvvəlcə müşavirin vəzifədən azad edilməsi, Ərdoğanın türk dünyasının birliyinə “dinamit qoymaq istəyənlər” barədə xəbərdarlığı və İlham Əliyevə şəxsən zəng edib sammitə dəvəti, nəhayət, Zəfər Günündə Azərbaycanda olmaq qərarı, Şuşada “qardaşlığımızı zəiflətmək istəyənlər məqsədlərinə çatmayacaq” ifadəsi də məhz bu kontekstdə yozulmalıdır..

Lakin səfərin münasibətlərdəki soyuqluğun tamamilə aradan qalxdığını göstərdiyini söyləmək hələ tezdir. Birgə mətbuat konfransında hər iki lider müdafiə, enerji və nəqliyyat sahələrində əməkdaşlığı, Şuşa Bəyannaməsinin müttəfiqlik əhəmiyyətini, Qarabağ zəfərinin regional nəticələrini önə çəkdi. Gərginliyə səbəb olan məsələlər isə açıq müzakirə mövzusuna çevrilmədi. Bu, diplomatik baxımdan anlaşılandır: tərəflər ictimai müstəvidə səhvləri etiraf etmək əvəzinə, münasibətlərin əsas dayaqlarını xatırlatmağa üstünlük verdilər. Başqa sözlə, Şuşada problem həll olunmadı, idarə olunan formaya salındı.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, problemin zahiri görünən tərəfləri daha dərin fərqlərin simptomu idi. Beynəlxalq ekspertlərin də qeyd etdiyi kimi, “iki dövlət, bir millət” ritorikasının arxasında uzun müddətdir Azərbaycanın suverenliyi, Ankaranın Bakıdakı təsir imkanları, İsrailə münasibətdə fərqli siyasət və Türkiyə-Ermənistan normallaşması ilə bağlı fikir ayrılıqları mövcuddur. Türkiyə Qəzzadakı müharibəyə görə İsrailin ən sərt tənqidçilərindən biridir, Azərbaycan isə İsraillə strateji hərbi və iqtisadi əlaqələrini qoruyur. Bəzi Azərbaycan mediasında gərginliyin iqtisadi tərəfi də qabardıldı: Ankaranın Bakıdan daha geniş maliyyə dəstəyi gözlədiyi barədə fikirlər səsləndi. Bu iddialar rəsmi təsdiqini tapmasa da, Dövlət Neft Fondunun Türkiyə Mərkəzi Bankında 1 milyard avro depozit yerləşdirməsi Bakının tərəfdaşlıqdan imtina etmədiyini, lakin onun hüdudlarını özü müəyyən etmək istədiyini göstərir.

Hesab edirəm ki, gərginliyin əsas mövzusu rəsmi Ankaranın Azərbaycanın müstəqil regional aktor kimi formalaşmış siyasi iradəsini qəbul etməyə nə dərəcədə hazır olması ilə əlaqədardır. 2020-ci ildən sonra Azərbaycan artıq yalnız Türkiyənin dəstəyinə ehtiyac duyan tərəf deyil. Ölkə öz enerji resursları, nəqliyyat layihələri, Vaşinqtonla birbaşa diplomatik kanalları, İsrail, Mərkəzi Asiya və Avropa ilə çoxşaxəli əlaqələri ilə müstəqil gündəm formalaşdıran aktora çevrilib. Məhz Azərbaycanın öz qərarlarını müstəqil vermək hüququ olan suveren dövlət və çoxşaxəli əlaqələri ilə müstəqil gündəm formalaşdıran aktor kimi ”orta güc”ə çevrilməsi Türkiyədə hələ hamı tərəfindən, xüsusən də radikal dini və bəzi siyasi dairələrdə hələ kifayət qədər dərk.edilərək qiymətləndirilmir”.

O qeyd edib ki, Türkiyə-Ermənistan normallaşması da bu kontekstdə xüsusi yer tutur:

“Ankara normallaşmanı Azərbaycan-Ermənistan sülh prosesi ilə əlaqələndirir, bu da Bakının maraqları ilə uzlaşır. Lakin TRIPP layihəsinin icrası və regional nəqliyyat xəritəsinin dəyişməsi fonunda Türkiyənin Ermənistanla münasibətlərdə fərqli maraqlarının da yarana bilmə ehtimalı nəzərə alınmalıdır; bu halda iki qardaş dövlət və strateji müttəfiq arasında istər-istəməz siyasətlərin yenidən koordinasiyasına zərurət yaranacağı şübhəsizdir. Şuşada  prezident Ərdoğanın Azərbaycanın davamlı sülh səylərini Türkiyənin dəstəklədiyini xüsusi vurğulaması da bu baxımdan təsadüfi deyil.

Hazırda Azərbaycana münasibətdə Türkiyə daxilində 2 yanaşma aydın seçilir. Birinci rəsmi dövlət xətti – Ərdoğanın şəxsi diplomatiyası, Xarici işlər naziri Hakan Fidanın sosial şəbəkələrdə dezinformasiya yayıldığı barədə açıqlaması, müşavirin vəzifədən azad edilməsi kimi addımlar Azərbaycanın həssaslığını rəsmi Ankaranın nəzərə almağa hazır olduğunu göstərir. Digər tərəfdən, Türkiyənin siyasi mühitində hakim partiyanın bəzi üzvləri, media və sosial şəbəkə istifadəçiləri Azərbaycanın daxili qərarlarını öz ideoloji, dini və etnik baxışları prizmasından qiymətləndirməyə davam edir. Saralın vəzifədən azad edilməsindən sonra Türkiyədə bu addımı kiçik bir dövlətə güzəşt kimi tənqid edən səslərin çıxması da bunu təsdiqləyir. Başqa sözlə, problem təkcə hökumətlər arasında deyil, cəmiyyətlər və onların qarşılıqlı gözləntiləri arasındadır.

Ümumiyyətlə dövlətlərarası münasibətlərdə qardaşlıq və strateji müttəfiqlik ritorikası ilə qarşılıqlı suverenliyə hörmət və bərabərhüquqlu tərəfdaşlıq arasındakı balansın gözlənilməsi məsələsi də çox vacibidir. “Bir millət, iki dövlət” formulu emosional və tarixi baxımdan güclü olsa da, onun ikinci hissəsi – iki dövlət – bəzən kölgədə qalır. Qardaşlıq anlayışı yaşlı və kiçik qardaş iyerarxiyası kimi qavranıldıqda, tərəflərdən birinin digərinə “məsləhət vermək” haqqı olduğu təəssüratı yaranır. Azərbaycan mediasında Türk Dövlətləri Təşkilatının Türkiyənin dominantlıq etdiyi blok deyil, bərabərlərin tərəfdaşlığı kimi fəaliyyət göstərməli olduğu barədə fikirlərin səslənməsi də məhz bu narahatlığı əks etdirir.

Bununla belə, institusional baxımdan münasibətlərin əsasları kifayət qədər möhkəmdir. Şuşa Bəyannaməsi münasibətləri müttəfiqlik səviyyəsinə qaldırıb, hərbi əməkdaşlıq müqavilə əsasında qurulub, enerji sahəsində isə qarşılıqlı asılılıq mövcuddur: Türkiyə Azərbaycan karbohidrogenlərinə, Azərbaycan isə Türkiyə üzərindən keçən ixrac marşrutlarına ehtiyac duyur. Bu reallıqlar fikir ayrılıqlarının strateji böhrana çevrilməsinin qarşısını alan əsas amillərdir. Problem ondadır ki, bu mexanizmlər əsasən təhlükəsizlik və iqtisadiyyatı əhatə edir, siyasi və ideoloji fərqlərin idarə olunması isə liderlərin şəxsi münasibətləri üzərində qalır.

Gələcəkdə fikir ayrılıqlarının münasibətlərə təsir etməməsi üçün bir neçə mexanizm vacib görünür. Birincisi, qarşılıqlı suverenliyə hörmət prinsipi ritorik deyil, praktik qayda kimi qəbul edilməlidir: dövlət rəsmiləri digər tərəfin daxili qərarlarına dair publik açıqlamalardan çəkinməli, narahatlıqlar isə ictimai müstəvidə deyil, beynəlxalq praktikaya uyğun olaraq diplomatik kanallarla ifadə olunmalıdır. İkincisi, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası kimi mövcud platformalar yalnız sazişlərin imzalandığı mərasimə deyil, fərqli mövqelərin vaxtında müzakirə olunduğu mexanizmə çevrilməlidir. Üçüncüsü, informasiya sahəsində koordinasiya zəruridir: hər iki ölkənin sosial şəbəkələrində yayılan dezinformasiya və emosional kampaniyalar rəsmi mövqe kimi qəbul olunmamalı, buna qarşı tərəflərin operativ reaksiya mexanizmi olmalıdır. Dördüncüsü, ictimai və media təmsilçilərinin, ekspert dairələrinin, o cümlədən dini qurumların qarşılıqlı dialoqu genişləndirilməlidir ki, cəmiyyətlər bir-birini sosial şəbəkə stereotipləri ilə deyil, real təmaslar əsasında tanısın. Beşincisi, İsrail, Ermənistan və ya regional layihələr kimi həssas məsələlərdə fərqli maraqların mövcudluğu açıq şəkildə qəbul edilməli, “fikir ayrılığı xəyanət deyil” prinsipi münasibətlərin siyasi mədəniyyətinə çevrilməlidir.

Beləliklə, Ərdoğanın Şuşa səfəri münasibətlərdəki gərginliyin dərinləşməsinin qarşısını aldı və müttəfiqlik çərçivəsinin sarsılmaz olduğunu bir daha nümayiş etdirdi. Lakin bu səfər soyuqluğun tam aradan qalxmasının deyil, onun idarə olunmasının başlanğıcıdır. Son aylar göstərdi ki, Azərbaycan-Türkiyə münasibətləri artıq yeni mərhələyə daxil olub: bu mərhələdə Bakı kiçik tərəfdaş kimi deyil, bərabər müttəfiq kimi qəbul edilmək istəyir. Münasibətlərin gələcək davamlılığı isə məhz rəsmi Ankaranın bu reallığı nə dərəcədə qəbul edəcəyindən və qardaşlıq ritorikasının bərabərhüquqlu tərəfdaşlıq praktikası ilə nə dərəcədə tamamlanacağından asılı olacaq”.

 

 

Gununsesi.info