Bayden HƏMAS-ı Putinə bənzətdi – ABŞ prezidentindən İsrail və Ukraynaya dəstək

  • Müəllif: admin
  • 20 Oktyabr 2023 09:13

ABŞ prezidenti Co Bayden, İsrail və Ukrayna da daxil olmaqla tərəfdaşları dəstəkləmək üçün Konqresə “təcili büdcə tələbi” göndərəcəyini söyləyib.

Gununsesi.info bildirir ki, müvafiq bəyanatı Ağ Ev rəhbəri xalqa müraciəti zamanı verib.

Amerika liderinin sözlərinə görə, onun sabah ABŞ Konqresindən tələb edəcəyi büdcə Vaşinqtonun İsrailin təhlükəsizliyinə sadiqliyini təsdiq edəcək.

“Bu, nəsillər boyu Amerikanın təhlükəsizliyinə dividendlər ödəyəcək ağıllı bir investisiyadır”, – deyə o bildirib.

Bayden qeyd edib ki, Konqresin maliyyələşdirmək üçün təklif etdiyi “təhlükəsizlik paketi” İsrailin hərbi üstünlüyünü gücləndirəcək.

“Biz təmin edəcəyik ki, bölgədəki digər düşmən qüvvələr İsrailin həmişəkindən daha güclü olduğunu görsünlər və bununla da münaqişənin yayılmasının qarşısını alacağıq”, – deyə Bayden bildirib.

Ağ Evin rəhbəri ABŞ-da mövcud fikir ayrılıqları ilə yanaşı, vaxtında yardımın vacibliyini qeyd edib.

“Biz HƏMAS kimi terrorçuların və ya Putin kimi diktatorların qalib gəlməsinə imkan verə bilmərik. Mən buna icazə verə bilmərəm”, – deyə Bayden vurğulayıb.

Qeyd olunur ki, ABŞ prezidenti Konqresdən 100 milyard dollarlıq büdcə istəyəcək.

Səid Əhmədli
Gununsesi.info