ABŞ-dan Ukraynaya sürpriz yardım paketi

  • By admin
  • 13 Mart 2024 08:54

ABŞ administrasiyası Ukraynaya 300 milyon dollarlıq təcili hərbi dəstək paketi göndərəcəyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Ağ Evdə keçirdiyi mətbuat konfransında Ukraynaya edəcəkləri yeni yardımın təfərrüatlarını açıqlayıb.

Sallivan bildirib ki, Pentaqonun Ukraynaya ayrılan büdcəsi tükəndiyi və bu ölkəyə dəstək üçün tələb olunan əlavə 60 milyard dollarlıq yardım ABŞ Konqresi tərəfindən hələ qəbul edilməmiş olsa da, Kiyevə təcili yardım göstərmək məcburiyyətindədirlər.

“Ukraynanın istifadə etmək üçün kifayət qədər silah-sursatı yoxdur. Bu, tarlada torpaq və insan itkisinə səbəb olur. Bu, ABŞ və NATO ittifaqına da strateji xərclər gətirir”, – deyə o bildirib.

Amerikalı müşavir bildirib ki, onların Ukraynaya göndərəcəkləri 300 milyon dollarlıq təcili hərbi yardım yalnız qısa müddətə Ukrayna ordusuna kömək edəcək, lakin uzun sürməyəcək, ona görə də Konqresdə gözlənilən əlavə büdcə qanun layihəsi mümkün qədər tez qəbul edilməlidir.

Bu yeni dəstək paketi ABŞ-ın Ukraynaya dəstək üçün ayrılan fondun tükəndiyi dekabrdan bəri Kiyevə göndərəcəyi ilk hərbi yardım olacaq.

 

Gununsesi.info